BİRJA

“Azərbaycan fond bazarına beynəlxalq təşkilatlara məxsus istiqrazların çıxacağı gözlənilir” - MÜSAHİBƏ
17 MAY
330

“Azərbaycan fond bazarına beynəlxalq təşkilatlara məxsus istiqrazların çıxacağı gözlənilir” - MÜSAHİBƏ

2019-05-17 15:48:00

FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədrinin müşaviri Rəşad Ağayev ilə müsahibəni təqdim edir:

- 2018-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında təxminən 56% artım baş verib. Bazarın kəskin böyüməsini şərtləndirən amillər hansılardır? Nəzərə alsaq ki, bu ilin yanvar-mart aylarında qiymətli kağızlar bazarında 8,45%-lik azalma müşahidə olunur, nə qədər mümkündür ilin sonunadək ötən ilki nəticələri üstələmək. Bununla bağlı hansı tədbirlər görülür?

- 2018-ci ildə qiymətli kağızlar bazarında qeydə alınmış artım əsasən dövlət qiymətli kağızlar bazarının və törəmə maliyyə alətləri bazarının müvafiq olaraq 2,2 dəfə və 42% artması nəticəsində mümkün olmuşdur. Bu ilin birinci rübündə bazarın cüzi azalması epizodik xarakter dayışır və görülən tədbirlər uzunmüddətli perspektivdə bazarın ötən ilki həcmini üstələcəyini deməyə əsas verir. Belə ki, həm dövlət qiymətli kağızları bazarında, həm də korporativ bazar seqmentində il ərzində artım dinamikasınının olacağı proqnozlaşdırılır.

Eyni zamanda repo bazarında müşahidə olunan yüksək artım templəri ümumi bazarın həcminin artımına təsir göstərəcək. Əlavə olaraq, bu il qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi üzrə də artımlar gözlənilir və bazara yeni alətlərin, o cümlədən ilk dəfə beynəlxalq təşkilatlara məxsus istiqrazların da çıxacağı gözlənilir.

Eləcə də bax: Nazirdən Beynəlxalq Bankın özəlləşdirilməsi barədə - AÇIQLAMA

- “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə kapital bazarları ilə bağlı hansı tələblər var və onlara hansı səviyyədə yerinə yetirilib?

- “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə kapital bazarları ilə bağlı iki ayrıca prioritet və həmin prioritetlər üzrə 12 tədbir müəyyən edilib. Bu prioritetlər emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması və investorların maliyyə bazarlarına çıxış imkanlarının artırılması üzrə tədbirlərin görülməsini nəzərdə tutur. Hər iki istiqamət üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tədbirlər uğurla yerinə yetirilir.

Belə ki, fond birjasında listinq prosedurlarının optimallaşdırılması, sahiblik düşüncə tərzinin dəyişdirilməsi üzrə geniş maarifləndirmə işlərinin aparılması, sekyuritizasiya prosesinin təşviqi, institusional investorlar üçün stimulların diferensiallaşdırılması, xarici investorların yerli maliyyə bazarına çıxış imkanlarının artırılması və şəffaflığın artırılması üzrə təşəbbüslərin müəyyənləşdirilməsi üzrə icra müddətlərinə uyğun tədbirlər icra olunur.

Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin iyun ayında qiymətli kağızlar bazarının tənzimlənməsi və ona nəzarət üzrə qlobal standartları müəyyən edən IOSCO təşkilatının (Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatı) assosiativ üzvlüyünə qəbul edilib. Bu qiymətli kağızlar bazarının beynəlxalq standartlara uyğunlaşdırılması üzrə çox mühüm addımdır.

Bazarda şəffaflığın artırılması və informasiya assimetriyasının aradan qaldırılması üçün ödənişsiz əsasda fəaliyyət göstərən MEAS platforması istifadəyə verilmişdir. Qiymətli kağızlar bazarınının beynəlxalq təcrübəyə uyğun inkişaf etdirilməsi üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Koreya İnkişaf İnstitutu və digər beynəlxalq təsisatlarla sıx əməkdaşlığa başlanılıb.

Əlavə olaraq, qiymətli kağızlar bazarında klirinq və hesablaşma sistemlərinin təkmilləşdirilməsi, xarici investorların yerli bazara cəlb edilməsi, bazarda elektronlaşma səviyyəsinin artırılması, daha çevik vergi və tarif rejiminin yaradılması üzrə Palata tərəfindən mütəmadi işlər aparılmaqdadır. Starteji Yol Xəritələrinin icra vəziyyətinə dair müntəzəm dərc edilən dəyərləndirmə hesabatlarında bu tədbirlər yüksək icra göstəriricilərinə layiq görülür.

