BİZNES

Biznes üçün 2 illik saziş imzalandı
21 APREL
337

Biznes üçün 2 illik saziş imzalandı

2016-04-21 11:07:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişi imzalayıb.

Fins.az Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, saziş Baş nazir Artur Rasizadə, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbaliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tərəfindən imzalanıb.

Sazişə əsasən, tərəflərin 2016-2017-cı illərdə sosial-iqtisadi və sosial-əmək sahəsində birgə fəaliyyət göstərməyi nəzərdə tutulur.

Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərə çarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərinin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə tarif sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.

Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270