BİZNES

Mərc oyunlarının keçirilməsi xərcləri artırılıb - HÖKUMƏTİN QƏRARI
05 İYUN
557

Mərc oyunlarının keçirilməsi xərcləri artırılıb - HÖKUMƏTİN QƏRARI

2016-06-05 11:50:00

İdman mərc oyunlarının təşkili və keçirilməsi xərcləri artırılıb.
Fins.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə qəbul etdiyi qərarda öz əksini tapıb.
Dəyişikliklərə görə, operatorlar idman mərc oyunlarının təşkili və keçirilməsinə görə buna nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqq ödəyəcəklər.
Bunadək idman mərc oyunlarından əldə olunan dövriyyə aşağıdakı məcburi ödənişlər tutulduqdan sonra operatorun sərəncamına verilirdi:
a) dövlət büdcəsinə ödənən vergilər;
b) idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi;
c) mərc oyunları iştirakçılarının uduşları.
İndi bu xərclər sırasına "idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada ödənilən haqlar” bəndi də əlavə olunub.

--------------------------------------------------------------------------------

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 209
 

№ 209                                                Bakı şəhəri, 2 iyun 2016-cı il

 

“İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 154-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 1884 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 8, maddə 762; 2012, N 5, maddə 494; 2013, N 6, maddə 752) ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bəndin “c” yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “d” yarımbəndi əlavə edilsin:

“d) idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada ödənilən haqlar.”.

2. 5.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.9-cu yarımbənd əlavə edilsin:

“5.1.9. mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına  həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəmək.”.

3. 13-cü hissə üzrə:

3.1. adında və 13.1-ci bənddə “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 13.3-1-ci bənd əlavə edilsin:

“13.3-1. Operator idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271