BİRJA

SOCAR istiqrazları ilə təkrar bazarda əməliyyatlar 150 mln. dolları ötüb
17 MAY
245

SOCAR istiqrazları ilə təkrar bazarda əməliyyatlar 150 mln. dolları ötüb

2018-05-17 11:45:00

SOCAR istiqrazları ilə təkrar bazarda əməliyyatların həcmi 150 mln. dolları keçib. İstiqrazlara böyük maraq və alğı-satqının yüksək olması nəticəsində may ayında SOCAR istiqrazları ilə əməliyyatların həcmi növbəti rekord həddə çatıb.

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 mln. dollarlıq həcmdə buraxılıb. “Yüksək gəlirliliyi və etibarlılığına görə SOCAR istiqrazları investorların böyük marağına səbəb olub. Nəticədə, buraxılmasından 2 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) istiqrazlarla əməliyyatların həcmi təkrar bazarda 150 mln.dolları ötüb. SOCAR istiqrazlarına tələbatın belə böyük olmasının digər səbəbi istiqrazlar üçün SOCAR-ın geri alma zəmanətidir. Belə ki, istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları istənilən vaxt nağd pula çevirmək mümkündür”,- məlumatda qeyd olunub.

Bildirilib ki, SOCAR istiqrazlarına aid öhdəliklərin qrafik üzrə yerinə yetirilməsi, yəni faizlərin vaxtında ödənilməsi də investorların inamını gücləndirən mühüm bir faktordur. İndiyədək SOCAR istiqrazları üzrə 6 dəfə faiz ödənişi edilib və istiqraz sahibləri 7,5 mln. dollar gəlir götürüblər. 2018-ci il üzrə növbəti faiz ödənişləri 17 iyul və 17 oktyabr tarixlərində həyata keçiriləcək.

Nominal qiyməti 1000 dollar olan istiqrazların dollarla illik gəlirliliyi 5% və ya hər istiqraza görə 50 dollar təşkil edir: “SOCAR istiqrazlarına tələbatın yüksək olması istiqrazların qiymətinin artmasına da səbəb olur. Bir qədər əvvəl start verilən REPO əməliyyatları vasitəsilə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, ən aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verilib”.

Xatırladaq ki, hazırda təkrar bazarda tədavüldə olan SOCAR istiqrazlarını 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən almaq mümkündür. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267