BİZNES

Kiçik və orta biznes səhm bazarına niyə cəlb olunmur?
01 SENTYABR
412

Kiçik və orta biznes səhm bazarına niyə cəlb olunmur?

2016-09-01 17:29:00
İki il əvəl Azərbaycanda kiçik biznesin pərakəndə ticarət dövriyyəsi  828,4 milyon manat olub. Dövlət Statisktika Komitəsi 2010-cu illə müqayisədə, dövriyyənin 250 milyon manatdan çox artdığını bildirir. 
 
Ölkədə qeydiyyata alınan 187 mindən kiçik sahibkarlıq subyektində yüksək faizlə seçilən fəaliyyət dairəsi topdan və pərakəndə ticarəti, avtomobillərin və motosikletlərin təmiri olub. Demək olar ki, bu fəaliyyət dairəsi iqtisadiyyatın yarısını təşkil edib. Hərçənd, əvvəlki illərlə müqayisədə bu sektorun payı azalma dinamikası üzrə hərəkət edib. 
 
Kiçik biznesin sərmayəsi isə 2014-cü il üçün 740 min manatı ötüb. 2013-cü illə müqayisədə sərmayə artım dinamikası ilə  ölçülür.
 
Dövlət Statistika Komitəsinin rəqəmlərində  kiçik sahibkarlıq biznesinin inkişaf (və ya zəifləmə), dövriyyəsi, ÜDM-da payı, regionlar üzrə mənzərəsi və s. haqqında görmək olar. Ancaq kiçik və orta biznesin qiymətli kağızlar bazarında iştirakına dair statistika yoxdur, çünki bu sektor sadəcə, bu bazarda iştirak eləmir. 
 
Bəs Azərbaycanda kiçik və orta biznes səhm bazarına niyə cəlb olunmur?
 
Səhm məsələləri üzrə ekspert Hafiz Babalı deyir ki, əslində Maliyyə Bazarlarına Nəzarət Palatası bu sektoru qiymətli kağızlar bazarına cəlb etmək üçün təşviqat, tələbin stimullaşdırılması, təklifin yaradılması ilə bağlı iş aparmalıdırlar: “Bu onların birbaşa vəzifəsidir ki, bazarda maliyyə alətlərinin çeşidi artsın və nəticədə banklara əmanət, daşınmaz əmlaka inevstisiya qoymaqdansa, qiymətli kağızlara maraq oyansın. Bu da öz növbəsində xarici investorları  özünə cəlb etsin ki, bu sahədə rəqabətlilik, bunun nəticəsində orta təbəqə yaransın. O orta təbəqə ki, artıq öz sərmayəsi ilə biznesini inkişaf etdirə bilsin”. 
 
“Özlərini səhmdar kimi yox, yiyə kimi apardılar”
 
Hafiz Babalı xatırladır ki, 1996-cı ildə özəlləşdirmə prosesi başlayanda ümidlər böyük idi, ancaq səhmdarlar bazar iştirakçısı ola bilmədi. Ekspert bunun səbəbini prosesin idarəedilməsi cəhdləri ilə izah edir. Onun sözlərinə görə, xüsusilə orta biznesdə səhmlərin böyük hissəsi bir-iki nəfərin əlinə keçdi və həmin şəxslər də özlərini səhmdar kimi yox, onun yiyəsi kimi aparmağa başladılar. Bu isə səhmdarlıq prinsiplərinə zidd idi: “Onlar qiymətli kağızlarla müəssisəni canlandırma imkanlarını dərk eləmədilər. Bu barədə nə dövlət, nə də şəxsi səviyyədə maarifləndirmə işi aparılı. Düzdür, konfranslar, seminarlar keçirildi, amma  bu, adda-buddaydı, pərakəndəydi və hədəfə yönəlik deyildi”.
“Təcrübə yox dərəcəsindədir”
 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində hazırlanan tədqiqatda isə ölkə kiçik və orta biznesinin bir çox halda sərmayə mənbəsinin bank kreditləri olduğu göstərilir: “Azərbaycanda qiymətli kağızlar bazarından maliyyə cəlb etmək təcrübəsi isə müəssisələrdə, xüsusilə də kiçik və orta müəssisələrdə yox dərəcəsindədir”, tədqiqat müəllifləri vurğulayır. 
 
