BİZNES

Supermarketlərin problemlərinin kökündə nə dayanır?
27 APREL
368

Supermarketlərin problemlərinin kökündə nə dayanır?

2016-04-27 11:21:00

Prezident İlham Əliyevin sərəncamı ilə ölkə iqtisadiyyatında sahibkarların artan rolu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyəti nəzərə alınmaqla və cəmiyyətdə sahibkarlığa dəstək vermək məqsədilə hər il aprel ayının 25-nin «Sahibkarlar Günü» kimi qeyd edilməsi qərara alınıb. Dövlət başçısının cəmiyyətin fəal təbəqəsi olan sahibkarlar ordusuna münasibəti həmişə birmənalı olub: «Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti sezmişik və bu istiqamət bizə uğurlar gətirir». 

Yeni iqtisadi şərait, iqtisadi islahatların dərinləşməsi və şəffaflığın daha da güc­ləndirilməsi həm dövlət orqanlarından, həm də sahibkarlardan öz fəaliyyətlərini müasir tələblər əsasında, düzgünlük, şəffaflıq, qanunlara uyğun qaydada qurmağı tələb edir. Özəl sektora tətbiq olunan müxtəlif güzəştlər, biznes sahəsində yoxlamaların dayandırılması, lisenziyaların sayının azaldılması, gömrük rəsmiləşdirilməsinin şəffaflaşdırılması, bir sıra sahələrdə vergi güzəştlərinin tətbiqi, vergi uçotunun düzgün aparılması və digər islahatlara baxmayaraq, bu sahədə bəzi problemlər hələ də aktual olaraq qalır. 

Vergiləri ödəmək hər kəsin borcudur 

İqtisadi və sosial proqramların icrasında dövlət büdcəsinə ödənilən vergilərin mühüm əhəmiyyət kəsb etdiyi hamıya məlumdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit edilib ki, vergiləri və digər dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16-cı maddəsində göstərilib ki, vergiləri və digər məcburi ödənişləri ödəmək vergi dəyicisinin vəzifəsidir. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək isə, Məcəllənin 24-cü maddəsinə əsasən, vergi orqanlarının vəzifələrinə aid edilib.

Azərbaycanda əlverişli biznes mühitinin, səmərəli vergi rejimi və vergi yükünün olması nəticəsində, mövcud iqtisadi çətinliklərə baxmayaraq, ölkədə sahibkarlıq subyektlərinin sayı artmaqda davam edir. 2016-cı ilin birinci rübündə 28.434 vergi ödəyicisi, o cümlədən 316 ƏDV ödəyicisi qeydiyyata alınıb. Müqayisə üçün: 2015-ci ilin birinci rübündə 19.984 vergi ödəyicisi, o cümlədən 126 ƏDV ödəyicisi qeydiyyata alınmışdı. Bu dövrdə VÖEN-i ləğv olunmuş vergi ödəyicilərinin sayı isə 8482-dir. Göründüyü kimi, dinamika müsbətdir və sahibkarlıq sahəsində güclərini sınamaq istəyənlərin sayı kifayət qədər çoxdur.

Son günlər ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilən məsələlərdən biri də iri ticarət şəbəkələrinin (supermarket) vergi güzəştləri xahiş etmələridir. Ötən həftə ölkənin iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər. «Vergilər» qəzetinin geniş oxucu auditoriyası üçün maraqlı olacağını nəzərə alıb, bu istiqamətdə bəzi araşdırmalar apardıq. Nəticələr nə göstərir? 

Sahibkarların qaldırdıqları məsələlər araşdırılır 

 İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin sözlərinə görə, sahibkarların müraciəti ilə əlaqədar aprelin 20-də iqtisadiyyat naziri Şahin Mustafayev bəzi supermarket şəbəkələri nümayəndələrini qəbul edib, onların təkliflərini dinləyib və problemləri müzakirə edib: «Sahibkarlar topdan və pərakəndə satışda ƏDV-dən azad olunmaları üçün müraciət etmişdilər. Nazirlik həmin şəxslərin müraciətinə operativ reaksiya verdi, nümayəndələrlə görüş keçirildi. Hazırda bu məsələ araşdırılır, yaxın günlərdə sahibkarlara məlumat veriləcək». 

