BİRJA

BAM – Osman Gündüz, Telman Axundov, Sabit Bağırov, Orxan Əhmədov və Elnur Quliyev
17 APREL
442

BAM – Osman Gündüz, Telman Axundov, Sabit Bağırov, Orxan Əhmədov və Elnur Quliyev

2018-04-17 15:21:00

Son günlərdə ölkədə kriptovalyuta və blokçeyn sahəsi ilə əlaqəli yeni bir qurumun – Blokçeyn Azərbaycan Mərkəzinin (BAM) yaradılması haqda məlumat vermişdik. Fins.az Xəbərlər.az-a istinadən məlumat verir ki

Azərbaycan İnternet Forumun rəhbəri BAM-ın həmtəsisçilərindən olan Osman Gündüz Mərkəz haqqında açıqlama verərək deyib ki, onun tədbirlər planına maarifləndirmə işlərinin keçirilməsi, kriptovalyuta bazarının və blockçeynin tənzimlənməsi məsələsi üzrə təkliflərin hazırlanması, eləcə də bu sahədə konsaltinq işlərinin aparılması daxildir.

O, yaxında bununla bağlı saytın da istifadəyə veriləcəyini bildirib.

Bundan başqa, bu sahədə məlumatların daha savadlı təqdim olunması üçün KİV nümayəndələri üçün kriptovalyuta və blokçeyin üzrə ödənişsiz treninqlərin keçirilməsi planlaşdırılır.

Azərbaycanda hökuməti tərəfindən də bu sahənin tənzimlənməsi və öyrənilməsi istiqamətində müəyyən addımların atılıdığı müşahidə olunur. Belə ki, artıq kökumət tərəfindən bununla bağlı İçşi Qrupunun da yaradıldığı haqında məlumat vermişik.

Əldə etdiyimz məlumata görə, BAM yaxın zamanlarda bu sahənin öyrənilməsi və inkişafı istiqamətində yeni addımlar atmağı nəzərdə tutur.

BAM-ın həmtəsisçilərinə isə AİF-dən Osman Gündüz , Portmanat.az–dan Telman Axundov, Sahibkakarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondundan Sabit Bağırov, CryptoAZE Cəmiyyətindən Orxan Əhmədov və Crypto Consalting- Kriptoinvest.az-dən Elnur Quliyev daxildir.

Hazırda bu istiqamətdə görülən işlərlə, blokçeyn texnologiyaların, kriptovalyutaların Azərbaycan iqtisadiyyatında rolu barədə adı çəkilən BAM-ın həmtəsisçisi Orxan Əhmədovla söhbət etdik.

Orxan Ehmed
Orxan Ehmed

Onunla müsahibəni təqdim edirik:

  • Orxan bəy, son dövrlər “blokçeyn” sözü çox populyar olub. Bu texnologiya Azərbaycan iqtisadiyyatının hansı sahələrində tətbiq oluna bilər? Haralarda xeyir gətirə bilər?

Blokçeyin texnologiyasının yaradılması 2008-2009-cu illərə təsadüf edir və o zamandan bəri indiyədək həm texnologiyanın özü, həm də ona olan maraq durmadan artmaqdadır. Şübhəsiz, əksər hallarda insanların əksəriyyəti “blokçeyn” sözü ilə kriptovalyutaları bir tutur və bu sözləri qarışdırır. Səbəb isə odur ki, blokçeyn texnologiyası ilk kriptovalyuta olan bitcoin-in yaradılması üçün işlənilərək tətbiq edilmiş və hazırda istənilən növ kriptovalyutanın ayrılmaz bir hissəsidir. Burada anlamaq lazım olan əsas fikir odur ki, blokçeyn texnologiya olaraq kriptovalyutanın əmələ gəlməsi və işləməsi üçün şərtdir. Eyni zamanda, kriptovalyutanın mövcud olması üçün də blokçeyn lazımdır. Yəni , bu iki məhvum bir-birini tamamlayır.

Lakin bu o demək deyil ki, blokçeyn texnologiyası yalnız kriptovalyutaların yaradılmasında istifadə edilə bilər. Texnologiya olaraq hazırda tranzaksiyalar, smart kontraktlar, fiziki yaddaş və hibrid blokçeyn texnologiyaları mövcuddur. Bu texnologiyalardan istifadə edərək torpaq reyestri, vətəndaşlara dövlət tərəfindən verilən müxtəlif növ sənədlərin qeydiyyatı, ölkədə istehsal olunan məhsulların orijinallığının təsdiqi, notarial xidmətlər, məlumat təhlükəsizliyi və bir çox digər sahədə tətbiq etmək olar. Ümumilikdə götürsək, texnologiyanın tətbiqi ilə həm bürokratik əngəlləri aradan qaldırmaq, həm də vətəndaşlara daha sürətli və təhlükəsiz xidmət təklif etmək mümkündür.

