BİRJA

Nə üçün neft bahalaşır və ya neft 100 dollar olacaqmı? - Ekspertdən açıqlama
12 SENTYABR
958

Nə üçün neft bahalaşır və ya neft 100 dollar olacaqmı? - Ekspertdən açıqlama

2018-09-12 14:43:00

ABŞ Prezidenti Donald Tramp, 4 noyabra qədər müttəfiqlərinin İrandan neft idxalını dayandırmasını sərt şəkildə tələb etsə neftin 100 dollar kimi bahalaşacağı bildirilir. Fins.az  "Bloomberg"ə istinadən xəbər verir ki, "FACTS Global Energy"nin sədri Fereidun Fesharaki, "İranın təklifinin tamamilə dayandırılması təqdirində  digər iri istehsalçıların  bu boşluğu asanlıqla doldura bilməyəcəyini bildirib. Məsələ ilə bağlı Fins.az iqtisadçı ekspert İlham Şabanın baş verənlərə fikirlərini öyrənib.

Ekspertin sözlərinə görə, neftin qiyməti ilə bağlı proqnozlar vermək hazırkı şəraitdə olduqca mürəkkəbdir. İlham Şabanın sözlərinə görə, 2015-ci ildən bu yana enerji sahəsində ixtisaslaşan demək olar ki, bütün mərkəzlərin və maliyyə institutlarının illik və orta müddətli proqnozlarına nəzər yetirsək faktiki heç birinin düz çıxmadığının şahidi oluruq. Misal olaraq 2017-ci ilin sonunda verilən proqnozlara baxaq.  Cari il üçün deyilirdi ki, Brent markalı neftin orta qiyməti 57-58 dollar olacaq. Ancaq ilin başlanğıcından neftin qiyməti 70 dolları ötdü və buna görə də birinci rübün sonunda onlar proqnozlarına korrektə edərək onu 62 dollara qədər artırdılar. Ancaq ilin 8 ayı arxada qalıb və orta qiymət 73 dollardır, yəni proqnoz göstəricilərini 17,7%, ötən ilin qiymətlərini isə 34% qabaqlayır. Bu ilin əvvəlində isə demək olar ki, butun proqnozlar ilin ikinci yarısında neft qiymətlərinin 60 dollar və hətta ondan da aşağı səviyyəyə düşəcəyinə köklənmişdi. İndi isə əks istiqamətdə olan bir mənzərəni müşahidə edirik.

Qiymətlər 100 dollar ola bilərmi?

Bunun üçün bazarda çox mühüm hadisələr baş verməlidir. Yəni ilk olaraq neft qıtlığı hiss edilməlidir, ikincisi böyük neft ölkəsində və ya ölkələrində stabillik ciddi şəkildə pozulmalıdır, yəni hərbi  münaqişə baş verməlidir. Neftin qıtlığı məsələsi hazırkı şəraitdə inandırıcı faktor deyil, çünki hazırda Brent markalı neftin qiymətinin 79 dolları ötməsinin bazarda tələb-təklif məsələsinə aidiyyatı yoxdur. Neft ona görə 76-dan 79 həddinə gəlib çıxıb ki, ABŞ-ın Şərq sahillərinə geclü qasırğa yaxınlaşır. Ötən gün qasırğanın gücü birdən birə 2-ci təhlükə səviyyədən 4-cü təhlükə səviyyəsinədək yüksəlib. Sabah isə ola bilsin 5-ci qırmızı səviyyədə olsun. Bu isə bir çox platformalarda işlərin dayanması deməkdir. Həmçinin Meksika körfəzindən digər qasırğanın Texas ştatına doğru irəliləməsidir. Burada hətta neft ayırma zavodlarına nəqletmədə problemlərin yaranması ehtimalları edilir. Qasırğa bitdi və neft qiymətləri də əvvəlki vəziyyətinə qayıdacaq... Digər amil birjalara, Liviya milli neft şirkətinin ofisinə islam qrupları tərəfindən edilən basqın xəbəri idi... Yəni məsələnin kökündə hələ İran faktoru hansısa bir önəmli rol oynamır. Bu ilin mart ayında İran dünya bazarlarına gündəlik olaraq 2,8 mln barel neft ixrac edirdi. Neftin qiyməti də 75 dollar idi. Sentyabrın əvvəllərinə İranın ixracı artıq 2 mln barelə qədər azalıb. Yəni gündəlik 800 min barel ondan neft alışını istehlakçılar dayandırıblar, o cümlədən Cənubi Koreya bunu tam dayandırıb. Neft qiymətləri isə həmin müddətdə 76 dollar idi.  Yəni İran bundan sonra 200 min barel də azaltsa, dünya bazarında onun həcmlərini dolduracaq kifayət qədər neft var. Kritik vəziyyəti kompensasiya etmək üçün isə ABŞ öz rezervlərindən istifadə edə bilər.

Azərbaycan nefti bahalaşanda nə olacaq?

Neft qiymətləri artanda dövlətin gəlirləri də çoxalır, dövlətin gəliri artanda hökumət büdcə xərclərini artırmaq imkanı əldə edir, beləcə də vəsait çox olanda ondan geninə-boluna istifadə imkanları da artır.

Məsələn, bu 2018-ci ilin büdcəsi proqnozlaşdırılarkən 2017-ci ilin payızında neftin orta ixrac qiyməti 45 dollardan götürülmüşdü. Ancaq 2018-ci ilin 1-ci  yarısında reallıqda bundan 55% çox oldu. Nəticədə dövlət büdcəsinə iyun ayında dəyişikliklər edildi, onun xərclər hissəsi artırıldı və 23 milyard manatdan çox oldu

Azərbaycan  hazırda gündəlik olaraq 700 min barel neft ixrac edir. Demək ölkənin ümumi neftdən gəliri birinci halda 35 milyon dollar, ikinci halda 70 milyon təşkil edər. Fərq bundadır. Neft Fonduna gələn mənfəətdə də bu özünü çox aydın şəkildə büruzə verir. Məsələn, 2016-cı ildə Azərbaycanın neftdən əldə etdiyi mənfəət 5,2 mlrd dollar təşkil etmişdisə, 2018-ci ildə 9 mlrd dollardan çox gözlənilir. Halbuki 2016-cı ildə hasilat həcmləri cari ildən daha çox idi.

Müəllif:Xeybər Heydərov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256