BİRJA

İnvestisiya etmək üçün hansı maliyyə alətləri daha sərfəlidir? - Ekspertdən açıqlama
14 SENTYABR
541

İnvestisiya etmək üçün hansı maliyyə alətləri daha sərfəlidir? - Ekspertdən açıqlama

2018-09-14 11:42:00

İnvestisiya etmək üçün hansı maliyyə alətləri daha sərfəlidir? Bu suala cavab tapmaq üçün Fins.az AzFinance İnvestisiya şirkətinin rəsmisi Ramil Səmədova müraciət edib. Ekspertin fikrincə hal-hazırda ən etibarlı maliyyə alətləri manatda Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarıdır. Dollarda vəsaiti olanlar üçün isə SOCAR istiqrazları ən sərfəli maliyyə alətlərindəndir. Dövlət istiqrazlarının gəlirliyi hal-hazırda 9-10%, SOCAR istiqrazları isə 5% gəlirlik vəd edir. - Dövlət istiqrazlarını investorlar hərrac günlərində və ya təkrar bazarda investisiya şirkətlərinə müraciət edərək ala bilərlər. Dövlət istiqrazlarının hərracı yalnız Bakı Fond Birjasının ticarət sistemində kütləvi təklif üsulu ilə həyata keçirilir. Bakı Fond Birjasının (BFB) ticarət sisteminə birbaşa çıxışı olanlar isə yalnız investisiya şirkətləri (İŞ) və Mərkəzi Bankdır. Yəni investorlar dövlət istiqrazlarını almaq üçün ilk növbədə investisiya şirkətlərindən birinə (brokerlərə) müraciət etməlidirlər.

Ramil Səmədovun sözlərinə görə, 2-ci mərhələdə isə investor investisiya şirkətinə istiqrazları müəyyən etdiyi gəlirliklə almaq üçün tapşırıq verir. İŞ isə gəlirliyə uyğun istiqrazın qiymətin hesablayır və BFB-nin ticarət sistemində sifarişi investorun adından yerləşdirir. Dövlət istiqrazları hərracı adətən həftədə 1 dəfə olur. Hərrac gününün sonuna kimi bazarın tələbinə uyğun olaraq Maliyyə Nazirliyi hərracın nəticələrini açıqlayır. Maliyyə Nazirliyi ən aşağı gəlirliklə verilən sifarişdən yuxarıya doğru istiqrazların yerləşdirilməsini təmin edir. Bu qayda ilə investorun sifarişi icra olunursa növbəti gün hesablaşma edilir. Yəni əqdi baş tutmuş istiqrazların dəyərini investor növbəti gün ödəyir. - SOCAR istiqrazlarını da investisiya şirkətlərinə müraciət edərək almaq mümkündür. Daha çox qazandıran amma daha riskli maliyyə alətləri – SƏHM - Səhm - sahibinə hər hansı bir müəssisənin aktivlərində müəyyən bir paya sahiblik və payına uyğun olaraq müəssisınin gəlirinin bir hissəsini dividend şəklində əldə etmək hüququ verən qiymətli kağızdı. - Səhmlərə investisiya etdikdə investor (səhmi alan şəxs) həmin müəssisənin səhmdarı olur və ilin sonuna şirkət mənfəət əldə edirsə onun bir hissəsi dividend şəklində ödənilir. Həmçinin səhmdar müəssisənin idarə olunmasında da iştirak edir. Yəni, səhmdar cəmiyyət ildə ən azı 1 dəfə səhmdarların ümumi yığıncağını keçirməyə borcludur və bu yığıncaq zamanı səhmdar qərarların qəbulunda səs sahibidir. Müəssisə ləğv olunduqda isə səhmdar həmin müəssisənin aktivlərinin sahib olduğu hissəsi qədər pay alır. Bu aktiv torpaq sahəsi, hər hansı bir əmlak və s. ola bilər. Ümumiyyətlə səhm yuxarı riskli qiymətli kağız olsa da, uzunmüddətlidir və yuxarı riskli olduğuna görə daha çox gəlir əldə etmək imkanı deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257