BİZNES

“İşləməmək, pul qazanmamaq ayıbdır” – UĞUR HEKAYƏSİ
03 İYUL
472

“İşləməmək, pul qazanmamaq ayıbdır” – UĞUR HEKAYƏSİ

2016-07-03 22:50:00

Çox çalışmaq və şəbəkələşmək, əlaqələrindən yaxşı mənada istifadə etmək, kimdənsə xahiş etməyə utanmamaq, təmənnasız yaxşılıq etmək... Həmsöhbətimizin uğur sirri yuxarıda sadaladıqlarımızdır. Gənclərə tövsiyə edir ki, heç vaxt heç kimə pislik etməsinlər. Çünki dünya da, Azərbaycan da balacadır və etdikləri pislik 10 il keçsə belə, hərlənib-fırlanıb özlərinə qayıdacaq. Müsahibimiz Synergy Sportun direkroru Əhəd Kazımovdur. 
 
- Deyəsən, orta məktəbdə fəal şagird olmusunuz?
- 160 saylı məktəbdə təhsil almışam. Məktəbimizin Şən və Hazırcavablar Klubunda iştirak edirdim. Murad Dadaşov sinif yoldaşım idi, biz birgə məktəbin ŞHK komandasında idik. Hətta Bakı şəhəri üzrə bizim məktəb üçüncü yeri qazanmışdı. Məktəblər üzrə keçirilən idman yarışlarında, olimpiadalarda, tədbirlərdə iştirak edirdim. Amma əlaçı olmamışam. Humanitar fənlərə daha çox marağım olub. Cəbr, həndəsə, riyaziyyatdan isə əfsuslar olsun ki, "3” alırdım. Buna görə 10-cu sinifdə qərara gəldim ki, ali təhsilimi humanitar sahə üzrə davam etdirim. Beləliklə, sənədlərimi psixologiyaya verdim. 
 
- Psixologiyaya maraq haradan yarandı?

- Doğrusu, ali məktəb imtahanlarına 3 ay qalmışa qədər Neft Akademiyasına hazırlaşırdım. Çünki babam professor Həmid Həmidzadə texniki elmlər doktoru idi və Neft Akademiyasında dərs deyirdi. Anam, atam, dayım və digər qohumlarım da sözügedən ali təhsil ocağında təhsil almışdı. Buna görə onların yolunu davam etdirmək istədim və riyaziyyatdan, coğrafiyadan hazırlaşmağa başladım. Amma imtahanlara 3 ay qalmış fikrimi dəyişdim. Əvvəlcədən də sevdiyim sənətin – psixologiyanın arxasınca getməyə qərar verdim. Mənim üçün həmişə insanlarla ünsiyyət maraqlı idi. Hələ orta məktəbdə sinfimizdə kiminsə işi alınmayanda, stressə düşəndə çalışırdım ki, onunla danışım, məsləhətlər verim. 
Bakı Dövlət Universitetində Psixologiya və sosiologiya ixtisası üzrə bakalavr təhsili alandan sonra magistratura pilləsində təhsilimi davam etdirdim. Hətta 3 il aspiranturada oxudum, amma sona kimi gedib müdafiə etmədim, işim yarımçıq qaldı. Aspiranturada oxuyanda 23 yaşım var idi, hələ elmi iş yazmağa hazır deyildim. Fikirləşdim ki, mənə dərs deyən müəllimlərim də elmlər namizədidir və əgər 25-26 yaşımda elmlər namizədi olmağım, bu dərəcəni almağım düzgün deyil. Buna görə indi azacıq da olsa, peşmanam. Əgər müdafiə etsəydim, bəzi qapılar üzümə açıq olardı. 

 
 
 

- Azərbaycanda bu qədər oxuyandan sonra Amerikada təhsil almaq ehtiyacı haradan yarandı?
- Mən universiteti bitirəndə Azərbaycanda indiki kimi çoxlu şirkətlər, holdinqlər fəaliyyət göstərmirdi. Bu səbəbdən rəqabət güclü idi. Əgər sən yaxşı şirkətdə işə düzəlmək istəyirdinsə, mütləq ya xaricdə oxumalı idin, ya da yaxşı tanışların, kontaktların olmalı idi. Mənim yaxşı tanışlarım olmadığından xaricdə təhsil almağa qərar verdim. Amma bunun üçün təqaüd qazanmalı idim, çünki ailəmin mənim təhsil haqqımı qarşılamağa maliyyə imkanı yox idi. Birinci il təqaüd proqramını qazana bilməsəm də, ikinci il qazandım və İndiana Universitetində təhsil aldım. Qeyd edim ki, bu universitet son reytinqə görə dövlət idarəçiliyi və qeyri-hökumət təşkilatları üzrə Amerikada birinci yer tutur. 
 
- Adətən xaricdə, xüsusilə Amerikada təhsil alan azərbaycanlılar vətənə böyük iddialarla qayıdırlar. Siz hansı iddialarla qayıtdınız? 