Blockcheyn Azerbaijan
Blockcheyn Azerbaijan
  • Bizdə də İCO tipli layihələr üzərində işləyənlərin olduğu bildirilir. Bu nə dərəcədə realdır ? Bir sıra ölkələr İCO layihələri qadağan edib. Bu ölkələr İCO bazarını qiymətli kağızlar bazarı ilə eyniləşdirərək bunun üçün zəruri prosedurların olmasını vacib sayrdılar. Bizdə bu hal gözlənilə bilərmi ?

Məndə olan məlumata əsasən, hazırda 3 startap layihə İCO keçirtmək niyyətindədir və bu istiqamətdə araşdırmalar apararaq, hazırlıq işləri görürlər. Əgər bu layihələr uğurlu İCO keçirərək, investisiya cəlb edə bilsələr, o zaman Azərbaycan startaplarının ən böyük problemi olan ilkin yatırımın əldə edilməsi aradan qalxmış olar.

Qadağa ilə bağlı mənim şəxsi fikrim budur ki, bu texnoloji trend heç kəsin gözləmədiyi sürətlə böyüyərək, geniş vüsət aldı. 2017-ci ildə çox sayda layihə bu yolla investisiya cəlb edə bilib. Burada iki faktor qadağaların yaranmasına səbəb olub; – fırıldaqçı layihələr və – dövlətin nəzarəti olmayan böyük pul axını.

Birinci hal aydındır ki, gizli olan yerdə fırıldaqçılar da ortaya çıxaraq külli miqdarda pul toplaya bilirlər. İnsanlar verilən vədlərə inanaraq öz pullarını bu tip layihələrə yatırım edərək, anidən varlanmaq istədikləri halda, sonradan pul itirirlər.

İkinci hal isə həm birinci haldan sonra yaranan çoxsaylı şikayətçilər, həm də çirkli pulların yuyulması və vergidən yayınma hallarına görə, dövlətlər bu tip pul toplamalarına ilkin mərhələdə qadağa qoyurlar. Yəni buna səbəb baş verən xaosu dayandıraraq, analiz etdikdən sonra, düzgün qanun bazası yaradaraq icazə və ya qadağa qoymaq istəyidir. Bir sıra ölkələr İCO-lar üçün qanunvericilik bazası yaradaraq, bu prosesi nəzarətdə saxlayır. Digərləri isə hələlik gözləmə mövqeyinə keçərək, araşdırmalar aparır.

  • Yəni İCO-ya qiymətli kağız olaraq yanaşa bilərikmi ?

Ümumilkdə götürsək, İCO qiymətli kağız deyil, daha çox kraudfandinq-ə bənzəyir. İCO-lar zamanı yatırım edən şəxslərə məhsul deyil, layihənin coin və ya tokenləri verilir. Məsələn, məhz bu coin və tokenlərin sonradan işlənilməsi məntiqindən asılı olaraq dəyişə bilir. Bəzi hallarda tokenlər, layihənin payçısı olmaq və şirkətin gəlirinə şərik olmaq imkanı verir ki, məhz bu cür layihələrin sonradan dövlətin qiymətli kağızlar haqqında qanunvericiliyi ilə problemləri yaşana bilir. Digər hallarda isə “utility token” anlayışı istifadə edilir ki, bu zaman yaradılan token yalnız layihə daxilində, təklif olunan məhsul və xidmətlərin ödənişi üçün istifadə oluna bilər. Bu isə öz növbəsində layihə təsisçilərinin, token alan şəxslər qarşısında şirkət pay və gəlirləri ilə bağlı heç bir öhdəlik yaratmadığından, qiymətli kağızlar kimi dəyərləndirilə bilməz.

Məhz bu səbəbdən dövlətlər xüsusi yoxlayıcı orqanlar yaradaraq, İCO-nun keçirilmə səbəbi və nəticədə investorlara təqdim olunan tokenlərin məqsədini başa düşdükdən sonra, uyğun prosesdən keçməsini tövsiyyə etmək istəyirlər. Nəticədə həm İCO-nun məqsədi, pul toplama məntiqi və ən əsas investorların təhlükəsizliyi təmin olunmuş olur.