- Yeni yaradılan şirkətlər səhmlərini niyə kütləvi tədavülə buraxmağa hələ də maraq göstərmirlər? Vəziyyəti düzəltmək üçün hansı işlər görülür?

-Yeni yaradılan səhmdar cəmiyyətlər arasında qiymətli kağızları kütləvi ticarət üsulu ilə ticarət olunan bir çox iri şirkətlər var. Bunlar əsasən banklar, sığorta şirkətləri və digər iri şirkətlərdir. Bununla belə, qiymətli kağızları kütləvi təklif edilən şirkətlərin sayının artırılması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bir sıra addımlar atılır.

Belə ki, “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sahiblik düşüncə tərzinin aradan qaldırılması və şirkətlərin fond birjasında listinqə çıxışınıntəşviq edilməsi Maliyyə Bazarlarına Nəzarət Palatasınatapşırılıb. Bu sahədə Palata tərəfindən mütəmadi tədbirlər təşkil edilir, sahibkarlarla görüşlər keçirilir və fond birjasından kapital cəlb edilməsinin üstünlükləri və kütləvi təklif üsulu ilə vəsait cəlb olunmasının şirkətlərə verə biləcəyi faydalar ərtaflı şəkildə izah edilir.

Palata bütün ali təhsil müəssisələrinin tələbələri üçün kapital bazarlarına dair maarifləndirici təqdimatlar həyata keçirir. Əlavə olaraq, qiymətli kağızlar bazarında stimullaşdırıcı vergi və tarif rejiminin yaradılması üzrə işlər aparılmaqdadır.

- İlk İPO-nun keçirilməsı nə zaman baş tutacaq?

-“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin 2.1-ci prioritetində fond birjasında listinqə mühüm sektorlardan daha 5 şirkətin çıxması əsas icra göstəricisi kimi müəyyən edilib. Bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatası davamlı olaraq maarifləndirmə tədbirləri təşkil edir, həm özəl, həm də dövlət şirkətlərinin aktiv olaraq bazarda iştirak etməsini təşviqedirik. Xüsusilə sahiblik düşüncə tərzinin dəyişdirilməsi üzrə keçirdiyimiz tədbirlərdə investorlara kapital bazarları vasitəsilə maliyyələşmənin üstünlükləri barədə məlumatlandırırıq.

Cari vəziyyətdə şirkətlər daha çox borc alətlərinə - istiqrazlara maraq göstərir və bunun müsbət nəticələrini ötən illərdə baş verən kütləvi istiqraz emissiyalarını nümunə göstərə bilərik. 2018-ciildə“Met-Ak” MMC (5 mlnmanat), “PaşaYatırımBankası” (25 mlnABŞ dolları), “İnvest-AZ İnvestisiya şirkəti” QSC (1,5 mlndollar), “Embafinans” BOKTMMC (4 mlnmanat) və İpotekavə KreditZəmanətFonduna (200 mlnmanat) məxsuskorporativistiqrazlar, habelə “AGBank” ASC (1,2 mlnmanat) və “KapitalBank” ASC-yə (40 mlnmanat – 2 buraxılış) məxsussəhmlərfondbirjasındalistinqə qəbuledilib.

- Hazırda listinqdə olan şirkətlərin sayı 11-dir, onlardan 4 - dövlət təşkilatıdır. Şirkətlərin listinqə marağı niyə belə azdır, halbuki investorlar üçün bu əsas qarantiya mexanizmi hesab olunur?

- Şirkətlərin listinqə maraq göstərməsi üçün ilkin olaraq onların kütləvi təklif və ya birja vasitəsilə maliyyələşməyə maraq göstərməsi vacibdir. Burada rol oynayan əsas iki amil şirkətlərin bu yolla maliyyələşməyin mümkün olmasına dair məlumatlı olması və listinq tələblərinə cavab verməsidir.

