BİRJA

Bu amillər 2019-cu ildə neft qiymətlərini formalaşdırmaqda davam edəcək
26 DEKABR 2018
331

Bu amillər 2019-cu ildə neft qiymətlərini formalaşdırmaqda davam edəcək

2018-12-26 15:06:00

Bir tərəfdən son günlərdə neftin qiymətinin kəskin enməsi 2019-cu ildə neft qiymətləri necə olacağı ilə bağlı hər kəsin marağını daha da artırdı. Digər tərəfdən FES (Federal Ehtiyatlar Sistemi) faizləri artırdı, lakin ABŞ Prezidenti FES-i kəskin tənqid etdi. Nə baş verir? Bütün bunların 2019-cu ildə Azərbaycanın iqtisadiyyatına hansı təsirləri ola bilər? Bu və digər suallarla bağlı müsahibimiz iqtisadçı-ekspert Elman Sadıqovdur

Elman müəllim, son 2 ildə müsahibə və məqalələrinizdə FES-in faiz artırma qərarlarının asanlıqla davam etməyəcəyini, tempin zəifləyəcəyi, faiz artımının həm davam etməsinin, həm də etməməsinin yüksək risklərinin olduğunu və bu sahədə ciddi mübahisələrin olacağını dəfələrlə qeyd edirdiniz. Hadisələrin gedişi sizi haqlı çıxartdı. Nə üçün belə bir vəziyyət yaranıb? Qısaca xatırlada bilərsinizmi?

Son 2 ildə yaranmış vəziyyətlə bağlı fikir və proqnozlarımı bildirmişdim. Mövcud vəziyyətə çox qısa nəzər salaq. FES tempi nisbətən aşağı salsa da faiz artımını davam etdirir. Ciddi arqumentləri var. İşsizlik ABŞ tarixində özünün ən aşağı hədlərindən birindədir (Noyabr ayında 3.7%. Bu da son 49 ilin ən aşağı göstəricisi hesab olunur). İnflyasiya təzyiqi artır (Noyabr ayında illik inflyasiya 2.2%). Likvidlik yüksək səviyyədədir. Bu səbəbdən FES faiz artımına gedərək kapitalı bahalaşdırır. İnflyasiyanı aşağı salmaq və tempi nisbətən zəiflətmək istəyir. İqtisadiyyatda çox qızma da təhlükəli amildir. ABŞ Prezidenti faiz artımının bu tempindən narazıdır. Deyir ki, ildə 3-4 dəfə deyil, 1-2 dəfə artırmaq olar. Amma faizləri 2%-dən yuxarı artırmaq üçün bir az gözləmək lazımdır. Onun da ciddi arqumentləri var. Uzun müddət 0% dərəcəsi istiqraz və səhm bazarlarında ciddi köpüklər formalaşdırıb. Bu köpüklər nəzarətdən çıxacaq şəkildə partlaya bilər. İstiqraz bazarında da vəziyyət təhlükəli hal ala bilər, səhm bazarında da. Artıq sentyabrda və dekabrda olan faiz artımlarından sonra birjalardakı təlatümlərin şahidi olmuşuq. İkincisi, Tramp hakimiyyətə gələndən sonra iqtisadi göstəricilər çox yüksək olmuşdur. Tramp bu nəticələri itirmək istəmir. Tramp daha ucuz kapitalla ABŞ-ın borclarını azaltmaq istəyir. Ticarət müharibələri ilə tədiyyə balansında müsbət saldoya nail olmaq istəyir. Hər iki tərəfin arqumentləri güclüdür və hər iki halda yüksək risklər mövcuddur. Yəni, hər iki tərəfin arqumentlərində, dediyim hər cümlədə ciddi rəqəmlər, planlar və risklər mövcuddur.

Deməli faiz artımı olduqca neftin qiyməti aşağı düşəcək. Doğrudurmu?