- Sosial sahədə işləmək istəyirdim. Çünki Amerikada oxuduğum iki il ərzində müxtəlif sosial aksiyalarda, kampaniyalarda iştirak etmişdim. Ümumiyyətlə, Amerikada tələbələr arasında fəallıq çoxdur. Məsələn, orada qaçqınlarla, kimsəsiz uşaqlarla işləyə bilərsən. Mən 3 ay küçədə yaşayanlar üçün pulsuz yeməklər payladım. Orada insanların bir-birlərinə nə qədər kömək etmək istədiklərini gördüm. Bundan başqa, tələbələr oxuduqları kitabları yığıb ehtiyacı olan ölkələrə göndərirdilər. Mən də təşəbbüs göstərdim və Azərbaycan tələbələri üçün ingilis dilində dövlət idarəçiliyi, sosiologiya, humanitar fənlərə aid kitabları yığıb göndərdim. Bu kitablardan qeyri-hökumət təşkilatlarına da payladıq. 
Amerikada oxuyanda mən maraqlı bir sahə ilə - korporativ sosial məsuliyyət (KSM) ilə tanış oldum. O zaman bu sahə Azərbaycanda tanınmırdı. Amerikada isə şirkətlər biznes fəaliyyətindən qazandıqları pulun bir hissəsini cəmiyyətə qaytarırdılar. 

- Azərbaycanda bu bilikləri necə tətbiq etdiniz?

- Mən qayıdandan sonra Avrasiya Əməkdaşlıq Fondunda proqram meneceri işlədim və Azərbaycan şirkətləri üçün korporativ sosial məsuliyyət mövzusunda təlimlər keçdik. Xaricdən tanınmış spikerlər, ekspertlər dəvət etdik. Şirkətlər arasında mübadilə görüşləri keçirdik və yavaş-yavaş bu sahədə şirkət işçilərinin biliklərini artırdıq. Sözügedən fondda işlədiyim 3 il ərzində şirkət əməkdaşlarını maarifləndirməyə çalışdıq ki, bir günlük, bir həftəlik xeyirxah aksiyalarla cəmiyyət heç nə qazanmır. Məsələn, Ramazan bayramında Qocalar Evinə, Uşaq evlərinə gedib nahar verməklə yalnız naharda iştirak edənlərin qarnı bir günlük doyur. İzah etdim ki, doğurdan da nəyi isə dəyişmək, hansısa sosial təbəqəyə kömək etmək istəyirsinizsə, uzunmüddətli, bir neçə aylıq, bir illik aksiyalara ehtiyac var. Amerikanlarda yaxşı bir məsəl var; "biz balıq yox, tilov vermək istəyirik”. Şirkətlərimiz də ehtiyaclı olan təbəqələrə balıq yox, o balığı tutmaq üçün tilov verməlidir. 2010-cu ildən artıq müstəqil konsultant kimi Access Bank və Azerfon şirkətləri ilə əməkdaşlıq etməyə başladım. Son iki ildə bu şirkətlər vasitəsilə ehtiyacı olan təbəqələrə floristika, kompyuterdə işləmək bacarıqları, bərbərlik və s. sənətləri öyrədirik. Bu, həm də gənclərimizə yaxşı ismarıcdır ki, hamı hüquqşünas, diplomat ola bilməz. Heç bizə bu qədər hüquqşünas, diplomat da lazım deyil. Əfsuslar olsun ki, bizdə yaxşı santexnik, yaxşı maşın ustası, bərbər, çilingər azdır. Hətta bir az dərinə getsək, görərik ki, yaxşı santexnik yaxşı hüquqşünasdan daha çox qazanır. 
 
 
 - Əhəd bəy, hazırda şirkətlərimiz korporativ sosial layihələr gerçəkləşdirirlərmi? Yoxsa hələ də bu mədəniyyət tam formalaşmayıb?

- Artıq iri şirkətlərimiz uzunmüddətli layihələr gerçəkləşdirirlər. Orta və kiçik şirkətlərimiz isə hələ başa düşmürlər ki, biznesdə aldıqlarının bir hissəsini geri – cəmiyyətə qaytarmalıdırlar. İnkişaf etmiş ölkələrdə vəziyyət belədir. Tutaq ki, 5 şirkət süd istehsalı ilə məşğuldur. Adi bir alıcı marketə girib süd seçəndə yadına salmağa çalışır ki, 5 şirkətdən hansı korporativ sosial layihə həyata keçirib. Hansı edibsə, o şirkətin  məhsulunu alır. Bizim şirkətlər bu barədə düşünsələr, yaxşı olar. Bu, sadəcə pul xərcləmək deyil. Sən korporativ sosial layihə gerçəkləşdirməklə həm də yeni bir müştəri qazanırsan. 
 
- Necə oldu ki, çox sevdiyiniz korporativ sosial məsuliyyət sahəsindən uzaqlaşıb Azenco-ya transfer etdiniz?
- 5 il bundan əvvəl Azərbaycan şirkətlərində korporativ sosial məsuliyyət üzrə menecer, demək olar yox idi. Buna görə düşündüm ki, mənim üçün hansısa şirkətdə başqa sahədə iş tapmaq daha əlverişlidir və Azenco-da  Strateji İnkişaf İdarəsində marketinq və korporativ əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışdım. Sonra Sumqayıt Texnologiyalar Parkında biznesin inkişafı şöbəsinin rəisi vəzifəsində işimi davam etdirdim.
 