Market sahiblərinin mövqeyi 

Məsələ ilə bağlı «Rahat Market» şəbəkəsinin rəhbəri Cəlal Babakişiyev mətbuatda geniş açıqlama verib. Bildirib ki, pərakəndə ticarət şəbəkələri əhaliyə məhsul satır və bu əməliyyatlar zamanı büdcəyə müəyyən ƏDV ödəməlidirlər: «Biz - supermarketlər bu halda vergi agenti olaraq çıxış edirik. Həmin toplanmış (məhsulun son qiyməti) vergini dövlət büdcəsinə ödəyirik. Yəni biz bu zəncirin - istehsalçı, idxal, məhsul alış-satışı, vergi ödəyənlər və vergi ödəməyənlərin hamısının əvəzinə bu işi görürük. Hazırda biz - pərakəndə, xüsusilə ərzaq məhsullarının satışı üzrə ixtisaslaşanlar nə ilə qarşılaşmışıq? Vergitutma ilə bağlı mağazaların bütün məhsul dövriyyəsi 18%-lik ƏDV-yə daxildir. Lakin malların əhəmiyyətli payına görə (30%-dən çox məhsul dövriyyəsi) pərakəndə satışların təchizatçılarını ƏDV-nin hesabına qəbul etmək imkanları yoxdur. Çünki onlar ƏDV ödəyiciləri hesab olunmurlar. Burada yerli kənd təsərrüfatı məhsullarını istehsal edənlər sahibkarlardır ki, ƏDV ödəyiciləri hesab olunmur. Həmin təchizatçılar məhsullarının ilkin buraxılış qiymətini aşağı salmırlar, bu da məhsula ƏDV tətbiq etməyə imkan vermir. Nəticədə pərakəndə ərzaq satışı mağazaları ya piştaxtalardakı məhsulların üçdə birinə 18% tətbiq etməli, ya da bu adda olan çeşidlərdən imtina etməli olurlar». 

Hamı vergi güzəşti istəyəcəksə, dövlət büdcəsinə kim vəsait ödəməlidir? 

Ölkənin tanınmış iqtisadçılarının məsələyə münasibəti müxtəlifdir.

İqtisadçı alim Qubad İbadoğlu supermarketlərin probleminin yalnız vergilərdən yaranan əlavə xərclərlə deyil, əsas problemin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı olduğunu qeyd edib: «Marketlərin əvvəlki qədər dövriyyələri yoxdur. İşçilərinin sayı çoxdur, onları ixtisar etmək məcburiyyətindədirlər. Başqa ölkələrdə bir çox işçilərin gördüyü iş avtomatlaşdırılmış qurğular vasitəsilə həyata keçirilir. Əgər bu gün hamı vergi ödəməkdən qaçacaqsa, vergi güzəşti istəyəcəksə, Azərbaycanın dövlət büdcəsinə kim vəsait ödəməlidir?».

İqtisadçı Məhəmməd Talıblı isə daha konkret açıqlama verərək bildirib ki, bəzi marketlər yeni dövrün tələblərinə adaptasiya oluna bilmirlər: «Supermarketlər xeyli vaxtdır ki, rezervlər hesabına bazarın sərt tələblərinə birtəhər dözsələr də, indi vəziyyət çətinləşib. Uzun illər proteksiya siyasəti ilə əhatə edildiklərindən, indi fərqli mühitdə az marjalı fəaliyyətə adaptasiya oluna bilmirlər. Daim böyük gəlir əldə etmək vərdişi, rəqabətsiz mühit şərtləri, fiskal qurumlara simvolik ödəmələr, istehlakçıların sel kimi həmin şəbəkələrə axışması supermarketləri tənbəl öyrətmişdi. İndi, faktiki olaraq, iki problem özünü qabarıq şəkildə göstərməkdədir. Birincisi, onlar əvvəlki qədər dövriyyələrini gizlədə bilmirlər və eyni zamanda, əvvəlki səviyyədə qiymətləri artıra bilmirlər».

Hüquqşünas Xəyal Məmmədxanlı bildirir ki, devalvasiyadan sonra hökumətin qiymət siyasətinə kəskin müdaxiləsi, süni qiymət artımlarının qarşısını alması, eyni zamanda gömrük rəsmiləşdirməsinin şəffaflaşdırılması və leqallaşdırılması idxal edilən məhsulların maya dəyərini artırıb: «Eyni zamanda, bir sıra idxal məhsullarına tətbiq edilən rüsumlar da yüksəkdir. Market sahiblərinin narazılığına gəlincə, bu müraciət batmaqda olan yox, əvvəlki kimi qazana bilməyən iş adamlarının müraciətidir. Çünki onların gəlir marjaları ciddi şəkildə azalıb.

