BİZNES

Pulu nəyə yatırmaq daha sərfəlidir? - AÇIQLAMA
03 MAY
907

Pulu nəyə yatırmaq daha sərfəlidir? - AÇIQLAMA

2016-05-03 08:30:00

Hazırda qlobal iqtisadiyyatda, o cümlədən Azərbaycanda müşahidə olunan iqtisadi böhran tikinti sektorunda investorların gəlir əldə etməsi üçün əlverişli şərait yaradıb.Fins.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında “MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib: “İnvestorlar böhran dərinləşəndə deyil, böhran başlayanda bazara pul yatırmalıdır". 

Tikintiyə pul yatırmaq istəyənlər gecikib

Şirkət rəhbərinin fikrincə, obyektlərdə tikinti işləri 2-3 il çəkir: "Böhran isə adətən 3 ilə qədər davam edir, növbəti 2 il isə böhrandan çıxma dövrü hesab olunur. Bunun ardı ilə bazardakı proseslər sürətlənir, qiymətlər yüksəlməyə başlayır. Hətta düşünürəm ki, artıq investorlar bazara vəsait yatırmaqda gecikiblər. Hesab edirəm ki, 2017-ci ilin sonu, 2018-ci ildə Azərbaycanda böhrandan çıxma dövrü olacaq".

Ev almağın tam zamanıdır

N.İbrahimovun sözlərinə görə, hazırkı proseslər əmlak bazarında alıcıların xeyrinə qərarların çıxarılmasına xidmət edir: “Hazırkı mərhələ bazarda alıcılar və inşaat aparanlar üçün əlverişli dövrdür. Lakin bu, satan tərəf üçün uyğun vaxt deyil. Əgər bu şəxslər üçün əmlak satmaq təcili məsələ deyilsə, bir qədər gözləmək məsləhət olunur. Sözsüz ki, manatın məzənnəsinin sabitliyi amili də nəzərə alınmalıdır".

"Boş torpaq almaqdansa, həyət evi daha sərfəlidir"

Baş direktorun sözlərinə görə, torpaq bazarında isə likvidlik nisbətən aşağı olur: “Lakin torpaq bazarında digər əmlak növlərinə nisbətən qiymətlər daha stabildir. Əgər kimsə həyət evi almaq istəyirsə, bu, boş torpaq sahəsi almaqdan daha sərfəlidir. Yox, əgər kiminsə kifayət qədər pulu yoxdursa, o zaman torpaq sahəsi alması məsləhətlidir. Lakin alternativ investisiya aləti kimi torpaq bazarına pul yatırmağa dəyməz. Çünki topraq ən aşağı likvidliyə malikdir. Hazırda ən likvid əmlak növü metro stansiyaları yaxınlığında yerləşən yaşayış binalarındakı 2 otaqlı mənzillərdir”.

"Pulu banka deyil, daşınmaz əmlaka yatırırlar"

N.İbrahimov hazırda banklarda əmanət saxlamağın riskli olduğunu anlayan şəxslərin kommersiya obyektlərinə üz tutduğunu da qeyd edib: “Dollar depozitləri üzrə faizlər aşağı salındığına görə insanların bir qismi depozitlərini banklardan çıxararaq daşınmaz əmlaka yatırır. Azərbaycanda isə tikililər əsasən orta və yuxarı təbəqə üçün hesablanıb. Orta təbəqə artıq ev alaraq potensial alıcı kimi bazardan çıxıb, yuxarı təbəqə üçün inşa olunan mənzillərin qiyməti isə 1000 manat/kv. metrdən başlayır. Bu səbəbdən tikinti şirkətlərinə aşağı təbəqə üçün ev inşa etmələrini məsləhət görürəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272