Azərbaycanın bu tip məsələlərə yanaşmasını keçmiş təcrübələrə əsasən nəzərə alsaq, hər hansı bir innovativ qərarın qəbul ediləcəyinə inanmıram. Ən yaxşı halda, hər hansı bir ölkənin qanunlarının oxşarı qəbul olunacaq ki, bu zaman da İCO keçirilməsi mənim düşüncəmə görə, prosesdə iştirak edəcək heç bir tərəfə cəlbedici görünməyəcək. Amma bilmək olmaz.

Bəlkə də, fərqli yanaşma görə bilərik. Qeyd edim ki biz də BAM olaraq bu istqiamətdə maarifləndirici işlərin , konsaltinq işlərinin təşkili nəzərdə tuturuq.

Blockchain
Blockchain
  • Bir müddət öncə bizim Mərkəzi Bank kriptovalyutalarla bağlı ehtyatlı olmağa tövsiyyə etdi. Amma hansısa qadağalar, məhdudiyyətlər haqqında açıqlamalar olmadı. Buradan belə qənaətə gəlmək olarmı ki, bizdə bu sahə leqallaşdırıla bilər?

Mərkəzi Bankın bu cür fikirlər və tövsiyyələr verməsi təmamilə normaldır. Yuxarıda qeyd etdiyim kimi, kriptovalyutalar ilə əməliyyatlar riskli olduğundan, mövzudan məlumatı olmayan şəxslər həm kriptovalyuta qiymətlərinin oynamaları, həm də fırıldaqçıların ucbatından pullarını itirə bilərlər. Bu cür hallar yarandıqda isə, ilk növbətə qanuna üz tutacaqlarından, istər Mərkəzi Bank, istərsə də aidiyyatı digər qurumlar məsələdən agah olaraq, daxil ola biləcək şikayətləri düzgün qiymətləndirə bilməlidirlər.

Çünki burada məsələ həm açıq aşkar fırıldaqçılıq hallarından, həm də şəxsin öz səhvi ucbatından yarana bilər. Məsələn, kriptovalyutaların populyarlığından istifadə edərək, bir çox ponzi sxemləri əsasında işləyən layihələr ortaya çıxaraq insanlara qısa müddətdə böyük gəlirlər vəd edirlər. Bu hallar tək bizdə deyil, xarici ölkələrdə yaranaraq dünyaya yayılır və nəticədə insanlar öz pullarını itirmiş olurlar. Digər halda isə insan öz pullarını hər hansı bir kriptovalyutaya spekulyativ məqsədlər ilə yatıraraq, pul qazanmaq istəyir, lakin bazarda baş verən dəyişiklik nəticəsində, həmin tokenin dəyərində baş vermiş azalma nəticəsində pulunu itirə bilər. Bu halda kimə və nəyə görə şikayət olunmalıdır?

Hazırda ölkəmizdə kriptovalyutalar ilə bağlı yekun bir fikir və ya hər hansı bir qanun mövcud deyil. Buna görə də bu sahədə heç bir qadağa olmadığından, hər hansı bir vətəndaş riski öz boynuna götürərək, kriptovalyuta ilə alqı-satqı edə bilir.

  • Bir müddət öncə kriptovalyuta və blokçeyn sahəsinin tənzimlənməsi ilə əlaqəli bir konfrans təşkil etmişdiniz. Bu tip müzakirələri davamlı etmək fikriniz varmı ? Növbəti hansı tədbirləri keçirməyi nəzərdə tutursunuz?

Bütün dünyada blokçeyn və kriptovalyutalar ilə bağlı tədbirlər demək olar ki, hər ay keçirildiyi halda, bizim ölkədə bu istiqamətdə çox zəif işlər aparılır. Bu növ tədbirlərin keçirilməsində məqsəd, məhz yuxarıda qeyd etdiyim risklər barədə əhalini məlumatlandırmaq, texnologiyaların tətbiqi ilə bağlı sahələrin ortaya qoyulması, startap layihələrin yeni məhsullarının təqdimatı olmalıdır.

Hazırda biz həm sosial şəbəkələrdə olan qruplarda blokçeyn və kriptovalyutaları müzakirə edərək, tədrisini aparır, həm də bir sıra açıq və qapalı tədbirlər təşkil edirik. Bu istiqamətdə görüş və tədbirlərimiz də davamlı olacaq.