Dövlətdən güzəşt istəməkdənsə, bu vəziyyətdən ən yaxşı çıxış yolu odur ki, həmin marketlər xərclərinin strukturuna əl gəzdirməklə onu optimallaşdırsınlar. Artıq 20%-lik gəlir mənfəət marjası dövrü keçmişdə qaldı».

İqtisadçı ekspert Pərviz Heydərovun  sözlərinə görə, bir sıra iri supermarketlərin devalvasiyalardan sonra yaranmış situasiya ilə əlaqədar hökumətdən vergi dərəcələrini aşağı salmasını istəmələri, əslində, absurddur: «Bu və ya digər subyektlər yeni bazar şərtlərinə uyğunlaşa bilmirlərsə, bunun günahını hökumətdə axtarmalı deyillər. Dövlət tənzimləyici orqandır, vergi siyasəti isə ümumi iqtisadi tələblərə əsasən təşkil olunur və həyata keçirilir, bu və ya digər qurumların, sahibkarların konkret iqtisadi maraqlarını təmin etmək onların vəzifəsi deyil».

Vergi Məcəlləsi seçim hüququ verir

İqtisadçı Samir Əliyevin fikrinə görə, əvvəlki qanunvericiliyin qüvvədə olduğu elə supermarketlər şəbəkəsi var idi ki, ən azı 4-5 mağazası fəaliyyət göstərirdi, amma onların dövriyyəsi 120 min manatı keçmirdi. Bu isə reallığı əks etdirmirdi, çünki həmin supermarketlərin əksəriyyəti ƏDV ödəyicisi idi. Buna görə də qanunvericilikdə dəyişiklik olunmaqla marketlərə seçim hüququ verildi. Onlar ya 6% dərəcəsi ilə sadələşdirilmiş vergi rejimini seçməli, ya da ƏDV-yə keçməlidirlər. Reallıq bundan ibarətdir ki, neftin qiyməti düşənə qədər supermarketlər müxtəlif yollarla kifayət qədər vergidən yayınıblar. İndi isə ticarət şəbəkələrinə nəzarət gücləndirilib. Vergi nəzarəti zamanı məlum olur ki, onların dövriyyəsi 200 min manatdan dəfələrlə çoxdur. Belə dövriyyənin aşkarlanması isə marketlərin maraqlarına xidmət etmir. Çünki dövlətə mümkün qədər az vergi ödəyib, daha çox gəlir əldə etmək istəyirlər. Məhz bu səbəbdən də ƏDV-nin aradan qaldırılmasını istəyirlər». 

ƏDV istehlakçıdan tutulduğu üçün ticarət şəbəkəsinə vergi yükü yaratmır 

İqtisadçı Rəşad Əliyevin fikrincə, məsələyə vergiqoymanın prinsipləri əsasında yanaşmaq lazımdır: «ƏDV dolayı vergi hesab olunur və buna görə də onun ödəyicisi son nəticədə istehlakçı hesab edilir. Yəni supermarket məhsulun üzərinə 18% ƏDV əlavə edib satır və faktiki olaraq, o pulu alıcıdan alır. Buna görə də satıcı üçün ƏDV dərəcəsinin 5, 10, 18 və ya 25% olmasının heç bir əhəmiyyəti yoxdur. Beləliklə, ƏDV-nin aradan qaldırılmasına vergi yükünün azaldılması aləti kimi baxılması məntiqsizdir. Bu, bütün dünyada belədir və əgər kimsə başqa cür fikirləşirsə, deməli, burada verginin özəlliklərinə aid olmayan kənar məsələlər var. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, ilkin tələbat məhsulları dedikdə nə nəzərdə tutulur?

Əgər söhbət kənd təsərrüfatı məhsullarından gedirsə, mövcud qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışı üzrə dövriyyələr ümumiyyətlə ƏDV-dən azaddır».

İstehsalçılar və Tacirlər Birliyinin (İTB) sədri Sevgim Rəhmanov bildirir ki, ticarət mərkəzlərinin vergi yükünün artıq olması barədə dedikləri həqiqəti əks etdirmir, bu sahədə əsas problemlərin kökünü digər məsələlərdə axtarmaq lazımdır: «Bu gün ticarətin ən böyük problemi ticarət haqqında qanunun olmamasıdır.

