BİRJA

“60 dollar risklidir” xəbərdarlığı edilmişdi
14 NOYABR
263

“60 dollar risklidir” xəbərdarlığı edilmişdi

2018-11-14 09:08:00

Bu gecə neft qiymətləri təxminən 8% düşüb. Brent markalı neftin qiyməti 64 dollar, ABŞ xam neftinin (WTI) qiyməti isə 54 dollar səviyyələrinə geriləyib. Neftin ucuzlaşması Azərbaycan üçün yaxşı hal deyil. Xüsusilə  2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiyməti 60 dollardan götürülür. Neftin bu səviyyəyə düşməsinə cəmi 4 dollarlıq ucuzlaşma kifayət edəcəkdir.

Fins.az xəbər verir ki, iqtisadçı Samir Əliyev, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsinə münasibət bildirərək, “Neftin qiymətinin 60 dollardan götürülməsi risklidir” demişdi.

İqtisadçı bildirmişdi  ki, mövcud hadisələr neftin qiymətinin artacağı ehtimalını gücləndirsə də, amma heç kim qiymətin enməyəcəyinə də zəmanət verə bilməz.

“Məncə, 50 dollar daha məqbuldur. Əgər gələn il neftin qiyməti yüksək olarsa, hökumət may ayında büdcəyə dəyişiklik etməklə, qiymətə uyğun xərcləri tənzimləyə bilər. Ona görə 50 dollar daha münasib olardı. Bu, riski azaltmaq üçün vacib idi”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirmişdi  ki, neftin 1 barelinin 60 dollardan götürülməsi qənaətbəxşdir:

“Hesab edirəm ki, bu rəqəm riskli deyil. Çünki noyabrdan Amerika tərəfindən müəyyən sanksiyalar qüvvəyə minəcək. Neftin qiyməti nə qədər ucuzlaşsa da, 60-65 dollar ətrafında dəyişəcək. Mən düşünmürəm ki, neftin qiyməti bundan da aşağı düşsün. Çünki getdikcə neftə olan tələbat artır. Bəzi dövlətlərdə sanksiyalar, müharibələr gedir və hansılar ki, neft ixrac edir, onlarda müəyyən problemlər yaranacaq. Ona görə də neftin qiymətinin 60 dollardan götürülməsi doğru addımdır. Mənim fikrimcə neftin qiyməti bu ilin sonunadək 80 dollardan aşağı olamayacaq”.

Qeyd edək ki, bu gün Brent neftinin 64 dollara düşməsnin qalıcı olacağını da söyləmək doğru olmazdı. OPEC və tərəfdaşları hasilatlarını azaltmaq barədə qərar versələr qiymətlər yenidən yüksələ bilər.

©marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256