BİRJA

“Polad Texno” MMC “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib
08 MAY
364

“Polad Texno” MMC “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib

2018-05-08 09:45:00

Əmlak Məsələləri Dövlət Komitəsi uzun müddət fəaliyyət göstərməyən sənaye müəssisələrinin fəaliyyətinin bərpası və inkişaf etdirilməsi istiqamətində fəaliyyətini ölkə başçısının müəyyən etdiyi tələblərə uyğun davam etdirir.

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, 24 fevral 2018-ci il tarixində komitə “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmiş, aidiyyəti dövlət qurumlarının təmsil olunduğu Müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya, sosial və ekoloji şərtlər qoyulmuşdur.

Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmiş, müsabiqə komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusu əldə etmişdir. Müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə 04 aprel 2018-ci il tarixində baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Polad Texno” MMC “Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.

Müsabiqə qalibi ilə 24 aprel 2018-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsin əsasən, qalib şirkət dövlət büdcəsinə 8,0 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 64,0 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsi və DSMF-yə olan 2,2 milyon manata yaxın məbləğdə borclarının, habelə 260,5 min manat məbləğində əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.

Müəssisənin ərazisinin uzun müddət sulfat turşusu və superfosfat istehsalına bağlı olaraq ciddi antropogen çirklənməyə məruz qaldığını nəzərə alaraq, müəssisənin ekoloji problemlərinin həlli, çirklənmiş ərazilərin tam reabilitasiya olunması, ərazidə olan istehsalat tullantıları və xammal qalıqlarının yerli və beynəlxalq ekoloji norma və standartlara uyğun zərərsizləşdirilməsi məsələləri də, öhdəlik olaraq investorun üzərinə qoyulmuşdur.

Qeyd etmək lazımdır ki, investorun təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisədə ənənəvi fəaliyyət növləri (sulfat turşusu və superfosfat istehsalı) ilə yanaşı, ölkədə bu günədək istehsal edilməyən və salfet məhsullarının istehsalı üçün tələb olunan iri həcmli rulon şəklində kağız yarımfabrikatların istehsalı prosesinin yaradılması nəzərdə tutulur. Müəssisədə həmçinin müxtəlif ölçü və rəngdə son məhsulların, o cümlədən naxış və yazı ilə bəzədilmiş, ətirli quru və nəm salfetlərin, eləcə də, digər kağız (salfet) məmulatlarının istehsal olunması planlaşdırılır. İstehsal olunacaq yarımfabrikatlar yerli istehsalçıların idxaldan asılılığını aradan qaldırmaqla bərabər, həm də bəzi xarici ölkələrə (Rusiya, Türkiyə,

İran, Gürcüstan, Orta Asiya dövlətləri) ixrac olunacaq, hazır məhsullar isə əsasən daxili bazarda satılacaqdır.

Müsabiqə qalibinin təqdim etdiyi məlumata əsasən, artıq İtaliyanın bu sahədə ixtisaslaşmış şikətləri ilə danışıqlar aparılmış və 18 ay ərzində yeni zavodun qurulması barədə ilkin razılaşma əldə edilmişdir.

Yuxarıda sadalanan işlərlə yanaşı, investor tərəfindən müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, su, kanalizasiya və qaz), ərazinin abadlaşdırması, həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində 300-ü daimi olmaqla müəssisədə 350 yeni iş yerinin yaradılması da nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254