Hələ də ənənəvi maliyyələşmə metodu borc-kredit hesab edilir və məhz bu səbəbdən Maliyyə Bazarlarına Nəzarət Palatası kapital bazarları vasitəsilə maliyyələşməni təşviq edən tədbirlər təşkil edir. Digər tərəfdən cari ilin aprel ayında Bakı Fond Birjası Birjanın yeni listinq qaydaları qüvvəyə mindi. Listinq qaydalarını emitentlər üçün tələbləri sadələşdirilərək optimallaşdırdıq. Bununla da baş tutacaq listinqlərin daha səmərəli şəraitdə həyata keçirilməsinə zəmin yaratdıq.

Hazırda səhm və istiqrazların listinqi üzrə 3 bazar seqmenti fəaliyyət göstərir. Səhm bazarında əsas və standart bazar seqmentlərində 5 səhmdar cəmiyyətin, alternativ semqentdə isə 900-dən artıq səhmdar cəmiyyətin səhmləri listinqdədir. İstiqraz bazarında əsas bazar semqentində dövlət istiqrazları, Mərkəzi Bankın notları, ipoteka istiqrazları, SOCAR istiqrazları və Paşa Yatırım Bankasına məxsus istiqrazlar ticarət olunur. İstiqrazların standart bazar seqmentində 10 korporativ istiqraz, alternativ bazar seqmentində isə 5 korporativ istiqraz listinqdədir.

- 2017-ci ildə Azərbaycana Dövlət Neft Şirkəti (SOCAR) 5 illik istiqrazlarını uğurla bazarda yerləşdirdi. Hazırda bu qiymətli kağızlar sahiblərinə dönərli valyutada sabit gəlir gətirir. Belə nümunələr niyə çox deyil?

- 2016-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən ABŞ dollarında emissiya edilmiş istiqrazlara investorların marağı böyük olub, 100 mln ABŞ dolları həcmindəki istiqraz buraxılışına tələb bu həcmin iki dəfəni üstələyib. Həmin istiqrazlar üzrə gündəlik təkrar bazar əqdləri bağlanması bu kağızlara olan marağın hələ də yüksək olmasının göstəricisidir.

Qeyd edək ki, son illər ərzində Azərbaycan Dövlət Neft Şirkəti ilə yanaşı bir sıra şirkətlər də borc qiymətli kağızları emissiya edib və investorlar tərəfindən maraqla qarşılanıb. Bu cür buraxılışların sayının artırılması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bir neçə istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, bu sahədə şirkətlərin maarifləndirilməsi, kapital bazarından maliyyələşmənin stimullaşdırılması, bu sahədə vergi güzəştlərinin tətbiq edilməsi, bazarın əməliyyat infrastrukturunun sadələşdirlməsi və optimallaşdırılması üzrə Palata tərəfindən mühüm addımlar atılır. Bu da öz növbəsində tədricən borc alətləri bazarının artımında və bazara daha cəlbedilici alətlərin daxil olmasında özünü göstərəcəkdir.

- Azərbaycanda törəmə maliyyə alətləri bazarına maraq necədir? Yerli investisiya şirkətləri və əhali bu məsələdə nə dərəcədə fəaldırlar? Hansı əmtəələrə və ya valyutalara maraq daha çoxdur, və əmtəə siyahısını genişləndirmək planları varmı?

- Azərbaycan törəmə maliyyə alətləri bazarının iştirakçıları idxal və ya ixrac istiqamətli şirkətlər, banklar, sığorta şirkətləri və fiziki şəxslərdir. Əsasən bazar iştirakçıları məzənnə fərqindən yarana biləcək risklərin sığortalanması məqsədilə bazarın təqdim etdiyi alətlərdən istifadə edirlər.

Digər tərəfdən, ölkəmizdə bəzi investisiya şirkətləri marja ticarəti xidməti verməklə əhalinin törəmə maliyyə alətləri bazarına çıxışını təmin edir. Əhali tərəfindən geniş ticarət edilən alətlər valyuta və əmtəə əsaslı fərq müqavilələri üzrə marja ticarətidir. Qeyd etmək lazımdır ki, son dövrlərdə valyuta əsaslı alətlər üzrə əhalinin maraq dairəsi USD/TRY-yə və USD/RUB-la kəskin artıb. Sözügedən valyutalara maraq onların yüksək volatil olmaları və qısa müddətdəyüksək gəlir imkanı yaratmaları ilə bağlıdır. Qeyd etmək lazımdır ki, təcrübəsiz şəxslər riskli alətlərə investisiya etdiklərində və risklərini idarə edə bilmədikləri halda yüksəkqiymət volatilliyi nəticəsində böyük itkilərə məruz qala bilər.

