BİZNES

Azərbaycanda biznes ombudsmanı yaratmaq təklif olunur
16 MAY
355

Azərbaycanda biznes ombudsmanı yaratmaq təklif olunur

2016-05-16 15:15:00

Son vaxtlar maliyyə və bank sahəsində meydana çıxan problemlər, xüsusilə də bank kreditlərinin ödənilməsində yaranan çətinliklər bir çox ölkələrdə etibarlı qurum kimi fəaliyyət göstərən maliyyə ombudsmanının Azərbaycanda da yaradılmasını aktuallaşdırıb. Həm bank-kredit və sığorta təşkilatları, həm də müştərilər üçün çox faydalı hesab edilən bu qurum yaranmış problemlərin məhkəmə müstəvisinə çıxmadan həllinə kömək edir, mübahisələrin hüquqi yolla nizamlanmasına şərait yaradır. «İqtisadi resursların öyrənilməsi» İctimai Birliyinin rəhbəri Ruslan Atakişiyev belə bir təkliflə aidiyyəti təşkilatlara müraciət olunduğunu bildirib. 

Banklar bu təklifi dəstəkləyir 

Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev təklifi dəstəklədiyini, bu təşəbbüsün banklarla müştərilər arasında yeni münasibətlərin formalaşmasına səbəb olacağına əminliyini bildirib. Onun sözlərinə görə, vətəndaşların böyük bir qisminin maliyyə sahəsində yetərincə məlumatlı olmamaları onların problemlərlə üzləşməsinə gətirib çıxarır. Yeni institutun insanlara hüquqi biliklərin verilməsi və onların qanunvericilik, qaydalar və təlimatlar haqqında məlumatlandırılması sahəsində pulsuz xidmət göstərməsi yarana biləcək mübahisələrin də azalmasına səbəb ola bilər. Maliyyə Nazirliyi də maliyyə sektorunda istehlakçıların hüquqlarının daha yaxşı qorunması və yaranan problemlərin operativ həll edilməsi məqsədilə maliyyə ombudsmanı institutunun yaradılmasının tərəfdarıdır. Hazırda bu məsələ müvafiq qurumlarla birgə müzakirə edilir və qanunvericilik bazası həll ediləndən sonra belə bir  qurumun fəaliyyətə başlaması mümkün olacaq.

Biznesin problemləri bəribaşdan həll olunacaq 

Ekspertlərin rəyinə görə, maliyyə ombudsmanı daha çox bank sektoru, qiymətli kağızlar bazarı və sığorta sahəsində yaranan problemlərin həlli, maliyyə təşkilatları və fiziki şəxslər arasında yaranmış mübahisələrin məhkəməyə müraciət etmədən aradan qaldırılması ilə məşğul olduğundan, bu orqanın bütün sahibkarların hüquqlarını müdafiə etməsi mümkün deyil.Azərbaycanda sahibkarların hüquq və mənafelərinin daha etibarlı şəkildə qorunması məqsədilə biznes ombudsmanının yaradılması daha məntiqli görünür. İqtisadçı Məhəmməd Talıblı bildirib ki, bir təsisat olaraq, məhz biznes ombudsmanının yaradılması ümumilikdə biznes subyektlərinin problemlərinin həll olunması, sahibkarların hüquqlarının qorunması baxımından daha faydalı olardı. Bu, sahibkarlıq sahəsində yaranan boşluqları aradan qaldırmağa kömək edər, biznes sahəsində bir növ nəzarət funksiyasını həyata keçirə bilər. Bu nəzarət sayəsində biznesdə yarana biləcək problemlərin qarşısı öncədən alına bilər. 

Rusiya, Gürcüstan və Ukraynada var 

İqtisadçı Oqtay Məmmədovun fikrincə, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən bu ictimai institut mühüm prosessual statusa malikdir və ölkədə biznesin inkişafına, investisiya mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verir. Keçmiş SSRİ məkanında Gürcüstan, Rusiya və Ukraynada bu cür təşkilatlar bir neçə ildir fəaliyyət göstərir. Dövlət strukturları ilə sıx əlaqədə olan biznes ombudsmanı iqtisadi mübahisələrin həllində və sahibkarların hüquqlarının məhkəmələrdə qorunmasında fəal rol oynayır. 

Biznes ombudsmanı fermerlərə də lazımdır

Kənd təsərrüfatı üzrə mütəxəssis Rizvan Mustafayev də aqrar sahədə həlli zəruri olan xeyli problemləri nəzərə alaraq belə bir institutun yaradılmasını vacib sayır. Onun rəyincə, kənd təsərrüfatında sığorta sistemi işləmədiyindən fermerlər tez-tez problemlərlə üzləşirlər. Mülkiyyətçilərin kredit alması və girov mexanizmində də uyğunsuzluqlar var. Bu və digər çətinliklər nəzərə alınmaqla aqrar sahədə çalışan sahibkarların hüquqlarının müdafiəsi baxımından ombudsmanın rolu faydalı olardı. 

Ombudsman Aparatı əməkdaşlığa hazırdır

Ombudsman Aparatının əməkdaşı Mahir Məmmədovun sözlərinə görə, ombudsman institutunun işinin istiqamətlərindən biri də bizneslə məşğul olan insanların hüquqlarının müdafiəsi və bərpasını təmin etmək, yarana biləcək hər hansı hüquq pozuntusu hallarının qarşısının alınmasıdır. Ombudsmanın strukturlarından biri olan iqtisadi və sosial hüquqların müdafiəsi sektoru biznes və iqtisadiyyat sahəsində daxil olan şikayətləri araşdıraraq müvafiq qərarlar çıxarır. İnsan haqları üzrə ombudsman sahibkarların hüquq və maraqlarının qorunmasında iştirak edən hər bir ictimai qurumla sıx əməkdalığa açıqdır və yeni yaradılan ictimai təşkilat və şuraların fəaliyyəti ümumi işin xeyrinə ola bilər. 

İqtisadiyyat Nazirliyi də təşəbbüsün lehinədir 

İqtisadiyyat Nazirliyi də sahibkarların hüquq və mənafelərinin qorunmasına xidmət edən bütün təşəbbüsləri dəstəklədiyini, sahibkarların ictimai təşkilatları ilə sıx əməkdaşlığa hazır olduğunu bəyan edir. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, sahibkarların hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında yaradılan apelyasiya şuraları sahibkarların hüquqlarının müdafiəsi yönündə mühüm strukturlar hesab oluna bilər. Hər bir sahibkar onun fəaliyyətinə müdaxilə edən, onu incidən qurumun nümayəndəsi barədə şuraya müraciət etməklə problemin həllinə nail ola bilər. Son zamanlar yerli icra hakimiyyəti orqanlarının verdiyi qərarların, daxil olan şikayətlərin araşdırılmasının yekunu göstərir ki, əksər hallarda qanunun mənafeyinə uyğun qərar qəbul edilir. 

Mənbə: Vergiler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270