Tez-tez səslənən yanlış fikirlərdən biridir. Neftin qiymətində faiz dərəcəsi müəyyən rol oynaya bilər, lakin yüksək faiz dolları bahalaşdıracaq və məhz bu səbəbdən neftin qiyməti düşəcək fikri yanlışdır. Dolların faiz dərəcələri və neftin qiyməti arasındakı əlaqəyə tarixən baxsaq görərik ki, burada yüksək korelyasiya yoxdur. Yəni, tarixən yüksək faizlər olanda həmişə neftin qiyməti aşağı olmayıb. 1920, 50, 60 və 70-ci illərə getməyəcəm. Yaxın tarix olan 2008-ci ili xatırlayın. Neftin qiyməti 140 dollar civarında olanda dolların faiz dərəcəsi neçə idi? Və yaxud. 2000-ci illərin əvvəllərində faiz dərəcələri 5-6 faiz ətrafında olanda neftin qiyməti 50-60 dollar ətrafında idi. Bu faktlara əsaslanıb heç bir təsiri yoxdur fikrini də deyə bilmərik. Çünki təsir var, dolayı yolla özünü göstərə bilər, amma deyildiyi qədər kəskin və həlledici deyil. Əgər təsir deyildiyi qədər olsaydı, onda faizlər 3-4%-ə qalxdıqda, neftin qiyməti 20 dollar ətrafında olmalıdır. Bu isə hazırda mümkün deyil.

O halda neftin qiyməti nə üçün ucuzlaşır? Deməli, tələb-təklif amilləri həlledici rol oynayır

(Gülümsəyir) İqtisadiyyat bu qədər asan elm sahəsi olsaydı bütün ölkələr çox firavan yaşayardı. Məsələlər bu qədər bəsit və sadə deyil. Məhz indiyə qədər neftin qiymətlərinə proqnoz verilərkən tələb-təklif amilləri nəzərə alınıb və hər dəfə də proqnozlar özünü doğrultmayıb. Məhz neftlə bağlı bu yanaşmanın yanıltıcı yanaşma olduğu isbatlandı. Öncə onu qeyd edək ki, Tramp neftin qiymətinin düşməsini niyə istəyir? Birincisi, faiz artımı üçün əsas arqumentlərdən birincisi inflyasiyadır. İnflyasiyanın əsas tətikləyici qüvvələrindən biri enerji qiymətləridir. Tramp FES-ə mesaj verir ki, sən faizləri artırma, neftin aşağı qiymətləri inflyasiya təzyiqini boğacaq. İkincisi, şist neft yataqları ABŞ-da hər kəsin düşündüyündən daha çoxdur. ABŞ şist neftin maya dəyərini ilbəil azaltmağa nail olur. 2 il öncə 60 dollar idi, keçən il 50 dollara endirildi, hazırda müxtəlif məlumatlara əsasən bu rəqəm 42-45 dollar ətrafında dəyişir. Üçüncüsü, hesablamalar 2050-2060-cı illərdə neftə olan tələbin indiki ilə müqayisədə çox aşağı səviyyələrdə olacağını göstərir. O səbəbdən ABŞ ehtiyatlarını bazara çıxarır. Tutulmuş bazara girmək isə çətindir. Lakin, OPEK-in hər dəfə hasilatı məcburən azaltması ABŞ-a azalan hasilatı şist neftlə əvəzləmə imkanları yaradır. Son 75 ildə ABŞ ilk dəfə bu ilin oktyabr ayında xalis neft ixracatçısına çevrildi. Yəni, ilk dəfə neft ixracı neft idxalından daha çox oldu. Dünya neft bazarları üçün isə ABŞ istehlakçı olkədən (idxal edən) istehsalçı (ixrac edən) ölkəyə çevrilməkdədir və bu proses davam edəcək. Qısaca desək, neftin qiymətlərinə bir-iki amil təsir etmir. Təkcə faiz artımına, tələb-təklif amilinə baxmaq doğru deyil. Çaşdırıcıdır.

Qiymətlər tələb-təklif amilləri əsasında formalaşmırmı?

