BİZNES

Reklam gəlirləri azalıb
22 İYUN
68

Reklam gəlirləri azalıb

2016-06-22 10:43:00
Ötən il reklam biznesi üçün uğurlu olmayıb. Dövlət Statisitika Komitəsində (DSK-da) deyiblər ki, reklam fəaliyyətindən əldə olunan gəlir 17 faiz azalıb.

Fins.az Azadlıq radiosuna istinadən xəbər verir ki, sahibkarlar ilboyu reklama 55 milyon 851 min manat (ƏDV-siz) xərc çəkiblər. Reklam şirkətlərinin gəlirləri təxminən 2013-cü il səviyyəsinə düşüb.

Gəlirlərin önəmli bölümü reklam materiallarının yerləşdirilməsi və yayımından götürülüb. Yol kənarlarında reklam yerləşdirilməsindən 3,8 milyon manat gəlir əldə edilib. Bu məbləğin cəmi 286,4 min manatı bələdiyyələrin büdcəsinə gedib. Qalan gəlirlərsə yerli icra hakimiyyəti orqanlarına və «Azəravtoyol» ASC-yə qismət olub.

Bakı metrosunun reklam gəliri...

Nəqliyyat vasitələrinin (avtobus və taksi) üzərində reklamdan gələn gəlirə Dövlət Yol Polisi nəzarət edir. Ötən il bu gəlir (3 milyon 283 min manat) 38,4 faiz azalsa da, küçə reklamına yaxın səviyyədə olub.

Neqliyyat sektorunun reklamdan qazancına Bakı Metropoliteninin reklam gəlirləri daxil edilməyib. Bu, reklamçılığın metropolitendə əsas fəaliyyəti növü olmaması ilə bağlıdır. Metroda isə AzadlıqRadiosuna deyiblər ki, qurumun 2015-ci ildə reklam fəaliyyətindən gəliri 578,7 min manat olub.

Reklam istehsalçıları ötən il 14,2 milyon manat və ya 2014-cü ildəkindən 7,2 faiz az qazanıblar.

AzTV və İTV reklam gəlirlərini yenə açıqlamayıb

Medianın reklam gəlirləri ilboyu 3,3 faiz artaraq, təxminən 26 milyon manata çatıb. «Piroq»un əsas payını televiziyalar götürüblər. Amma telekanalların reklam yayımından illik gəlirləri 12,5 fazi azalaraq, 19,8 milyon manata enib. Heç bir TV kanalı, o cümlədən dövlət maliyyəsi ilə çalışanlar (AzTV və İTV) reklam gəlirini açıqlamır.

Telekanallardan fərqli olaraq, radioşirkətlərin, interner saytlarının,mətbuatın (qəzet və jurnaların) gəlirləri ötən il çoxalıb. Radioların gəliri (3 milyon 94 min manat) 2,2 dəfə artıb.

İnternetdə reklam 2 dəfə artıb

İnternet reklama ehtiyac duyanların getdikcə daha çox üz tutduğu məkana çevrilməkdədir. Ötən il saytların toplam gəlirləri 2 dəfə artaraq 1,5 milyon manatı aşıb.

Qəzet və jurnalarda reklam yayımına 1,4 milyon manat xərclənib. Bu, 2014-cü ildəkindən 5,7 dəfə çoxdur. Müxalif və müstəqil media əvvəlki illərdə olduğu kimi, yenə də reklamverənlərin biganəliyindən yanıqlıdır. Qəzetlərin gündəlik monitorinqi reklam məzmunlu məlumatların, əsasən, gündəlik dövlət qəzetlərində yerləşdirildiyini üzə çıxarır.

Geriyə - 2010-cu il səviyyəsinə qayıdış

Ötən il reklam şirkətlərinin reklam yayımından və yerləşdirilməsindən təmiz qazancı kəskin azalıb. Daha bir il qabaq mənfəət vergisi tutulmazdan öncə mənfəət 15,9 milyon manat idisə, 2015-ci ildə bu göstərici 2 milyon 351 min manata düşüb. Reklam sənəti gəlirlilik baxımından 2010-cu il səviyyəsinə yaxınlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275