Tədqiqatda kiçik və orta biznesin kreditə əlçatanlığının zəif olduğu faktlarla göstərilib və həm bunun, həm də “qiymətıi kağızlar vasitəsilə maliyyə cəlb edilməsi təcrübəsinin zəif yayılmasının səbəbləri araşdırılıb. Tədqiqat müəllifləri hesab edirlər ki, kiçik və orta sahibkarların şəffaflıqda və hesabatlılıqda maraqlı olmamaları onların maliyyə bazarına əsaslanan mənbələrdən yararlanmaq imkanını məhdudlaşdırır. 
 
Kiçik və orta biznesin töhfəsi: bizdə və onlarda
 
Sözügedən tədqiqatda vurğulanır ki, əslində, inkişaf etmiş ölkələrdə  kiçik və orta biznesin ÜmumDaxil Məhsulu formalaşdırmasında əsaslı rolu var, Azərbaycanda isə bu sektor ölkə iqtisadiyyatına çox cüzi töhfə verir: ““Azərbaycanda ÜDM-in formalasından kiçik və orta biznesin payı 1,7 faiz, yaradılan iş yerlərində payı isə 6 faizə yaxındır. Halbuki inkişaf etmiş ölkələrdə ÜDM-in 50-70 faizi məhz kiçik və orta müəssisələr tərəfindən formalaşır. Avropa Birliyi ölkələrində iş yerlərinin 60 faizindən çoxu kiçik və orta biznes tərəfindən yaradılır.  Şərq Tərəfdaşlığıa daxil olan ölkələrdə istər ÜDM-in, istərsə də işsizliyin aradan qaldırılmasında kiçik və orta bizneslər əhəmiyyətli rol oynayırlar”. 
 
Maliyyə əlçatanlığı artırılmalıdır
 
İqtisadçı Samir Əliyev hesab edir ki, Azərbaycanda kiçik və orta biznesin inkişafı və ölkə iqtisadiyyatında əsaslı rol oynaması üçün onun maliyyə mənbələrinə əlçatanlığını artırmaq lazımdır. Bu sektorun kredit əldə etməsi şərtlərinin yumşaldılmasını, imkanların genişləndirilməsinin vacibliyini vurğulayan ekspert onu da bildirir ki, alternativ mənbələri də inkişaf etdirmək lazımdır: “Azərbaycanda kiçik və orta biznesin  kredit resurslarına alternativ olan və dünyada geniş yayılan qiymətli kağızlar (səhm və istiqraz) buraxılışı vasitəsiə maliyyə vəsaiti cəlb etmək təcrübəsi azdır. Bu mənbələrdən bir qayda olaraq iri şirkətlər yararlanır”.
 
Ancaq ekspert onu da əlavə edir ki, hazırki şəraitdə kiçik və orta biznesin özü səhmdar cəmiyyətə çevrilə bilməsə də, əgər qiymətl kağızlar bazarı inkişaf etsəydi, ən azı bu sektor üçün maliyyə mənbələrindən biri olardı: “Məsələn, veksel -qiymətli kağız növü olub onun sahibinə müəyyən məbləğdə pul vəsait almağa hüquq verən yazılı pul öhdəliyidir. Vəsaitin alınması hüququ digər şəxslərə də keçə bilər. Qeyri-investisiya qiymətli kağızların növü kimi veksellər istifadəsi üçün hüquqi baza rolunu Mülki Məcəllə oynayır. Bu qiymətli kağız növü Azərbaycanda çox da inkişaf etməyib və əsasən tikinti şirkətlərin maliyyə mənbələrindən birini təşkil edir. Veksel dövriyyəsinin həcminin hər il artmasına rəğmən bazarın həcmi hələ ki, çox kiçikdir”. 
 
“İri holdinqlər belə səhmləşməlidir”
 
Səhm məsələləri üzrə ekspert Hafiz Babalı da deyir ki, ölkə iqtisadiyyatında yaranmış böhrandan çıxış yollarından biri iri, məhdud məsuliyyətli cəmiyyətlərin səhmdara çevrilməsidir. Onun fikrincə, bu, həm də kiçik və orta biznesi qiymətli kağızlar bazarına cəlb edər: “Azərbaycanda iri holdinqlər var ki, məhdud məsuliyyətli cəmiyyətlərdir. Əslində, onlar ölkə iqtisadiyyatı üçün böyük risk sayılırlar. Onların səhmdar cəmiyyətə çevrilmələri artıq bir zərurətdir.  Yerli investorlarla yanaşı bu, xarici sərmayəçiləri də cəlb edə bilər və bu şirkətlərin səhmlərini almaq istəyərlər”. 
 
