BİZNES

BP rəhbərindən İlham Əliyevə - 4 TƏKLİF
13 APREL
642

BP rəhbərindən İlham Əliyevə - 4 TƏKLİF

2016-04-13 10:58:00

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel Azərbaycanda biznes mühitin və xarici investorlar üçün şəraitin yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürüb. Fins.az-ın məlumatına görə, bu təklif bu təklif prezident İlham Əliyevin aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə göürüşündə səsləndirilib.

1-ci təklif: Qanunvericilikdə sabitlik

Qordon Birrel ilk növbədə biznes mühit üçün sabitliyin olmasını vacib sayıb. Onun sözlərinə görə, qanunvericiliyin tez-tez dəyişməməsi biznes üçün çox mühümdür: «Vurğulamaq istədiyim ilk məqam sabitliklə bağlıdır. Uzunmüddətli sabitlik investorlar üçün olduqca vacibdir - hüquq və gömrük sistemlərində, məşğulluq qaydalarında, işçi vizalarında, iş icazələrində sabitlik və gələcək gəlirləri proqnozlaşdırmağımız üçün sabitlik. Əlbəttə, neftin və qazın qiymətləri və ya qiymətlər kimi digər amillərin üzərində nəzarətimiz yoxdur, lakin davamlılıq və proqnozlaşdırmaq bizim üçün əsasdır».

2-ci təklif: Dəyişikliklər barədə əvvəlcədən xəbərdarlıq etmə

BP rəhbəri bildirib ki, qanunvericilikdə dəyişikliklərin olması başa düşüləndir, amma hətta belə olduqda da bu barədə əvvəlcədən məumat verilməlidir ki, biznes öz planlarını dəqiqləşdirə və gəlirlərinin proqnozlaşdıra bilsin: «Əlbəttə ki, hər ölkə inkişaf etdikcə dəyişikliklər tələb olunur. Bu dəyişikliklərlə bağlı əvvəlcədən məlumat verilə və onlar biznes ictimaiyyəti ilə müzakirə edilə bilər. Bir daha vurğulayıram ki, qaydaların şəffaflığı əsasdır. Biz böyük investisiyalara qərar verərkən yenidən nəticələri proqnozlaşdıra bilməliyik».

Eləcə də bax: Prezidentin sahibkarlarla söhbətinin - TAM MƏTNİ 

3-cü təklif: Həllyönümlü mədəniyət olmalıdır

Qordon Birel bildirib ki, əsas məsələlərdən biri hökumətdəki mədəniyyətdir: «mən və həmkarlarım nazirliklərdə bir çox görüşlər keçirmişik. İndiyə qədər gördüyümüz əməkdaşlıq və həllyönümlü mədəniyyət, bu davranış tərzi bizim etimadımızı artırır. Əlbəttə, nazirliklər dövlət maraqlarını qorumalıdırlar. Dövlət və özəl sektor problemləri həll etmək üçün birgə işləyə bilər, biznesdə hər zaman problemlər olur. Həllyönümlü mədəniyyət olmalıdır və bu, Azərbaycanda mövcuddur».

4-cü təklif: Hökumət xaricdə təhsil alanları işə götürsün

BP rəhbərinin növbəti təklifi kadr hazırlığı ilə bağlı olub. Onun sözlərinə görə, hazırda BP-nin işçilərinin 87 faizi azərbaycanlıdır və buna yüksək vəzifəlilər də daxildir. Bunların arasında dövlət və müxtəlif şirkətlər vasitəsilə xaricdə təhsil almış əməkdaşlar var: «Biz onları geri gətirib yüksək vəzifələrə yerləşdirməyə nail olmuşuq. Məncə hökumət də bunu etməlidir. Londona, Hyustona getdikdə onların çoxunu görürəm. Onlar dünya səviyyəli təhsil ocaqlarında oxumuş beynəlxalq səviyyəli mütəxəssislərdir və bu ölkənin çağırışlarının öhdəsindən gələ bilərlər». Bp rəhbəri bildirib ki, peşə hazırlığı işi genişlənməlidir. Hazırda bununla bağlı müəyyən kurslar təşkil edilsə də, bu işlər davamlı olmalıdır: «Bu əməkdaşların davamlı ixtisas hazırlığı olmalıdır ki, sənaye də bu kadrlardan istifadə etsin. Bizim də, hökumətin də bu işdə rolu olmalıdır». Nəhayət BP rəhbəri Azərbayan universitetlərində iqtisadiyyat sahəsində kadrların hazırlanmasının genişlənməsini vacib sayıb: «Azərbaycan universitetlərində elm, texnologiya, mühəndislik, riyaziyyat sahələrində yüksək səviyyəli kadrlar yetişib. Eyni diqqət gələcəyin işçilərini yetişdirmək üçün iqtisadiyyat sahəsinə də yetirilə bilər. Ölkədə məhsuldarlığı artırmaq üçün bu, çox vacibdir». BP rəhbəri dövlət başçısı ilə görüşlərin davam etməsini arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272