BİZNES

Azərbaycanda iri holdinqlər birləşdi
06 İYUN
2526

Azərbaycanda iri holdinqlər birləşdi

2016-06-06 11:57:00

Azərbaycanın dörd şirkəti birləşmək qərarına gəlib. Bu şirkətlər turizm, otelçilik, iaşə və qida sektorunda fəaliyyət göstərirlər. Söhbət iki holdinqə məxsus şirkətlərin indən belə hüquqi baxımdan eyni çətir altında işləyəcəyindən gedir.

Fins.az azadliq.org-a istinadən xəbər verir ki, qərara əsasən, «Shamkir City Hotel & SPA», «Xəzər-Turizm» və «Capital Partners» şirkətləri «Alterf» MMC-yə qoşulub. İlk iki qurum bunadək «Synergy Group» ASC şirkətlər qrupuna daxil olub. Müxtəlif sahələrdə fəaliyyət göstərən 28 şirkəti əhatə edən bu qrup təsis sənədlərində və başqa rəsmi hesabatlarda Əşrəf Kamilov adlı şəxsin sahibliyindədir.

Bir müddət öncə «Capital Partners» şirkətinin ləğvi barədə qərar ictimaiyyətə açıqlanmışdı. İndi isə bilinməyən səbəbdən bu şirkət aktivlərinin də «Alterf» MMC-nin tərkibinə daxil edilməsinə qərar verilib.

Xəbərdə bildirilir ki, «Excelsior Hotel Shamkir» 2012-ci ildən «Shamkir City Hotel & SPA» şirkətinin mülkiyyətində idi. Qədim alman memarlığına uyğun üslubda tikilən mehmanxanada, biri kral dərəcəli olmaqla, 53 nömrə var. Otelin təxminən 1,5 hektar ümumi sahəsi və ona bitişik ərazisi var.

«Xəzər-Turizm» MMC isə 2000-ci illərin əvvəllərindən Nabrandakı «Caspian Sea Resort» istirahət mərkəzini idarə edirdi. Burada bir necə hektar sahədə, ikisi VİP olmaqla, 28 kottec və villa inşa olunub.

«Synergy Group» otel biznesindən tam uzaqlaşmayıb və hazırda törəmə şirkəti «Azorchid Hotels» MMC vasitəsilə «Chinar Hotel & Spa Naftalan» və «Qalaltı Hotel SPA and Resort» komplekslərini yönəldir.
«Alterf» MMC-yə gəlincə, bu şirkətin Şəmkirdə bir neçə istirahət, əyləncə və iaşə obyekti var. Bunlar - «ŞəmŞirin» şirniyyat evi, Şəmkir Əyləncə Mərkəzi, «Borçalı» restoranı, «Abidələr» park-kafesi, «Şəmburg fast-food» restoranı, «Annenfeld» kafesidir. Əksəriyyəti Şəmkir Şəhər Parkı ərasizində yerləşən bu obyektlər son bir neçə ildə qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272