  • Azərbaycanda mayninqlə bağlı işlər necədir ? Burada böyük biznes , böyük pullar qazananlar varmı ? Bəzən deyirlər ki, bizdə də necə deyərlər böyük mayniq fermalar var. Qonşu ölkələrlə müqayisədə bizdə bu sahə necə inkişaf edib ? Bu bizneslə məşğul olmaq sərbəstdirmi ? Adi bir insan bununla məşğul ola bilərmi , bunun üçün nə lazımdır ?

Məndə olan məlumatlara əsasən, bəli, Azərbaycanda da mayninq ilə məşğul olan fərd və qurumlar var. Düzü bu sahədə kimin nə qədər pul qazandığı barədə məlumatım yoxdur. Mayninqlə məşğul olduğunu deyən şəxslərlə söhbət əsasında ortaq bir fikir eşitdim ki, kimsə mayninq nəticəsində topladığı coinləri satmır. Həmin coinləri saxlayaraq gələcəkdə daha baha qiymətə satmaq istədiklərindən, hazırda bu sahəyə çəkilən xərcləri öz ciblərindən bir investisiya kimi qarşılayırlar.Əslində mayninq prosesində qeyri-qanuni heç bir iş yoxdur və istəyən şəxs uyğun avadanlığı olarsa bu metodla pul qazana bilər. Mən hər zaman mayninq prosesini adi internet klub biznesinə bənzədirəm. Siz müəyyən məbləğdə yatırım edərək, kompüterlər alır, yer kirayə götürərək, istənilən şəxsin sizin kompüterin gücündən istifadə edərək, pul qarşılığında internetə çıxışını təmin edirsiniz.

Mayninq prosesi də buna bənzər bir biznesdir. Yenə də siz kompüter alır, onları internet şəbəkəsinə qoşaraq, öz kompüter gücünüzü blokçeyn tranzaksiyalarının təsdiqi üçün istifadə edir və qarşılığında virtual pul qazanmış olursunuz. Əsas fərq ondan ibarətdir ki, internet klub halında sizin kompüter hər saat nə qədər pul qazana biləcəyi ortadadır və siz kassanıza daxil olmuş pulun əsasında vergi ödəyirsiniz. Mayninqdə isə sizin qazancınız həm blokçeyn şəbəkəsinin çətinlik dərəcəsi, həm sizin kompyuterin gücü, həm də kriptovalyuta bazarındakı qiymətlərin qalxıb-düşməsindən asılıdır. Məsələn, bu gün siz 10 manat dəyərində coin mayn etmisinizsə, ayın sonuna bu coinlərin dəyəri 5 və ya 100 manat ola bilər. Buna görə də mayninq prosesini vergiyə cəlb etmək bir az müşkül məsələdir. Amma, çıxış yolu var təbii ki. Mayninq ilə məşğul olan şəxs, mayninq nəticəsində topladığı coinləri sataraq nağdlaşdırdıqda, əldə etdiyi fiat pulun əsasında vergini ödəyə bilər ki, bu da həm şəxs, həm də aidiyyatı dövlət orqanlarının işlərini asanlaşdıra bilər.

Mayninq ilə həm adi insan, həm də böyük yatırımı olan şirkətlər məşğul ola bilər. Necə ki, adi bir insan evdə kompüteri ilə internetə qoşula bildiyi kimi, bunu daha professional qurğular ilə, daha böyük həcmlərdə də etmək mümkündür. Adi şəxsin bunu etməsi üçün güclü göstəriciləri olan kompüter yığması kifayətdir.

  • Bildirilirdi ki, hökumət də bu sahədə tənzimləmə ilə bağlı bir İşçi Qrup yaradıb . Amma nədənsə onun aktivliyi müşahidə olunmur. Bu o deməkdir ki, hökumət sahəni tənzimləməkdə o qədər də tələsmir ? Bu sahədə hökumətin gələcək addımları necə ola bilər ?