Qiymətlərin tələb-təklif amilləri əsasında formalaşması iqtisadiyyatın əsas qanunlarından biridir və bütün iqtisadi qanunauyğunluqlar bunun üzərində qurulur. Neftlə bağlı siyasətin də incəliyi buradadır və məhz bu amil nəzərə alınıb. Amma necə nəzərə alınır, qısa nəzər salaq. ABŞ neft qiymətlərinin düşməsində maraqlıdır. İnflyasiya amillərinə görə qiymət aşağı olmalıdır, digər tərəfdən isə bazara girmək lazımdır. Qiymətin düşməsi üçün isə ya təklif çox olmalıdır, ya da tələb az olmalıdır. Təklif çoxalır: şist neft hasilatı artır, İrana sanksiyalar qoyulur, lakin idxal üçün əsas ölkələrə güzəştlər verilir (yəni İran nefti neft bazarına daxil olmaqda davam edir). Qısaca, OPEK-in hasilatı azaltması ilə yaranan boşluğu ABŞ müxtəlif vasitələrlə doldura bilir. Nəticədə OPEK-in hasilatı azaltması ilə yaranan boşluq şist neftlə doldurulmaqdadır. Burada bir haşiyə də çıxım. Ciddi şübhələr vardır ki, neft ixrac edən OPEK üzvləri kvotaya riayət edirlər. Monitorinq məsələlərində ciddi boşluqlar var. Səudiyyə Ərəbistanı məlum jurnalistin öldürülməsindən sonra son aylarda istehsal və ixracı kifayət qədər artırıb. Yəni, təklif artımında problem yoxdur. Tələbin azalmasına gəlincə. Ticarət müharibələri və 2019-2020-ci illərdə Yaponiya, Çin və Avropada iqtisadi artım tempinin zəifləyəcəyi nəinki proqnozlaşdırılır, hətta bu məsələdə fikirlər yekdildir. Tempin yavaşıması isə neft idxal edən bu ölkələrdə neftə tələbatı azaldacaq. Tələbin aşağı düşməsini tətikləyən əsas amillərdən biri də alternativ enerji mənbələridir. Məhz həmin ölkələrdə (Yaponiya, Çin və Avropa) bu sahə sürətlə inkişaf edir. Bu inkişafı elektromobillərlə bağlı statistikalarda aşkar görə bilərik. Deməli, ABŞ da öz siyasətini tələb-təklif faktorunu nəzərə alaraq qurur. Lakin, digər ölkələrdən fərqi budur ki, tələb-təklif amilini həm də peşəkarcasına tənzimləyərək neftin qiymətlərinə cidd təsir etmək imkanlarını əlində saxlayır.

Səhv etmirəmsə, keçən ilin sonlarında bir məqalənizdə belə bir fikir səsləndirmişdiniz: Neftin qiymətlərini 60 dollardan yuxarı qaldırmaq cəhdləri səhv addım olar və əgər belə cəhdlər olarsa ciddi əks nəticələri olacaq. Hadisələrin gedişi bu fikrinizin doğru olduğunu göstərdi. Bəs indi bu proses necə və nə qədər davam edəcək? Hansı qiymət aralığı bazar üçün uyğun görünür? Proqnozunuz nədir?