İri marketlərin çoxu kirayəyə verilmiş obyektlərdə işləyir. Şəhərin mərkəzində obyektin 1 kvadratmetrinin kirayə haqqı 20-25 manatdır. Belə olan halda 3000-4000 kvadratmetrlik obyektin kirayə haqqı nə qədərdir? Niyə bundan danışmırlar? Marketlər qazanmırsa bu qədər yüksək kirayə haqqını necə ödəyirlər?».

İqtisadçı ekspert Nicat Hacızadə isə düşünür ki, iri supermarketlərin maliyyə hesabatları açıq olmalıdır: «İri supermarketlərdəki likvidlik dərəcəsi haqqında statistik rəqəmlər yoxdur. Yəni bu gün bizim əlimizdə hər hansı bir resurs yoxdur ki, hansısa supermarketin rüblük və ya illik likvidlik səviyyəsini müəyyən edə bilək». 

ƏDV-nin əvəzləşdirilməsi necə həyata keçirilir? 

Bəzi ticarət şəbəkələrinin sahibləri təqdim etdikləri malların üçdə birinin ƏDV ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından və ya sadələşdirilmiş vergi ödəyicilərindən aldıqlarını və bu səbəbdən həmin malların satışı zamanı ƏDV üzrə əlavə vergi yükünün yarandığını qeyd edirlər, buna görə də ƏDV üzrə vergi güzəştlərinin verilməsini təklif edirlər.

ƏDV vergi daxilolmalarında tədiyyələr üzrə birinci yerdə durur. Onun ümumi vergi daxilolmalarında xüsusi çəkisi 2016-cı ilin birinci rübündə 30,9% təşkil edib. Ticarət şəbəkələri tərəfindən satılan qida məhsullarının siyahısındakı əsasən süd, qatıq, ayran və digər ağartı məhsullarının əksəriyyəti ƏDV ödəyicisi olan yerli istehsalçı şirkətlərə məxsusdur. İdxal məhsulları olan meyvə-tərəvəzlər də ölkəyə idxal zamanı ƏDV ödənilməklə gətirilir. Yəni ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı ciddi bir problem olmamalıdır. Qalan az miqdarda məhsullar isə ƏDV ödəyicisi olmayan şəxslərdən alınır. İri ticarət şəbəkələrində satılan malların ümumi həcmində ƏDV-nin əvəzləşdirilməsi mümkün olmayan malların xüsusi çəkisi heç bir halda nəinki 30%, hətta bunun onda biri qədər də  ola bilməz.

Vergilər Nazirliyinin idarə rəisi Nicat İmanovun sözlərinə görə, vergi nəzarəti tədbirlərində aşkar edilən əsas problemlərdən biri ƏDV ödəyicilərinin bir çox hallarda aparılan əməliyyatlara dair ilkin uçot sənədlərinə malik olmaması, yaxud müvafiq qaydada tərtib edilməyən sənədlərlə işləmələri ilə bağlıdır. Belə ki, malların dəyəri nağd qaydada ödənilir və malın kimdən alındığını müəyyən etmək mümkün olmur. ƏDV ödəyiciləri gəlirlərindən gəlirin əldə edilməsi ilə bağlı olan ilkin sənədlərlə təsdiq edilən xərcləri (təqdim etdikləri malların alış qiyməti, əməkhaqqı, kommunal, icbari ödənişlər və s.) çıxdıqdan sonra qalan məbləğin 20%-i həcmində mənfəət (gəlir) vergisi ödəyirlər. Eyni zamanda, ƏDV-nin ödəyicisi olduğu tarixdən həmin şəxslər təqdim etdikləri malların dəyərindən 18% dərəcəsi ilə ƏDV hesablamalı və ƏDV ödəyicisindən ƏDV ödəməklə aldığı mallara görə ödədiyi ƏDV məbləğlərini müəyyən olunmuş şərtlər daxilində əvəzləşdirməlidirlər. Yəni alınmış mallara görə elektron vergi hesab-fakturası təqdim edilməli, alınmış malların dəyərini satıcının bank hesabına, malların dəyərinə hesablanmış ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına köçürməlidir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir və bu problemi yaradanların özləri sonradan şikayətlənməyə başlayırlar.

