BİZNES

Devalvasiya Azərbaycanda Holcim-i vurdu – 100 MİLYON MANATA YAXIN ZƏRƏR
18 APREL
469

Devalvasiya Azərbaycanda Holcim-i vurdu – 100 MİLYON MANATA YAXIN ZƏRƏR

2016-04-18 10:17:00

Yeni rəqiblərinin peyda olması,  tikinti işlərinin həcminin azalması və kəskin devalvasiyalar  Holcim (Azərbaycan) şirkətinə baha başa gəlib. Fins.az “Marja”-ya istinadən xəbər verir ki, Azərbaycanın iri sement istehsalçılarından biri  olan Holcim (Azərbaycan) ASC ötən ili böyük zərər ilə başa vurub.

Holcim (Azərbaycan) ASC 2015-ci ildə 99 milyon 139 min manat zərər açıqlayıb. Bu ASC-nin tarixində ən böyük zərərdir. Zərərin yaranmasının əsas səbəbi məzənnə fərqindən (devalvasiyalara görə) yaranmış 89 milyon 766 min manatlıq zərərdir.

Belə ki, Holcim (Azərbaycan) ASC 2015-ci ildə malların satışından 84 milyon 625 min manat gəlir əldə edib. Satışın maya dəyəri, çatdırılma xərcləri,  digər satış xərcləri, ümumi və inzibati xərclər 111 milyon 385 min manat olub. ASC 26 milyon 757 min manat əməliyyat zərəri edib. Üstəlik 6 milyon 427 min manatlıq maliyyə xərci və 89 milyon 766 min manat məzənnə fərqindən yaranan zərər, ASC-nin mənfəət vergisindən əvvəlki zərərinin 123 milyon 224 manata çıxmasına səbəb olub.

Qeyd edək ki, Holcim (Azərbaycan) ASC cəlb etdiyi kreditlər hesabına sobalarını yeniləyib.  Devalvasiyadan sonra borclarını qaytarmaq üçün ASC-nin daha çox manatda vəsaitə ehtiyacı var.

Holcim(Azərbaycan) ASC-nin mənfəət vergisi faydası 24 milyon 84 min manat təşkil edib və nəticədə  99 milyon 139 min manat xalis zərər yaranıb.

Müqayisə üçün qeyd edək ki, Holcim(Azərbaycan) ASC 2014-cüi ili 39 milyon 715 min manat xalis mənfəət ilə başa vurmuşdu.

SEMENT VƏ KLİNKER SATIŞI KƏSKİN AZALIB

2015-ci ildə, 2014-cü illə müqayisədə Holcim(Azərbaycan) ASC-nin satışları təxminən 37% azalaraq, 2014-cü ildəki 134,06 milyon manatdan 84,63 milyon manata düşüb.

2015-ci ildə ASC-nin cəmi aktivləri 394,9 milyon manatdan 362,95 milyon manata geriləyib.

BORCLARI “ŞİŞİB”

Ötən il Holcim (Azərbaycan) ASC-nin öhdəlikləri kəskin artıb. ASC-nin uzunmüddətli öhdəlikləri 85,6% artaraq 92,6 milyon manatdan 171,95 milyon manata, o cümlədən uzunmüddətli kredit borcları 69,4 milyon manatdan 167,5 milyon manata çıxıb. Səbəb devalvasiyalardır. ASC borcu xarici valyutada alıb xərcləsə də, gəlirləri milli valyutadadır.

Keçən il ASC-nin cari öhdəlikləri də 21,5% artaraq 42,8 milyon manata çıxıb.

Böyük xalis zərər səbəbindən ASC-nin cəmi kapitalı 267,2 milyon manatdan 148,2 milyon manata düşüb.

İsveçrənin Holcim şirkəti (hazırda Lafarge Holcim), Holcim (Azərbaycan) ASC-nin  səhmlərinin ən böyük hissəsinin sahibidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272