Öncə onu qeyd edim ki, neftin qiymətləri ilə bağlı proqnoz vermək çox çətindir və buna cəhd etmək doğru olmaz. Kimsə nə olacağını bilə bilməz. Amma, vəziyyəti düzgün, hərtərəfli və dərindən təhlil etdikdə müəyyən konturlar görünməkdədir. İqtisadi amilləri, iqtisadi amilləri şərtləndirən siyasi gedişləri, səbəb-nəticə əlaqələrini, ABŞ-ın məqsədlərini, neft bazarında bazar payı dəyişikliklərini, qlobal iqtisadi artım tempini, təlatümləri, Ukrayna və Suriya ətrafında baş verənləri geniş və dərin təhlil etmədən, bunları nəzərə almadan sadəcə tələb-təklif statistikası (bir haşiyə çıxım: birincisi, statistik rəqəmlərdə həqiqət payının nə qədər olması sual altındadır. İkincisi, tələb-təklifin hazırda ustalıqla dəyişdirilmə imkanlarının yalnız bəlkə 20-30%-nə toxunduq. Bu imkanlar qat-qat çoxdur), faiz artımı kimi məsələlərə fokuslanaraq təhlil aparmaq birtərəfli təhlil olar ki, burada da həqiqət payı yüksək olmaz. Əvvəla, qeyd etdiyiniz kimi, 2017-ci ilin noyabr ayında neftin qiyməti 60 dollar ətrafında stabilləşməyə başlayanda bir məqaləmdə qeyd etmişdim ki, Səudiyyə Ərəbistanı başda olmaqla OPEK və OPEK+ ölkələri bununla barışmalıdır. Əgər neftin qiymətlərini artırmağa cəhd etsələr,qiymət qalxa bilər, lakin 60 dollardan yuxarı həddə, xüsusilə 80 dollar ətrafında uzun müddət qalmayacaq. Əgər bu cəhdlər olarsa, ciddi də əks nəticələri olacaq. Keçən 1 il ərzində biz bunu gördük. Nə baş verdi? Səudiyyə Ərəbistanı qiymətlərin 80 dollara qədər qalxması üçün addımlar atdı. Bu ciddi səhv idi. Nəticədə bu il ərzində baş verənlərin hamımız şahidi olduq. Bunun əvəzində indi, vurğulayıram ki, məhz indi Səudiyyə Ərəbistanı və Rusiya 60 dollar həddinin hamı üçün məqbul hədd olduğu bəyanatlarını verirlər. Əgər bu bəyanatlar verilirsə, deməli informasiya var ki, qiymətlər bundan da aşağı ola bilər. Digər tərəfdən də....bazar oyunçuları arasında bir-birlərinə qarşı inam itmişdir. Dəfələrlə təkrarladığım fikri bir daha vurğulamaq istərdim. 45 dollardan aşağı neft qiymətləri iqtisadi cəhətdən heç ABŞ-ın özünə də sərf etmir. Amma, unutmayaq ki, ABŞ neftdən həm də siyasi təzyiq aləti kimi də istifadə edir. Yəni, bir çox hallarda qısamüddətli iqtisadi maraq uzunmüddətli iqtisadi marağa qurban verilir. Məsələn, Rusiya ilə gərginlik artarsa təzyiq vasitəsi kimi neft 45 dollar həddində də aşağı enə bilər (məhz bu sırt siyasi amildir). Digər tərəfdən, şist neft hasilatının maya dəyərinin aşağı düşürülməsi sahəsində də ciddi işlər gedir. Hazırda əsas sual intervalın necə olacağıdır. İqtisadi maraqlar çərçivəsində 50-60 dollar aralığını və qiymət sabitləşməsini hər kəs istəyir. Lakin, burada ortaya ikinci və üçüncü amillər çıxır. İkinci amil, alternativ enerjinin sürətlə inkişaf etməsi və bu sahədə ciddi addımların atılması. Elektromobillərin artması, günəş enerjisi və sair. Hətta benzinlə işləyən yeni model maşınlarda da ilbəil hər 100 km-ə benzin sərfiyyatı azalmaqdadır. Yəni, burada əsas risk amili budur ki, bazarda gözləniləndən daha artıq və ya başqa sözlə desək, nəzarətdən çıxa biləcək neft bolluğu yarana bilər. Bu halda istehsalı kimlərin azaldıb bazardan çıxacaqları məsələsi ortaya çıxacaq. Üçüncü amil isə sırf siyasi amillərdir ki, bu da daha çox Rusiya ilə bağlıdır. Məhz Rusiya ilə qarşıdurma daha da artarsa, qiymətlər heç bir iqtisadi qanunauyğunluğa tabe olmayan aşağı hədlərə enə bilər. Bu müddət uzun olmasa da..Bunlar ehtimal payı nisbətən aşağı olsa da hər halda istisna edilməyən faktorlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256