İqtisadçı Samir Əliyev də əlavə edir ki, inkişaf etmiş bazar münasibətləri modeli üçün şaxələnmiş maliyyə sektoru və xüsusən də, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının mövcudluğu zəruridir: “Çünki büdcədən maliyyələşmə və kredit vəsaitləri hesabına maliyyələşmə mənbələri ilə bərabər daha ucuz, inflyasiya yaratmayan və uzunmüddətli mənbə kimi yığımların birbaşa investisiyalara transformasiyasını təmin edən kapitallaşma mexanizmləri daha da inkişaf etdirilməli və təkmilləşdirilməlidir”.
 
Samir Əliyevin fikrincə, hökumət Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və kiçik və orta biznesin bazara çıxışını stimullaşdırmaq üçün qanunvericilik bazasını təkmilləşdirməlidir. Bundan başqa, o təklif edir ki, bu sektorun xarici maliyyə bazarlarına çıxışını təmin etmək üçün yerli qiymətli kağızların xarici fond bazarlarında ticarətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılsın və müvafiq ticarət sistemi tətbiq edilsin.
 
ƏLAVƏLƏR
 
“Doing Business” hesabatı
 
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə hazırladıqları və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business" hesabatında da Azərbaycanda sahibkarların kreditə əlçatanlığı göstəricisinin nisbətən zəif olduğu göstərilir.  
Doing Business hesabatı hər il tərtib edilir və sahibkarlıq fəaliyyətinin əlverişliyini qiymətləndirməyə imkan verən 10 əsas indikatora söykənir. Bu indikatorlardan biri də kreditin əldə edilməsinin asanlığını ölçən “kreditin əldə edilməsi” indikatorudur.
"Doing Business 2015" hesabatında Azərbaycan kreditin əldə edilməsinin asanlılıq səviyyəsinə görə, 189 ölkə arasında 104-cü yerdə qərarlaşıb. Ümumilikdə götürdükdə son 5 ildə ölkəmizdə kreditlərin əldə edilməsi səviyyəsi getdikcə pisləşib. 2010-cu ildə Azərbaycan 183 ölkə arasında 15-ci yerdə idisə, sonrakı illərdə bu mövqe pisləşərək 2011-ci ildə 46-cı, 2012-ci ildə 48-ci, 2013-cü ildə 53-cü, 2014-cü ildə 99-cu pilləyə düşüb. Azərbaycan keçmiş SSRİ ölkələri arasında ancaq Tacikistanı qabaqlayır, Belorus və Özbəkistanla eyni səviyyədədir . (Cədvəl 1)
Hesabata görə, qonşu ölkələr arasında ən yaxşı göstərici Gürcüstanda qeydə alınıb. Gürcüstan 2010-cu ildəki 30-cu pillədən 2015-ci ildəki 7-ci pilləyə qədər yüksəlib. Son illər yaxşılaşma dinamikası Moldova və Tacikistanda müşahidə edilib. 
Cədvəl 1
Keçmiş SSRİ ölkələrinin “Doing Business”
hesabatında mövqeyi (2010-2015)
 
Mənbə: Doing Business Reports 2010-2015 www.doingbusiness.org 
 
 
“Biznesə başlama” tədqiqatı çərçivəsində kreditlərin alınması əsasən 2 qrup göstəricilər vasitəsilə müəyyənləşdirilir. Birinci qrupdakı göstəricilər girov təminatı və müflisləşmə (iflas) haqqında qanunlar çərçivəsində borcların verilməsini asanlaşdıran müəyyən imkanlarıın mövcudluğunu ölçür.  İkinci qrup göstəricilər dövlət kredit reyestri və ya özəl kredit büroları vasitəsilə kredit məlumatlarına çıxışı, onun həcmini, əhatə dairəsini qiymətləndirir. 
 
Cədvəl 2
2014-cü ildə krediti əldəetmənin asanlığı imkanlarınnı qiymətləndirilməsi
Mənbə: Doing Business Reports 2014 www.doingbusiness.org 
 