Müstəqil ekspertlər də bildirirlər ki, marketlərin aldıqları malın böyük əksəriyyəti ƏDV ödəyicilərinə məxsusdur və bu amil malların satışı zamanı ƏDV üzrə əlavə vergi yükünün yaranmasına səbəb olmur. Bəzi marketlər öz fəaliyyətlərini normal bazar prinsiplərinə, marketinqin müasir qaydalarına uyğun qura bilmir, xərclərinin strukturunu yeni dövrün meyarları əsasında tərtib etmirlər.

İqtisadçı-ekspert Qulu İbrahimli bildirir ki, Azərbaycanda vergi yükü yüksək deyil, sadəcə, indi ölkədə vergi inzibatçılığı gücləndirilib, bərabər rəqabət mühiti yaradılır, himayədarlıq işə keçmir. Özünü güclü hesab edənlər isə vergi və gömrük orqanları qarşısında sözlərinin keçməməsini həzm edə bilmirlər.

Bu gün ölkəmizdə ƏDV inzibatçılığı elə qurulub ki, burada ƏDV-dən yayınma çox aşağı səviyyədədir. Ticarət şəbəkələri apardıqları əməliyyatları tam həcmdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirdiyi və Vergi Məcəlləsində sahibkar üçün müəyyən edilən hüquqlardan düzgün istifadə etdikləri halda, əlavə vergi yükü yaranmır. Ümumiyyətlə, ölkəmizdə vergi yükünün guya yüksək olması barədə fikirlərin heç bir əsası yoxdur.

Nüfuzlu beynəlxalq təşkilat olan «Heritage Fondu»nun məlumatlarına görə, Azərbaycanda vergi yükü 2015-ci il üçün 13,3% təşkil edib ki, bu da inkişaf etmiş ölkələrin, habelə qonşu dövlətlərin vergi yükündən aşağıdır (məsələn, bu rəqəm Qazaxıstanda 14%, Gürcüstanda 24,8%, Belarusda 25,4%, İtaliyada 42,6%, Fransada 45% təşkil edir). 

Xronometraj marketlərin vergi  potensialını düzgün müəyyənləşdirmək üçündür

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin şöbə rəisi Elşən Hüseynov bildirir ki, ticarət, xidmət və iaşə sektoru həm ümumi daxili məhsulda, həm də vergi daxilolmalarında çox əhəmiyyətli paya malikdir. 2015-ci ildə bu sektorun ümumi vergi daxilolmalarında xüsusi çəkisi kifayət qədər yüksəkdir. Xronometraj metodu ilə müşahidəyə gəlincə, bu, istehsal həcmini və malın satış dövriyyəsini müəyyənləşdirmək məqsədilə keçirilən operativ vergi nəzarəti növüdür. Yəni vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə aparılan müşahidədir. Belə müşahidələr mütəmadi qaydada həyata keçirilir, satılmış malların, göstərilmiş xidmətlərin müqabilində çekin vurulması (və ya qəbzin yazılması), müştəriyə verilməsi, çeklərdəki məbləğin ödənilmiş məbləğə uyğun olmasına nəzarət edilir ki, bu da uçotdan yayınma hallarının qarşısını almağa xidmət edir və sahibkarlıq subyektinin normal fəaliyyətinə heç bir maneə yaratmır. Son dövrlərin statistik rəqəmlərinə əsasən demək olar ki, bir çox sahələr, o cümlədən ticarət sektoru vergi nəzarəti tədbirlərinin azalmasından istifadə edərək dövlət büdcəsinə ödənilən vergilərin məbləğini azaltmağa və bu yolla vergidən yayınmağa çalışıb. Məsələn, 2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirlərinin sayı ümumilikdə 64,2%, o cümlədən səyyar vergi yoxlamaları 40%, kameral vergi yoxlamaları 61,2%, operativ nəzarət tədbirləri 92,5% azaldılıb. Nəzarət tədbirlərinin azalması fonunda bir sıra fəaliyyət sahələri üzrə daxilolmalarda, o cümlədən pərakəndə ticarət sahəsində nəzərə çarpacaq dərəcədə azalma müşahidə olunub. Bu isə həmin fəaliyyət sahələri üzrə vergi ödəyicilərinin vergi öhdəliklərini könüllü surətdə yerinə yetirmək istəmədiklərini göstərir. Bu yaxınlarda iri ticarət şəbəkələrinin birində aparılmış xronometraj yolu ilə müşahidə nəticəsində vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə öz dövriyyəsini fevral ayında altı dəfədən də çox azaltdığı, mart ayında isə ümumiyyətlə dövriyyə göstərmədiyi (bəyannamədə bu rəqəm qrafasında sıfır yazılıb) aşkar edilib. Mart ayında Novruz bayramı ilə əlaqədar ticarət müəssisələrinin dövriyyəsinin artdığını nəzərə alsaq, necə deyərlər, «şərhə ehtiyac qalmır!». 

