BİZNES

Ən iri supermarket rəhbərlərindən nazirə müraciət
19 APREL
539

Ən iri supermarket rəhbərlərindən nazirə müraciət

2016-04-19 08:15:00

Azərbaycanın ən iri supermarketlər şəbəkələrinin rəhbərləri üzləşdikləri çətinliklərlə bağlı iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər.

Xatırladaq ki, Azərbaycanın ən iri supermarket şəbəkələrindən olan “Rahat market” 28 mağazasından 10-nu bağlayıb, yüzlərlə işçi iş yerini itirib.

Müflis olma təhlükəsi qarşısında qalan supermaketlər şəbəkələrinin rəhbərləri bir araya gələrək problemi ictimailəşdiriblər və hökumətdən vergi yükünün azaldılması üçün bəzi güzəştlər xahiş edirlər.

Sahibkarlar iqtisadiyyat nazirinə ünvanladıqları müraciətlərində bildiriblər ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə, Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub.

Hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik devalvasiyası nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət parakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır.

Sahibkarların müraciətində deyilir ki, sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV tətbiqi aradan qaldırılsın. Sahibkarlar xahiş edir ki, iqtisadiyyat naziri bu problemin həll edilməsi üçün qanunvericilikdə düzəliş təşəbbüsü ilə çıxış etsin.

Müraciəti “Bizim” marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, “FRESKO” və “SƏBƏT” marketləri adından direktor Kamran Eyyubov, “Rahat” marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, “Makromart” marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, “Araz” marketlər şəbəkəsi adından İlqar Nuri, “Neptun” maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, “Bolmart” marketləri adından Elçin Kərimov, “Favorit” marketlər şəbəkəsi adından Aydın Əzizov, “Mega store” və “Sarı” marketləri adından Eşqin İsmailli imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275