"Doing Business 2014" hesabatına görə, Azərbaycan Qanuni hüquqların işləmə indeksi üzrə 10 mümkün baldan 6, kredit məlumatlarının dərinliyi İndeksi üzrə isə 6 mümkün baldan 5 bal toplayıb. Bu göstəriciyə görə, ölkəmiz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİN), Avropa və Mərkəzi Asiya ölkələrinin səviyyəsinə uyğundur. Dövlət kredit reyestrində qeydiyyatda olan əhalinin sayı göstərici üzrə adıçəkilən ölkələrdən xeyli geri qalır. Azərbaycanda özəl kredit bürolarının olmaması da ölkənin krediti əldəetmə indeksi üzrə mövqeyini əhəmiyyətli dərəcədə pisləşdirir. (Cədvəl 2)
Kreditorlara kreditin vaxtında ödənilməsi zəmanəti lazımdır. Potensial borcalan barədə məlumat və kreditorların hüquqlarının etibarlı müdafiəsi bu zəmanətin təminatında əsas rolu oynayır.  Zəmanəti təmin edən təsisatlar isə universal deyil. "Doing Business 2014" hesabatına görə, 189 ölkənin 35-də borcalan haqqında məlumat verən kredit bürosu və ya reyestri mövcud deyil. 124 ölkədə isə daşınar əmlakın yüklülüyüyünü müəyyənləşdirməyə imkan verən müasir girov reyestri yaradılmayıb. Bütün cəhdlərə rəğmən müəssisə ödəmə qabiliyyətini itirirsə, kreditorlar tərəfindən onun əmlakını almağa imkan verən institutlar olmalıdır. Hesabata görə, dünya üzrə kreditorlar müflisləşmə hallarında borcun ilkin dəyərinin orta hesabla ən çoxu 35%-ni götürürlər .  
 
Kreditin əldə edilməsi şərtlərinin əlverişliyi həddi üzrə reytinq özündə 2 indeksi kredit qabiliyyəti haqda məlumatlarla əhatə səviyyəsi indeksi və qanuni hüquqların işləmə indeksi əks etdirir.
 
Qanuni hüquqların işləmə indeksi - girov təminatı və müflisləşmə (iflas) haqqında qanunların borcluların  və kreditorların hüquqlarını hansı səviyyədə müdafiə etdiyini və bununla da kreditləşməni təmin etdiyini ölçür. İndeks girov təminatı haqqında qanunvericilikdə nəzərdə tutulan qanuni hüquqlarla əlaqəli 8 aspekti və müflisləşmə haqqında qanuna aid 2 aspekti əhatə edir. 
 
-istənilən müəssisə daşınar aktivlərini girov təminatı qismində istifadə edə bilər və bununla da aktivlər üzərində sahiblik hüququnu saxlayır. İstənilən maliyyə müəssisəsi belə aktivləri girov təminatı qismində qəbul edir. 
-Qanun müsəssisəyə girov təminatının konkret təsvirini tələb etmədən daşınar aktivlərin (debitor borc və ya maddi dövriyyə vəsaitlərinin ehtiyatları) ayrı-ayrı kateqoriyalarına qeyri-sahiblik girov hüququnu təqdim etməyə icazə verir
-Qanun müsəssisəyə girov təminatının konkret təsvirini tələb etmədən bütün daşınar aktivlərə qeyri-sahiblik girov hüququnu təqdim etməyə icazə verir
-Girov hüququ gələcəyə və ya aktivlərin nəticəsi olaraq əldə edilmişlərə tətbiq edilə bilər və ilkin aktivlərdən istifadə nəticəsində əldə edilmiş məhsullara, bu aktivlərdən daxilolmalara və ya onların əvəzediciləri aid ola bilər
-Girov haqqında razılaşmada və qeydiyyat sənədlərində borcların və öhdəliklərin ümumi təsvirinə imkan verilir: tərəflər arasında öhdəliklərin və borcların bütün növləri girovla təmin edilə bilər, girov haqqında müqavilə isə aktivlərə münasibətdə yüklənmənin maksimal məbləği barədə göstəriş nəzərdə tuta bilər.  
-Ölkədə aktvlərin növləri üzrə və coğrafi olaraq birləşmiş girov reyestri və ya girov təminatının qeydiyyatı institutu fəaliyyət göstərir, məlumatların elektron bazası borcalanların adları üzrə sistemləşdirilir.
-Borclunun müflisləşməsi nəticəsində iflas proseduru çərçivəsində təminatlı kreditorlara ödənişlər ilk növbədə (məsələn, ümumi vergi tələbləri və işçilərin tələbləri təmin edilməmiş) həyata keçirilir. 
-Şirkətin ləğvi nəticəsində təminatlı kreditorlara ödənişlər ilk növbədə (məsələn, ümumi vergi tələbləri və işçilərin tələbləri təmin edilməmiş) həyata keçirilir. 
-Borcluya münasibətdə məhkəmə nəzarəti altında yenidəntəşkil proseduru aşlayanda təminatlı kreditorlara fəaliyyətin avtomatik dayandırılması və ya hüquqi tətbiq proseduruna moratoriya şamil edilmir
-Qanun tərəflərə girov barədə razılığa gəlməyə icazə verir. Bu razılığa əsasən kreditor öz girov hüququnu məhkəmədənkənar qaydada icbari həyata keçirtmək hüququna malikdir
 
Aspektlərin hər biri 1 balla qiymətləndirilir. İndeks üzrə ən aşağı qiymət 0, ən yüksək qiymət isə 10 baldır.
 
