BİZNES

Küçə ticarətinə icazə verilməlidir – EKSPERT TƏKLİFİ
21 YANVAR 2016
1500

Küçə ticarətinə icazə verilməlidir – EKSPERT TƏKLİFİ

2016-01-21 10:55:00

Azərbaycanda sosial problemlərin azaldılması, yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin artırılması üçün küçə ticarəti bərpa edilməlidir. Fins.az-ın məlumatına görə, bu barədə iqtisadçı-ekspert Qalib Toğrul bildirib. Küçə ticarətinin qadağan edilməsini düzgün olmayan addım sayan iqtisadçı bu sahənin beynəlxalq təcrübəyə uyğun olaraq sivil qaydalarla tənzimlənmək şərtilə yenidən bərpa olunmasını vacib sayır:

«Azərbaycanda küçə ticarəti 2014-cü ilin yanvarından ləğv olunub. O vaxt bu qərara daha çox siyasi xarakter daşıyırdı, məqsəd qəzetlərin səyyar satışının qarşısını almaq idi. Ümumiyyətlə, Azərbaycanın heç bir qanunvercicliyində “küçə ticarəti” anlayışı olmayıb, hüquqi aktlarda hər zaman səyyar ticarət, xüsusi icazə verilmiş yerlərdə ticarət deyəndə məhz küçə ticarəti nəzərdə tutulub. Elə mətbuatın bir az əvvəl yenilik kimi təqdim etdiyi inzibati cəza (80 manat) əvvəl də olub. Sadəcə, artıq “küçə ticarəti” anlayışı İnzibati Xətalar bölməsinə salınıb, hətta bu məsəsləyə ayrıca maddə (maddə 453) həsr olunub: “Qanunsuz küçə ticarəti”. Yəni, söhbət küçə ticarətinin qanunsuz olanından gedir, demək ki, qanuna uyğun da küçə ticarəti mümkündür.

Dediyim kimi keçə ticarətini tənzimləyən respublika səviyyəli heç bir normativ-hüquqi akt olmayıb. Qadağan olan günə kimi küçə ticarətini Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tənzimləyib. Elə 2014-cü ildə bu qurum da qadağan edib.

İnkişaf etmiş ölkələrdə küçə ticarəti şəhər mədəniyyətinin ayrılmaz hissəsidir. Belə ölkələrdə küçə ticarətinə təkcə gəlir yeri kimi yox, həm də turistlərin cəl olunması, onların səyahətlərinin rəngarəngliyinin təmin olunması vasitəsi kimi baxırlar. Ona görə də belə ölkələrdə küçələrdə ucuz pal-paltar, limon yox, suvenir, gül, antik əşyalar, xalq sənətkarlığının nümunələri satılır. Və özü də bu satış gözəl şəkildə, göz oxşayan dizaynla, gigiyenik normalara riayət olunmaqla həyata keçirilir. Ancaq inkişaf etmiş ölkələrdə küçə ticarəti vasitəsi ilə ərzaq satılmasına da rast gəlinir.

Məsələn, Yaponiyada küçə ticarəti vasitəsi ilə hər gün 3 ton təzə balıq satılır. Yaponiyada küçə ticarətini fərqləndirən daha bir amil onun avtomatlaşdırılmasıdır. Yaponiya avtomatlardan olunan satışa görə dünyada birinci yeri tutur. Bu ölkədə 23 adama bir avtomat düşür. Özü də bu avtomatlar bizim bildiyimiz su və içkilər satan avtomatlardan fərqli olaraq yumurta, çətir, gül dəstəsi, hətta buz da satır. Beynəlxalq təcrübə göstərir ki, küçə ticarəti əlavə məşğulluq və qazanc imkanları yaradır, bu ticarət növü vasitəsilə məhsulların ticarəti daha kompakt, asan şəkildə təşkil olunur, eyni zamanda sahibkarların və istehlakçıların xərcləri azalmaqla yanaşı, sənətkarlığın və xalq yaradıcılığının inkişafına stimul yaranır.

Bizdə küçə ticarəti qeyri-formal iqtisadiyyatdır, korrupsiyadır, vergidən yayınmadır, keyfiyyətsiz mal satışıdır, nəqliyyata və piyadalara çətinlik yaratmaqdır, zibillikdir, şəhərin görkəminə xələl gətirməkdir və sair.

İndiki halda küçə ticarətini qadağan etmək yox, onun qanunvericilik əsaslarını yaradıb tənzimləmək lazımdır. İş yerlərinin ixtisarı, qiymətlərin yüksəlməsi, əhalinin gəlirlərinin azalması, alıcılıq qabiliyyətinin günbəgün aşağı düşməsi nəticəsində artan yoxsulluğun, sosial gərginliyin azaldılması üçün mütləq küçə ticarətinə icazə verilməlidir. Çünki küçə ticarəti hər şeydən əvvəl əhalinin gəlir mənbəyidir, iş yeridir.

Heç uzağa getmək lazım deyil. Bu məsələdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin gözəl təcrübəsindən faydalanmaq kifayətdir. Həm xüsusi - bayram günlərində, həm də adi günlərdə qədim şəhərimizin küçələrində ticarətin necə gözəl qurulduğunun hamımız şahidi olmuşuq. İşin görünməyən tərəfi - vergi və ödənişlərin vaxtında və qaydasında həyata keçirilməsi də İçərişəhərin rəhbərliyi tərəfindən uğurla həyata keçirilir. Daha Bakının küçələrindəki kimi küçə ticarəti ilə məşğul olanlar 8-10 qurumun nümayəndələrinə “bəxşiş” paylamır.

Öncə küçə ticarətini tənzimləyiən qanunverici və normativ baza yaradılmalı, küçə ticarəti anlayışı və onun sərhədləri müəyyənləşdirilməlidir. Sonra küçə ticarətinin vergi tənzimlənməsi sahəsində islahatlar olmalıdır. Bu fəaliyyət növü ilə məşğul olanlara vahid sabit vergi - patent-vergi tətbiq olunmalıdır. Pulunu ver, patentini al, get ticarətini elə. Mümkündür ki, əlavə olaraq, küçə ticarəti ilə məşğul olan işçiləri əhatə edən ayıca sosial sığorta növü tətbiq olunsun. Küçə ticarətinin tənzimlənməsinin, vergi toplanmasının (patentin verilməsinin) bələdiyyələrə həvalə olunması ilə bu məsələni gözəl şəkildə yekunlaşdırmaq olar».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250