Bəli, belə bir qrup yaradılıb və mən bildiyim qədərilə çox gərgin iş aparılır. Yəni aktivlik dedikdə nə etməlidirlər ki? İşçi qrupu tədbirlər və görüşlər keçirtməli deyil, ən azı indiki mərhələdə. Hazırda həmin qrup dünya təcrübəsini araşdırıb, ən düzgün qərarları qəbul etmək üzərində çalışmalıdır. Bu sahə sadəcə blokçeyn texnologiyası və kriptovalyutalardan ibarət deyil, daha geniş bir sahədir. Buna görə də qəbul ediləcək bütün qanun və qaydalar bir-biri ilə uzlaşmalı və təzadlar yaratmamalıdırlar. Hesab edək, İCO-lara icazə verilir, ancaq kriptovalyuta ilə alqı-satqısına qadağa qoyulur. Bu zaman İCO keçirilməsinin mənası qalmır. Və ya mayninqə vergi tətbiq olunur, ancaq şəxsin hazırda dəyəri aşağı, yoxsa yuxarı olan coini mayn etdiyi nəzərə alınmır. Sahə çox genişdir və həddindən çox şaxələnmə olduğundan, bu sahədə çox qısa zamanda, rahat qanunlar işləyib, tətbiq etmək çətin məsələdir.

İstənilən halda, əgər belə bir qrup yaradılıbdırsa, bu təşəbbüs alqışlanmalıdır. Ola bilsin ki, bəzi qaydalar yaxşı, bəziləri isə neqativ qarşılansın. İstənilən halda zaman ilə bəzi qaydalar dəyişidirilə bilər. Məncə, hər şey bu sahənin ölkəmizdə olan inkişafından asılı olacaq. Şəxsən mənə görə, burada görünən qədər şişirdiləcək bir mövzu yoxdur. İnsanlar sadəcə kriptovalyutaların anidən qiymət artışından təsirlənərək, texnologiyanın məntiqi, tətbiqi sahələri barədə unudurlar. İstiqamət məhz pul qazanmaq olduğundan, bu sahə təzadlar yaradır.

Biz də BAM olaraq bu sahınin inkişafına xidmət edəcək təkliflərin hazırlanması və hökumət təqdim edilməsi istqiiamətində müəyyən addımlar atırıq

Seminar
Seminar
  • Sizcə, kriptovalyuta Azərbaycanda qanuni ödəniş vasitəsi, hesablaşma vasitəsi ola bilərmi ? Yəni insanlar bitcoin və ya digər alt koinlərlə hansısa xidməti əldə edə biləcəkmi ?

Azərbaycan Respublikasının pul haqqında qanunvericiliyinə əsasən, rəsmi ödəniş vasitəsi yalnız Azərbaycan Manatı ola bilər. Digər valyutların isə ödəniş kimi istifadə olunması qadağandır. Ancaq, bu o demək deyil ki, kriptovalyutalardan istifadə etmək olmaz. Daha doğrusu kriptovalyuta texnologiyası və məntiqindən istifadə edərək, bir sıra işləri rahatlaşdırmaq olar. Məsələn, pul köçürmələri zamanı vətəndaşlar hər hansı bir kriptovlayutadan yararlanaraq, sürətli və ucuz yolla ölkə daxili və xaricinə pul göndərə bilərlər. Bu zaman yarana biləcək əsas problem, göndərilən pulun həcmindən ibarətdir ki, hazırda bir vətəndaş, bir dəfəyə 10 min dollardan artıq məbləği ölkə xaricinə çıxara bilməz.

Bununla yanaşı, qanunlar işləyib, tətbiq etmək çətin məsələdir və kriptovalyutalar əsasında xüsusi loyallıq sistemləri, bonuslar və biletlər yaratmaq olar ki, bu növ xidmətlər dövlətin əsas valyutasına rəqib deyil, tamamlayıcı rol oynaya bilərlər. Məsələn kino, konsert, nəqliyyat biletləri, hədiyyə kartları və sadiqlik sistemləri üçün bonuslar da blokçeyin əsaslı tokenlərlə əvəz oluna bilər. Bu işlərin görülməsi üçün bitcoin sadəcə olaraq lazım deyil…

  • BAM-ın saytını nə zaman istiafdəyə verəcəksiniz və yaxın zamanlarda bu sahədə hansı tədbirləri nəzərdə tutrusunz?

Hazırda saytın üzərində işlər davam edir. Yaxın günlərdə istifadəyə veriləcək. BAM yaxın zamanlarda İCO layihələrlə bağlı maraqlı tərəflərin iştirakı ilə toplantı keçirməyi nəzərdə tutur. Eyni zamanda, KİV nümayəndələri üçün də kriptovalyuta və blokçeynlə bağlı ödənişsiz təlimlər keçirməyi planlayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256