Maliyyə Bazarlarına Nəzarət Palatası kapital və törəmə maliyyə alətləri bazarının inkişaf etdirilməsi üzrə Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən Bilik Mübadiləsi Proqramına (KSP layihəsi) qoşulub. KSP layihəsi çərçivəsində səhm, istiqraz və xarici valyuta bazarlarının və baza aktivi bu alətlər olan törəmə maliyyə alətləri bazarının inkişafı nəzərdə tutulur.

Qeyd edək ki, may ayında bu layihənin müzakirəsi və yekun nəticələrinin təqdimatının keçirilməsi nəzərdə tutulub.

- Hazırda ölkədə 8 investisiya şirkəti fəaliyyət göstərir. Şirkətlərin sayının artması gözlənilirmi? Yoxsa indiki şəraitdə bu qədər bazar iştirakçısı kifayət edir?

- İnvestisiya şirkətlərinin lisenziyalaşdırması prosesi “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 15 may 2015-ci ildə qüvvəyə minməsi ilə yenilənərək qabaqcıl standartlara uyğunlaşdırılıb. Bu Qanundan öncə investisiya şirkətləri üçün tələblər, xüsusilə minimum nizamnamə kapital tələbi dəfələrlə az idi. Cari vəziyyətdə investisiya şirkətlərinin lisenziyalaşdırılması iki mərhələdən ibarətdir və hər iki mərhələlərdə müvafiq tələblərə cavab verdikdən sonra lisenziya əldə edə bilərlər. Lisenziyalaşdırılan investisiya şirkətləri müasir korporativ idarəetmə standartlarını tətbiq etməli, Bazel prinsiplərinə uyğun risklərin idarəolunması sistemi qurmalı, təşkilati strukturunu və idarəetməsini apardığı əməliyyatların həcminə adekvat təşkil etməlidir.

Şirkətlərin sayına gəldikdə isə artıma ehtiyac bilavasitə kapital bazarlarına olan maraqla düz mütənasibdir. Bazara olan tələb və bazardan maliyyələşmə templəri artdıqca investisiya şirkətlərinin də sayının artması gözlənilir.

- Azərbaycanda birja indeksinin tətbiqi nə dərəcədə realdır? Bu istiqamətdə hər hansı iş gedirmi?

- İndeksləşmə üçün başlıca şərt listinqdə yetərli sayda səhmlərin olmasıdır. Bir qayda olaraq beynəlxalq birjalarda indeksləşmə 25, 30, 50, 100 və daha çox emitentlərin səhmləri üzrə qruplaşmanın nəticəsində baş verir. İndekslərhəmçinin investisiya alətindən əlavə olaraq birjanın bençmark indikatoru kimi istinad olunur. Strateji Yol Xəritələrində müəyyən edilmiş hədəflərə uyğun olaraq, Bakı Fond Birjasında birja indeksinin formalaşdırılması nəzərdə tutulur.

- Azərbaycanda səhmdarların hüquqlarının pozulması ilə bağlı şikayətlərin dinamikası və məzmunu necə dəyişib? Qanun pozuntularına qarşı hansı tədbirlər görülüb?

- Səhmdarların hüquqlarının pozulması ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayətlər daxil olmur. Bu şikayətlərin böyük hissəsi səhmdarların illik ümumi yığıncaqlara dəvət olunmaması, səhmdarlar tərəfindən cəmiyyətlərdən sorğu edilən məlumatların əldə edilə bilməməsi və dividentlərin ödənilməməsi ilə bağlı olub.

Şikayətlərin hamısına aidiyyəti üzrə baxılıb və qanun pozuntusu müəyyən edildiyi hallarda səhmdar cəmiyyətlər Palata tərəfindən inzibati məsuliyyətə cəlb edilib

Səhmdarların hüquqlarının qorunması üzrə Palatanın təklifləri əsasında 2018-ci ildə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərin nəticəsində “Doing Business” hesabatında minoritar səhmdarların hüquqlarının qorunması üzrə mühüm irəliləyiş əldə edilib. 2018-ci ilin oktyabrın 31-də dərc edilmiş “Doing Business” hesabatının qiymətləndirilməsinə əsasən Azərbaycan minoritar səhmdarların hüquqlarının qorunması göstəricisinə görə son 1 ildə 8 pillə irəliləyərək dünyada 2-ci yerdə qərarlaşıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır