BİZNES

Xaricdən mal gətirməkdə yenilik
12 APREL
1201

Xaricdən mal gətirməkdə yenilik

2016-04-12 13:27:00

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi prosesində şəffaflığın və səmərəliliyin ən yüksək səviyyədə təmin edilməsi və bu sahədə vətəndaş-məmur təmasının minimuma endirilməsi məqsədilə ölkədə elektron gömrük bəyannamələrinin tətbiqinə başlanılıb.

 “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətindən daxil olan məlumata görə, aprelin 4-dən etibarən pilot layihə çərçivəsində Elektron Hökumət Portalında (www.e-gov.az) malların və nəqliyyat vasitələrinin gömrük sərhədində bəyan edilməsinə dair elektron xidmət fəaliyyət göstərir. Sözügedən elektron xidmətdən “Asan İmza” mobil elektron imza vasitəsilə istifadə edərək vətəndaşlar xaricdən gətirdikləri malları və nəqliyyat vasitələrini gömrük təmsilçiliyi institutu çərçivəsində operativ olaraq onlayn şəkildə gömrük rəsmiləşdirməsindən keçirə bilər.

Bunun üçün mal gətirən şəxs Asan İmza ilə Elektron Hökumət portalına daxil olmalı (autentifikasiyadan keçməli) və müvafiq elektron xidməti seçərək gömrük bəyannaməsini elektron şəkildə doldurmalı, sonda bəyannaməni Asan İmza ilə təsdiqləməlidir (imzalamalıdır).

Elektron gömrük bəyanetmə sisteminin tətbiqi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, bu sahədə şəffaflığın artması, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasına xidmət edir.

Qeyd etmək lazımdır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi prosesində ən zəruri məqam bəyannamənin vətəndaş tərəfindən imzalanmasıdır. Yeni elektron bəyanetmə sistemi istifadəyə verilənədək bu əməliyyat gömrük sərhədlərində mal sahibinin kağız üzərində formanı dolduraraq imzalaması ilə aparılırdı.

Elektron bəyannamə və “Asan İmza”dan istifadə isə bu əməliyyatın olduqca rahat və çevik şəkildə icra etməyə imkan verir. Belə ki, mal sahibləri bu əməliyyatı əvvəldən sonadək sadəcə “Asan İmza” xidmətinin aktiv olduğu nömrənin olduğu mobil cihazdan (mobil telefon, planşet və s.) istifadə etməklə yerinə yetirə bilər və bu zaman hər hansı əlavə qurğulara (smart-kart, USB kart oxuyucu və s.) ehtiyac yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275