BİRJA

Bitkoinin dəyəri 1000 dollardan da aşağı düşə bilər
06 FEVRAL
153

Bitkoinin dəyəri 1000 dollardan da aşağı düşə bilər

2018-02-06 16:04:00

Bitkoinin qiyməti bu gün səhər saatlarında 6 017 dollara qədər geriləyib. Bu, 2017-ci ilin oktyabrın 29-dan sonra ən minimal həddir. 

Fins.az  xəbər verir ki, kriptovalyuta bazarının kapitallaşması 554 milyard dollardan 278 milyard dollara qədər geriləyib.

Bazarın dəyər itkisi 66% təşkil edib.

Ötən il 19 min dollara qədər yüksələn bitkoin 2018-ci ilin əvvəlindən 70 faiz ucuzlaşıb. Maraqlıdır, bu, “köpüy”ün partlaması ola bilərmi?

Bitkoinin dəyəri 1000 dollardan da aşağı düşə bilər

İqtisadçı-eskpert Vüqar Bayramov bildirir ki, əvvəldən proqnozlar bitkoinin dəyərinin 8000 dolları keçdikdən sonra “köpüy”ün yaranacağı istiqamətində idi:

“Bu, özünü doğrultdu. Bitkoin 20 min dollara qədər yüksəldi. Məhz ondan sonra “köpük” partlamağa başladı”.  

“Kriptovalyutaların bazar qiyməti aparıcı ölkələrin onlara münasibətindən asılıdır”, - deyən mütəxəssis bildirir ki, aparıcı dövlətlər hələlik bu valyutaların, xüsusilə bitkoininin dövriyyəsinin genişlənməsində maraqlı deyillər:  

“Məsələn, 2017-ci ilin sonunda ABŞ bitkoinin istifadəsi, eləcə də, indeksasiyası ilə bağlı bir sıra addımlar atdı. Amma sonrakı mərhələdə bu istiqamətdə proseslər davam etdirilmədi.

Digər tərəfdən, Cənubi Koreya 2018-ci ilin əvvəlində bitkoinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul etdi. Eləcə də, Almaniya Mərkəzi Bankı, Federal Rezerv Sistemi bitkoinin istifadəsinə qarşıdır.

Bütün bunlar ondan xəbər verir ki, hələlik dünya virtual valyuta dövrünə hazır deyil”.

İqtisadçı hesab edir ki, strateji baxımdan virtual valyuta dövrü olacaq və bu, qaçılmazdır:

“Blokçeyn əməliyyatlarının aparılması yaxın dövr üçün gözləniləndir. Nəzərə alsaq ki, bu əməliyyatlar ənənəvi bank hesablaşmaları olmadan aparıla bilər, buna görə də Mərkəzi Banklar, kommersiya bankları bu əməliyyatlara maraq göstərmirlər”.

V.Bayramovun fikrincə, Mərkəzi Bankların, eləcə də, şirkətlərin kriptovalyutalara hazırkı münasibəti davam edərsə, virtual valyutalar kəskin ucuzlaşacaq:

“Bitkoinin dəyərinin 1000 dollardan aşağı düşməsi gözləniləndir. Buna görə növbəti dövrlərdə bitkoinin qiyməti birbaşa aparıcı dövlətlərin münasibətindən asılı olacaq”.   

Bazar iştirakçısı: Bazara vaxtında daxil olub, vaxtında çıxmaq lazımdır

Məsələ ilə bağlı bazar iştirakçılarının da rəyini öyrəndik. Kriptovalyuta alışı ilə məşğul olan investorun sözlərinə görə, fond birjaları kimi, kriptovalyuta bazarı da azalma tendensiyasına malikdir:

“Lakin kriptovalyuta bazarı vahid mərkəzdən idarə edilmir, eləcə də, birja bazarındakı kimi iştirakçılara sahib deyil. Risklər böyük olduğundan kriptovalyuta bazarının iştirakçıları da az stressə davamlıdırlar. Buna görə də cüzi ucuzlaşmadan təşvişə düşürlər.

Hesab edirəm ki, bazarda “köpük” yoxdur. Sadəcə, çox yenidir, ətrafdakı proseslərə həssasdır.

Başqa tərəfdən, bank sektoru da kriptovalyuta bazarının inkişafında maraqlı deyil”.

İnvestorun sözlərinə görə, bazara spekulyativ təsirlər çoxdur:

“Çin müəyyən qadağalarla bazara psixoloji təsir edir. Qiymətlər dərhal düşməyə başlayır. Bir çoxları sürətli dəyər itkisindən qorxub əllərindəki kriptovalyutaları satırlar. Bu halda, əsasən, Çin onları alır və qiymət artımında satır.

Bazarda itkilərlə üzləşməmək üçün zamanlama mühümdür. Yəni bazara vaxtında daxil olub, vaxtında çıxmaq lazımdır”.

Bazar iştirakçısının proqnozuna əsasən, kriptovalyutaların dəyəri yüksələcək:

“Aprel-may aylarında virtual valyutaların yenidən bahalaşmasını müşahidə edəcəyik”. 

“Dot-com köpüyü”

Qeyd edək ki, bitkoinlə bağlı bazar prosesləri 1997-2000-ci illərdə ABŞ-da baş verən “internet köpüyü” və ya ya “dot-com köpüyü” ilə müqayisə olunur.

Xatırladaq ki, həmin vaxt Nasdaq Texnologiya İndeksinin qiyməti beş dəfə yüksələrək - 5132,52 bənd təşkil etmişdi. 2000-ci ildə qəflətən “köpüy”ün partlaması nəticəsində yüksək texnologiya şirkətlərinin səhmləri qəflətən kəskin ucuzlaşmışdı. Ölkədəki internet şirkətlərinin yarısı iflas etmişdi.

oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273