BİZNES

Mübahisələri harada həll etməli – məhkəmədə, yoxsa məhkəmədən kənar?
05 SENTYABR
386

Mübahisələri harada həll etməli – məhkəmədə, yoxsa məhkəmədən kənar?

2016-09-05 14:33:00

Sahibkarlıq subyektləri öz fəaliyyətləri dövründə müxtəlif subyektlərlə qarşılıqlı münasibətlərdən doğan münaqişəli situasiyalarla rastlaşırlar. Həmin münaqişəli situasiyalardan doğan fikir ayrılıqları və mübahisələri həll etmək üçün əksər hallarda sahibkarlar məhkəmələrə müraciət edirlər.

Təcrübə göstərir ki, mübahisələrin məhkəmə həlli heç də həmişə tərəflərin maraqlarına cavab vermir. Belə ki, mübahisənin məhkəmə həlli tərəflər arasında konsesnsusun əldə olunmasına yönəlmir, əksinə, tərəflər bir qayda olaraq, işgüzar münsibətləri kəsirlər. Bundan əlavə, mübahisənin məhkəmədə baxılması onun operativ həllinə heç də həmişə imkan yaratmır. Çünki qanunvericiliklə müəyyən olunmuş prosessual müddətlər mübahisənin həllinin xeyli uzanmasına gətirib çıxarır. Eyni zamanda, müdafiə prosesinə ixtisaslı hüquqşünasların cəlbi tərəflərə böyük maliyyə məsrəflərinə başa gəlir. Bu, xüsusilə əksər hallarda strukturunda ayrıca hüquq departamentləri olmayan kiçik və orta sahibkarlıq subyektləri üçün xarakterikdir.

Bir çox xarici ölkələrdə mübahisələrin daha səmərəli həlli məqsədilə mübahisələrin həllinin alternativ üsullarından istifadə olunur. Mübahisələrin məhkəmə həlli prosesində tərəflər bir qayda olaraq, qərar qəbulunda iştirak etmirlər və mübahisənin həlli üzrə əsas səlahiyyət məhkəməyə məxsusdur. Mübahisələrin həllinin alternativ üsulları isə nəzərdə tutur ki, mübahisənin həlli üçün tərəflər özləri səy göstərməlidirlər. Alternativ üsulun hər hansı birinin tətbiqi tərəflər arasında konsensusun əldə olunmasına yönəlir ki, bu da hər iki tərəfin maraqlarını nəzərə almağa imkan verir.

Prosedur növlərinin çoxluğuna baxmayaraq, xarici ölkələrin təcrübəsində mübahisələrin həllinin əsas alternativ formalarına bir qayda olaraq, danışıqları, vasitəçiliyi (mediasiya) və münsiflər məhkəməsini (arbitraj) aid edirlər.

Mübahisələrin alternativ həlli üsulları sırasında danışıqlar mühüm yer tutur. Danışıqlar (negotiation) mübahisənin kənar şəxslərin iştirakı olmadan bilavasitə tərəflərin özləri tərəfindən həlli formasıdır. Vasitəçilik (mediasiya) - mübahisənin tərəflərə razılıq əldə edilməsində kömək göstərən müstəqil və neytral vasitəçinin köməyi ilə yoluna qoyulmasıdır. Mediasiya mübahisələrin həllinin daha perspektivli alternativ üsulu sayılır. Mübahisələrin alternativ həlli növlərindən biri olan münsiflər məhkəməsi isə fikir ayrılıqlarının tərəflər üçün məcburi qərar çıxarmaq səlahiyyətinə malik neytral şəxsin – münsifin (və ya münsiflər qrupunun) köməyi ilə həllidir.

Mübahisələrin həllinin yuxarıda qeyd olunan alternativ üsullarının hansının tətbiqi daha çox mübahisənin xarakterindən, prosesin hansı mərhələdə olmasından, qanunvericiliyin tələbindən və tərəflərin istəyindən asılıdır. Danışıqlar mübahisənin kənar şəxslərin iştirakı olmadan bilavasitə tərəflərin özləri tərəfindən həlli forması olduğundan, bir qayda olaraq, ilk növbədə bu üsuldan istifadəyə təşəbbüs göstərilir. Hər hansı neytral vasitəçinin müdaxiləsinə ehtiyac olduqda isə, mübahisənin tərəflərə razılıq əldə edilməsində kömək göstərən müstəqil və neytral vasitəçinin köməyi ilə yoluna qoyulmasından – mediasiyadan istifadə olunur. Əgər tərəflər hesab etsələr ki, fikir ayrılıqlarının onlar üçün məcburi qərar çıxarmaq səlahiyyətinə malik neytral şəxsin – münsifin (və ya münsiflər qrupunun) köməyi ilə həlli daha məqsədəuyğundur, o zaman mübahisələrin alternativ həlli növlərindən biri olan münsiflər məhkəməsinə müraciətə üstünlük verirlər. Yuxarıda qeyd etdiyimiz kimi, məcburi prosedur kimi məhkəməyəqədər vasitəçilik tərəflərin razılaşması ilə də nəzərdə tutula bilər.

