BİZNES

Yeni assosiasiya yaradıldı – AÇIQLAMA
16 AVQUST
439

Yeni assosiasiya yaradıldı – AÇIQLAMA

2016-08-16 14:27:00

Qabaqcıl meyvə və tərəvəz istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” təsis olunub.

Bununla bağlı Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən tədbirdə ölkənin bütün iqtisadi rayonlarını təmsil edən 100-ə yaxın meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasının, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsinin, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılmasının, investisiyanın təşviqi sənədinin verilməsinin və digər tədbirlərin özəl sektorun inkişafında xüsusi rol oynadığını qeyd edib. Bildirilib ki, meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək məqsədilə yaradılan assosiasiyanın fəaliyyəti meyvə-tərəvəz istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcəkdir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib. Konfederasiyanın yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.

İştirakçıların təklifi əsasında assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, qurumun nizamnaməsi təsdiq olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. “Zirə” İstixana Kompleksinin rəhbəri Bəşir Quliyev “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri seçilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274