Vergi güzəşti istehsal sahələri üçün xarakterikdir 

İqtisadçı Aqil Əsədovun sözlərinə görə, dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına,  qeyri-neft məhsullarının istehsalı və ixracı ilə məşğul olan bəzi sahibkarlıq subyektlərinə vergi güzəştləri etməsi güzəşt istəyənlərin sayının artmasına səbəb olub: «Güzəşt milli istehsalı stimullaşdırmağa, yeni innovasiyaların ölkəyə gətirilməsinə, elmtutumlu müasir texnologiyaların tətbiqinə xidmət etməlidir. Əksər hallarda güzəştlər sahibkarı tənbəl və ələbaxan öyrətdiyindən, onun müəyyən dövrdən sonra rəqabətdə üstünlük əldə etmək perspektivlərini azaldır. Ticarət və xidmət sektoruna vergi güzəştləri ümumilikdə istehsaldan kənar vergi ödəyiciləri arasında balansın pozulmasına səbəb ola bilər. Ticarət sahəsinə güzəştlərdən isə məhsul istehsalçıları deyil, digər şəxslər qazanacaq, dövlət büdcəsi üçün bunun heç bir faydası olmayacaq. Bunun vergitutma bazasının genişlənməsinə də aidiyyəti yoxdur». 

Vergilər Nazirliyinin idarə rəisi Nicat İmanov da hesab edir ki, vergi   güzəşti iqtisadiyyatın prioritet sahələri nəzərə alınmaqla, yalnız müəyyən dövr üçün, qanunverici orqan tərəfindən Vergi Məcəlləsinə dəyişiklik edilməklə verilir və bu müddət ərzində həmin fəaliyyət sektorunun normal iqtisadi vəziyyətinin təmin olunmasına xidmət edir. Bu güzəştin nəticəsində formalaşan iqtisadi fəallığın fonunda güzəşt müddətində itirilmiş büdcə daxilolmaları tədricən bərpa edilməlidir. 

ƏDV-nin diferensiallaşdırılması necə aparıla bilər? 

Azərbaycanda vergilərlə bağlı bütün dəyişikliklər ali qanunvericilik hakimiyyəti olan Milli Məclisdə müvafiq qanunların qəbul edilməsindən və onların ölkə başçısı tərəfindən imzalanmasından sonra həyata keçirilir. Vergi Məcəlləsinə dəyişikliklər olunması zərurəti yarandıqda, müvafiq qanun layihələri hazırlanaraq, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir. Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2001-ci il tarixdən indiyə kimi bütün tədiyyə növləri üzrə vergi dərəcələri yalnız azaldılıb, məsələn, mənfəət vergisinin dərəcəsi  27%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 20%-dən 18%-ə endirilib.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva hesab edir ki, Avropa ölkələrində ƏDV dərəcəsi orta hesabla 20%-dir və müqayisədə Azərbaycandakı 18% yüksək dərəcə deyil. Vergilər Nazirliyi pərakəndə ticarətdə ƏDV ilə bağlı diferensiallaşdırmanın nağdsız hesablaşmalara tətbiq olunmasının  tərəfdarıdır. Bu, həm ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasına, həm də ticarət və xidmət obyektlərinin dövriyyəsinin tam şəffaflaşmasına stimul yarada bilər. Ona görə də ortaya çıxan bütün məsələlərə kompleks şəkildə yanaşılmalı, elə qərarlar qəbul edilməlidir ki, bu, həm dövlət büdcəsinin gəlirlərinin azalması ilə nəticələnməsin, həm də sahibkarlara dolayı yollarla problem yaradan maneələri aradan qaldırmaqla onların normal fəaliyyəti təmin olunsun».

Mənbə: Vergilər qəzeti

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275