Təəssüf ki, Azərbaycanda mübahisələrin alternativ həlli üsullarının geniş tətbiqi təcrübəsi mövcud deyildir. Doğrudur, qanunvericilikdə bir sıra alternativ həll üsulları nəzərdə tutulub, lakin onlardan istifadə halları azdır. Belə ki, Əmək Məcəlləsində razılaşdırıcı komissiya,  vasitəçi,  əmək arbitrajı,  Mülki Məcəllədə barışıq, münsiflər məhkəməsi kimi üsullar təsbit olunsa da onlarda istifadə təcrübəsi azdır. Bunlardan əlavə apellyasiya şuraları kimi təssatların imkanlarından da yetərincə istifadə olunmur. Fikrimizcə, mübahisələrin alternativ həlli üsullarından geniş istifadə olunmaması bir sıra səbəblərlə bağlıdır. Bura mübahisələrin alternativ həll üsullarının tətbiqini təmin edən zəruri hüquqi mexanizmlərin yoxluğu, mübahisələrin alternativ həlli ilə bağlı ənənənin formalaşmaması, mübahisələrin həllinin alternativ üsullarının mahiyyəti və əhəmiyyəti haqqında sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsinin yetərli olmaması, sahibkarlıq münasibətlərinin inkişafına mane olan halların (bürokratik əngəllər, inhisarçılıq və s.) tam aradan qalxmaması kimi səbəbləri aid etmk olar. Bu səbəblərin aradan qaldırılması üçün bir sıra zəruri addımların atılmasına ehtiyac var.

Birincisi, hesab edirik ki, “Münsiflər məhkəməsi haqqında” qanunun qəbul edilməlidir. Çünki mübahisələrin münsiflər məhkəməsi vasitəsilə həllinin mümkünlüyü qanunvericilikdə nəzərdə tutulsa da, ondan təcrübədə istifadə olunmur. Bunun əsas səbəblərindən biri də münsiflər məhkəməsi ilə bağlı reqlamentləşdirici hər hansı sənədin olmamasıdır. Bu baxımdan münsiflər məhkəməsinin təşkili və fəaliyyət qaydasını tənzimləyən qanunun qəbuluna ehtiyac var. Qeyd edək ki, belə qanunlar postsovet məkanına daxil olan ölkələrin bir çoxunda (Ukrayna, Rusiya Federasiyası, Qazaxstan, Belarus, Qırğızıstan və s.) mövcuddur.

İkincisi, “Mediasiya haqqında” Qanunun qəbul edilməsinə ehtiyac var. Təcrübə göstərir ki, bizdə sahibkarlıq subyektlərinin tərəf olduqları mübahisələrin yaranmış münaqişədə marağı olmayan, qərəzsiz və neytral üçüncü tərəfin iştirakı ilə həllinə kifayət qədər təşəbbüs göstərilmir. Bunun əsas səbəblərindən biri mübahisələrin alternativ həll üsulları ilə bağlı məlumatsızlıqdırsa, digər mühüm səbəb isə həmin üsulların, xüsusilə də mediasiya prosedurunun həyata keşirilməsi qaydalarını tənzimləyən normativ sənədin olmamasıdır. Artıq bir sıra dövlətlərdə mediasiya haqqında qanunlar qəbul edilib və uğurla tətbiq olunmaqdadır. Son illərin tendensiyası onu göstərir ki, mübahisələrin neytral vasitəçinin köməyi ilə həllinə daha çox üstünlük verilməkdədir. Azərbaycanda da mediasiya prosedurunun hüquqi tənzimlənməsi məqsədilə mediasiya haqqında qanunun qəbuluna ehtiyac var.

Üçüncüsü, mediatorların hazırlığı istiqamətində xüsusi proqramlar hazırlanmalı və həyata keçirilməlidir. Mediasiya haqqında qanunun qəbulu ilə yanaşı mediatorların hazırlığı da xüsusi əhəmiyyət kəsb edir. Çünki uğurlu vasitəçilik üçün mediatorların xüsusi bacarıqlara malik olması zəruridir.

Dördüncüsü, mübahisələrin alternativ həlli üsulları ilə bağlı maarifləndirmə işi genişləndirilməlidirÇünki mübahisələrin həllinin alternativ üsulları ilə bağlı sahibkarlıq subyektlərinin məlumatlılığı yetərli deyil. Mübahisələrin həllinin alternativ üsullarına az müraciət edilməsinin əsas səbəblərindən biri budur. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsi aşağıdır. Bu problemin həlli üçün Sahibkarlığa Kömək Milli Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və digər qurumların əməkdaşlığı çərçivəsində maarifləndirmə proqramlarının hazırlanması və həyata keçirilməsi məqsədəuyğun olardı.  

Sonda onu da qeyd edək ki, mübahisələrin həllinin alternativ üsullarından istifadə məhkəmələrin iş yükününün azaldılmasına da əhəmiyyətli təsir göstərə bilər. Hazırda məhkəmələrin iş yükü həddindən artıq ağırdır, bu isə məhkəmə araşdırmasının keyfiyyətinə öz mənfi təsirini göstərməkdədir.

Abil Bayramov,
Hüquqşünas-ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272