Kredit qabiliyyəti haqda məlumatlarla əhatə səviyyəsi indeksi – dövlət kredit reyestri və ya özəl kredit büroları vasitəsilə əldə edilən kredit məlumatlarına çıxış, onun həcmi və əhatə dairəsinə münasibətdə qaydaları və təcrübələri qiymətləndirir. Qiymətləndirmə aşağıdakı 6 meyar üzrə aparılır. 
 
-məlumatlar həm şirkətlər, həm də fiziki şəxslər üzrə bölüşdürülür;
-həm müsbət (məsələn, kreditlərin ödənilməyən hissəsi və ödənişin qrafiki), həm də mənfi (məsələn, vaxtıkeçmiş ödənişlər, defoltların və iflasların sayı və məbləği) kredit məlumatları bölüşdürülür;
-maliyyə müəssisələrinin məlumatlarından savayı pərakəndə ticarət və kommunal xidmət müəssisələrindan əldə edilmiş məlumatlar bölüşdürülür;
-2 ildən çox müddətə olan retrospektiv məlumatlar bölüşdürülür;
-Adambaşına düşən gəlirlərin ən azı 1%-ni təşkil edən məbləğdə kreditlər barədə məlumatların bölüşdürülür;
-Qanuna görə, borclular ölkədəki kredit büroları və ya reyestrində mövcud olan özləri haqqında məlumata çıxış hüququna malikdirlər
 
Bu meyarların hər biri 1 balla qiymətləndirilir. İndeks üzrə ən aşağı qiymət 0, ən yüksək qiymət isə 6 baldır.  
Məsələn, Litvada həm kredit bürosu, həm də dövlət kredit reyestri fəaliyyət göstərir. Hər iki qurum yuxarıda sadalanan meyarlar üzrə məlumatlar bölüşür. Ancaq, kredit bürosundan fərqli olaraq dövlət kredit reyestri pərakəndə ticarət və kommunal xidmət müəssisələrindan əldə edilmiş məlumatları paylamır. Bundan başqa Reyestrdə yığılmış kredit məlumatlarının ən aşağı həddi 1000 litdir. Halbuki büroda belə bir hədd yoxdur. 
Dövlət kredit reyestrinin əhatə səviyyəsi. Dövlət kredit reyestrinin əhatə səviyyəsi fiziki şəxslərin və şirkətlərin sayını, son 5 ildə dövlət kredit reyestrində saxlanılmış borclanma barədə məlumatları nəzərdə tutur. Bu say yaşlı əhalinin nisbəti ilə (Dünya Bankının “Dünyanın İnkişaf Göstəriciləri” adlı dərgisinə əsasən 2012-ci ildə bu yaş həddi 15 yaş və daha yuxarı olub) ifadə olunur. Dövlət kredit reyestri dedikdə, dövlət sektoru tərəfindən aparılan məlumat bazası başa düşülür. Maliyyə sistemində borcalanların kredit qabiliyyəti barədə məlumatlar adətən mərkəzi banklar və ya bank departamentləri tərəfindən toplanır və banklar və maliyyə qurumları arasında kredit məlumatlarının mübadiləsi aparılır. Dövlət kredit reyestri olmadıqda əhatə göstəricisi 0% təşkil edir.
 
Kredit məlumatlarının özəl bürosunun əhatə səviyyəsi. Kredit məlumatlarının özəl bürosunun əhatə səviyyəsi fiziki şəxslərin və şirkətlərin sayını, son 5 ildə kredit məlumatlarının özəl bürosunda saxlanılmış borclanma barədə məlumatları nəzərdə tutur. Bu say yaşlı əhalinin nisbəti ilə (Dünya Bankının “Dünyanın İnkişaf Göstəriciləri” adlı dərgisinə əsasən 2012-ci ildə bu yaş həddi 15 yaş və daha yuxarı olub) ifadə olunur. Kredit məlumatlarının özəl bürosu dedikdə, maliyyə sistemində borcalanların kredit qabiliyyəti barədə məlumatların bazası yaradan, banklar və maliyyə qurumları arasında kredit məlumatlarının mübadiləsini aparan özəl şirkət və ya qeyri-kommersiya təşkilatı başa düşülür. Özəl bürolar olmadıqda əhatə göstəricisi 0% təşkil edir.
Mənbə: Bizimyol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275