BİZNES

Azərbaycanda pivə satışı azalıb – “ÇƏTİNLİKLƏRİMİZ VAR”
12 MAY
474

Azərbaycanda pivə satışı azalıb – “ÇƏTİNLİKLƏRİMİZ VAR”

2016-05-12 12:59:00

Bu ilin ilk rübündə Aərbaycanda pivə satışı 35% azalıb. Finsaz-ın məlumatına görə, bu barədə Azərbaycan pivə bazarında 75 faiz paya malik olan “Baltika-Bakı” şirkətinin bu ilin birinci rübü üzrə hesabatında bildirilir.

«Çətinliklərimiz var»

Hesabatda deyilir ki, Azərbaycandakı fəaliyyət dövründə şirkət inkişafına 47 milyon vəsait sərf edən şirkət 2016-cı il mövsümünə də hazırlaşıb. Amma 1-ci rübdə şirkət bir sıra çətinliklərlə də üzləşib. Şirkətin hesablamalarına əsasən pivə bazarının həcmi birinci rübdə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalıb. Bu ilk növbədə Cinayət Məcəlləsinə daxil edilmiş 1 yanvar 2016-cı il tarixindən aksiz markası ilə markalanan malların nağd satışını qadağan edən düzəlişlərin qüvvəyə minməsi ilə əlaqədardır.

«Nağd satış tələbi satışlarımızı azaldıb»

Tədarük zənciri iştirakçıların texniki hazırlıqsızlığı və əhali arasında plastik kartlardan istifadə mədəniyyətinin geniş yayılmaması səbəbindən qanunun tətbiqi pivə sahəsi daxil olmaqla Azərbaycanda aksizli malların dövriyyəsini ciddi şəkildə sarsıdıb. Qeyd edək ki, Vergilər Nazirliyinin qərarına görə qanunun qüvvəsi 12 yanvar tarixindən etibarən müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, məhsulun satış zənciri yalnız fevral ayının sonunda bərpa olunub, bu da şirkətin rüblük nəticələrinə öz təsirini göstərib: birinci rübün yekun nəticələrinə görə “Baltika-Bakı” şirkətinin birinci dərəcəli tədarüklərinin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 27,9 faiz azalıb. Beləliklə, yalnız mart ayında şirkət satışlarını 6,8 faiz artıra bilib. Bu artıma şirkətin “Xırdalan” brendinin milli Novruz bayramına həsr edilmiş seriyasının buraxılması səbəb olub. Qeyd edək ki, “Xırdalan” brendi Avro 2016-nın da rəsmi sponsorudur və bununla bağlı xüsusi pivə seriyası buraxılıb.

«Devalvasiyadan sonra pivədən də imtina edirlər»

Birinci rübdə pivə sahəsinə və tələbatına 2015-ci ilin sonunda baş vermiş milli valyutanın devalvasiyası səciyyələnmiş makroiqtisadi vəziyyət təsir göstərib. İstehlak qiymətlərinin yüksək inflyasiyası əhalinin alıcı qabiliyyətini aşağı salıb, buna görə də istehlakçılar alış-veriş sayını azaldaraq və yaxud ondan tamamilə imtina edərək qənaət etməyə çalışır.

Reklam məhdudiyyətləri də var Amma şirkətin problemləri bununla bitmir. «Baltika-Bakı»da bildirirlər ki, hər bir biznes strukturunda olduğu kimi, “Baltika-Bakı”nın da rentabelliyinə təkcə makroiqtisadi vəziyyət yox, bu sahənin məntiqli idarə olunması da təsir edib. Bu məqamda şirkət üçün əsas rolu aksizin həcmi, eləcə də satış və reklam üzərində məhdudiyyətlərin minimum sayda olması əhəmiyyət təşkil edir.

«Biznes şəraitin yaxşılaşacağını gözləyirik»

Şirkətin məlumatında deyilir ki, hazırda dövlət biznes fəaliyyətini asanlaşdırmaqla əlverişli biznes mühitinin təşkil edilməsinə və qeyri-xammal sektorunun inkişafına xüsusi diqqət yetirir. Məsələn, biznes yoxlamaları, pivə istehsalı sahəsi daxil olmaqla fəaliyyət növü üzrə lisenziyalaşdırmalar ləğv edilib. Bundan əlavə qanuna pivənin son istehlakçıya nağd hesablaşma ilə satışını mümkün edən məntiqli düzəliş edilib: «Biznes müəssisələri və dövlət arasında mütəmadi dialoqun möhkəmləndirilməsi şirkətlərin fəaliyyəti və inkişafı üçün optimal şəraitin təmin edilməsi üçün zəmin yaradacaq. Nəticə etibarilə dövlət qeyri-neft sektorunun artan vergi tutulmalarından daha çox xeyir əldə edir. “Baltika-Bakı” öz növbəsində Azərbaycandakı biznesini inkişaf etdirməyə davam edir və yüksək keyfiyyətli məhsulun istehsalı üçün ən üstün pivə bişirmə praktikalarını tətbiq edir».

Qeyd edək ki, “Baltika-Bakı” pivə zavodu Xırdalan şəhərində yerləşir. “Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər (distribüter, agentliklər və podradçılar) iş prosesinə cəlb olunub. “Baltika-Bakı” şirkətinin büdcəyə illik vergi köçürmələri 20 milyon AZN-dən, zavodun inkişafına yatırılan ümumi məbləğ isə 47 milyon AZN-dən çoxdur. “Baltika-Bakı” şirkətinin məhsulu Azərbaycan bazarının 75%-ni təşkil edir (2015-ci il).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275