- Sonra da Synergy Sportda işinizə davam etdiniz…

- Synergy Groupda əvvəlcə marketinq meneceri kimi çalışdım. Sonra KSM sahəsində təcrübəmi nəzərə alıb məni Synergy Sporta direktor vəzifəsinə təyin etdilər. Yenə də öz sevdiyim sahəyə qayıtdım,  korporativ sosial layihələri idarə etməyə başladım. Synergy Sport MMC dörd ildir ki, Azərbaycanın ilk və yeganə Synergy Baku Cycling Project peşəkar velosiped komandasının sponsorudur. Bundan əlavə, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess şahmat super-turnirini də artıq üçüncü ildir ki, biz maliyyələşdiririk.
 
- Deyəsən, Synergy Sportdakı işinizdən əlavə sosial layihələr də gerçəkləşdirirsiniz… 

- Gənclərlə bağlı layihələr gerçəkləşdirirəm. Qeyd edim ki, ABŞ-dan qayıdanda 3 il Bakı Dövlət Universitetində sosial iş üzrə dərs dedim. 2 semestr isə Azərbaycan Dillər Universitetində pedaqoji psixologiyadan ingilis dilində mühazirələr oxudum. Bu baxımdan tələbələrlə, gənclərlə tez-tez ünsiyyətdə oluram. Bizim çox istedadlı və bacarıqlı gənclərimiz var. Amma onlara yol göstərmək, istiqamət vermək lazımdır. Əfsuslar olsun ki, valideynlər bir az başqa dövrün insanlarıdır və övladlarına dövlət işində çalışmağı məsləhət görür, deyirlər ki, sənə təqaüd lazımdır və s. Gənclərimizə lazım olan informasiyanı vermək üçün keçmiş tələbəm, sosial iş üzrə ekspert Cavid Şahmalıyevlə birlikdə Uğur Akademiyası yaratdıq. Ötən ilin dekabrından bəri ayda iki dəfə gənclər üçün motivasiya, uğur psixologiyası, stress menecmenti, zamanın idarə olunması, kommunikasiya və s. mövzularda maraqlı çıxışlar edir, sözügedən sahələrdə tanınmış biznesmenləri, ekspertləri dəvət edirik. Tələbələr üçün bu təlimlər tamamilə pulsuz, gənclər üçün cəmi 5 manatdır. Gələn il üçün planlaşdırırıq ki, Uğur Akademiyasının nəzdində mentorluq proqramı açaq və gənclərimizə gələcək planlarında, işlərində mentorluq edək, arzularına çatmaq üçün onlara nələrin lazım olduğunu deyək.

- Uğur sirriniz nədədir?

- Çox çalışmaq və şəbəkələşmək. Əfsuslar olsun ki, kiminləsə tanış olub şəbəkəmizi genişləndirməkdən, kimdənsə söz soruşmaqdan, xahiş etməkdən utanırıq. Mənim uğur sirrim kimdənsə xahiş etməyə, soruşmağa utanmamağımdadır. Gənclərimizə tövsiyə edərdim ki, əlaqələrindən istifadə etməyə çəkinməsinlər. Əgər BP-də iş olduğunu eşidirlərsə, orada çalışan tanışları varsa, utanmadan onlara zəng vurub  məlumat alsınlar… 

 
- Bizdə bir məsəl var, "xəncərinin qaşı düşməyəcək ki…”.

- Elədir. Rəhmətlik anam həmişə deyərdi ki, "ağlamayan uşağa süd verməzlər”. O qədər insan tanıyıram ki, çox bacarıqlı, qabiliyyətlidir, amma CV-sini heç yerə göndərmir. Deyirəm, filan yerdə dost-tanışın var, niyə onlara işsiz olduğunu demirsən. Deyir, ayıbdır. Deyirəm ki, işləməmək, pul qazanmamaq ayıbdır. 
Uğur sirrim həm də təmənnasız yaxşılıq etməyimdədir. Adicə kiməsə məsləhət verir, onu lazım olan əlaqə nömrələri ilə təmin edirsinizsə, bu özü yaxşılıqdır. Yaxşılığı təmənnasız etsəniz də, mütləq qarşılığını alacaqsınız. Çünki kiməsə yaxşılıq edəndə artıq o adam ona edilən yaxşılığın əvəzini hansısa formada qaytarmaq istəyir. 
Uğurumun digər sirri isə heç vaxt heç kimə pislik etməməkdir. Mən həmişə çalışmışam ki, olduğum kollektivdə insanlarla mehriban davranım, onlara kömək edim. 10 ildən sonra həmin adamlarla rastlaşanda etdiyim yaxşılıq geri qayıdır. Gənclərimiz unutmasınlar ki, dünya da, Azərbaycan da balacadır və etdikləri pislik 10 il keçsə belə,  özlərinə qayıdacaq. 

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272