BİZNES

İnternetlə satılan mallar bahalaşacaq
02 SENTYABR
462

İnternetlə satılan mallar bahalaşacaq

2016-09-02 11:53:00

Elektron ticarətə və internet resursları vasitəsilə göstərilən pullu xidmətlərə vergi nəzarəti gücləndirilir. Vergilər Nazirliyindən fins.az-a verilən xəbərə görə, ilk növbədə, ölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınacaq.

Bildirilib ki, həmin resursların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi də təmin olunmalıdır. Eyni zamanda, bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanında uçotunun yoxlanılması həyata keçiriləcək. 

“Azərbaycanda internet istifadəçilərinin sayının artması, nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlər, internet vasitəsilə  alış-veriş edən əhalinin sayının gündən-günə çoxalması ölkəmizdə elektron ticarətin vergiyə cəlb olunması üçün böyük potensial olduğunu göstərir. Xərclər aşağı olduğundan elektron ticarət məhsulların daha ucuz qiymətə təklif olunması ilə səciyyələnir”. 

Elektron ticarət genişlənib 

Elektron ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin uçotu istehlakçıların hüquqlarının qorunmasına da  kömək edəcək. Bəzi hallarda istehlakçıların elektron ticarət şəbəkələrindən mal alarkən hüquqları pozulur. Bu, vergi ödəyicilərinin uçota alınması elektron ticarət sahəsində satıcı və alıcı arasındakı münasibətlərin tənzimlənməsinə şərait yaradacaq. 

Xatırladaq ki,  Azərbaycanda elektron ticarət 2008-ci ildən formalaşmağa başlayıb. Həmin vaxt «SilverKey Azərbaycan» şirkəti ilk dəfə olaraq «VISA» və «MasterCard» vasitəsilə xüsusi lisenziya alıb. Eyni zamanda

«Elektron sənəd, elektron imza haqqında», «Elektron ticarət haqqında» qanunlar qəbul edilib, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəalar daxil edilib. Elektron ticarətə vergi nəzarəti isə “Vergi Məcəlləsi” ilə müəyyən olunan ümumi qaydada aparılır.

“Elektron pullara” vergi nəzarəti çətindir 

Qeyd edək ki, elektron ticarətdə "elektron pulların" tətbiqi bu sahəyə vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir. Bundan başqa, belə əməliyyatların transmilli olması vergi nəzarəti üçün əlavə problemlər yaradır. Təcrübə göstərir ki, bir çox hallarda e-ticarət əməliyyatları həyata keçirən şəxsin, yəni satıcının bir dövlətin, alıcının isə digər dövlətin rezidenti olması, serverin isə tamamilə başqa dövlətdə yerləşməsi vergi orqanlarının üzləşdiyi əsas problemlərdəndir. 

Vergilər Nazirliyinin mütəxəssisləri elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli mexanizminin yaradılması üçün qanunvericiliyin və informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində ciddi işlər aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272