BİRJA

Azərbaycanda valyuta birjası niyə işləmir? – MÜSAHİBƏ
06 OKTYABR
579

Azərbaycanda valyuta birjası niyə işləmir? – MÜSAHİBƏ

2017-10-06 11:05:00

Fins.az iqtisadçı-ekspert Samir Əliyevlə müsahibəni təqdim edir:

- Azərbaycanda hazırda valyuta birjası niyə işləmir?

- Azərbaycanda valyuta birjası uzun müddət fəaliyyət göstərsə də, amma bu simvolik olub. Ona görə ki, valyutaların məzənnəsini birja yox, uzun müddət Mərkəzi Bank müəyyənləşdirib. Devalvasiyaya qədər Mərkəzi Bank fiksə edilmiş məzənnə müəyyən edirdi. Yəni, dollara olan münasibəti Mərkəzi Bank manatın dollara olan münasibətinə əsasən müəyyənləşdirirdi. Digər valyutaların manata olan məzənnə isə çarpaz müəyyənləşdirilirdi. Yəni, manatın dollara olan məzənnəsi götürülürdü, sonra dolların avroya olan məzənnəsi götürülürdü və bunun əsasında manatın avroya olan məzənnəsi müəyyən edilirdi. Dünya bazarında dollar avroya münasibətdə necə dəyişirdisə, Azərbaycanda da avro manata münasibətdə eyni şəkildə dəyişirdi. Sonradan 2015-ci ilin dekabr ayının 21-dən Mərkəzi Bank üzən məzənnəyə keçdiyini elan etdi. Mərkəzi Bankın açıqlamasına görə, bundan sonra manatın məzənnəsini bazar müəyyən etməli idi. Həmin dövrdə gözlənilirdi ki, Azərbaycanda Valyuta Birjası fəaliyyət göstərəcək, genişlənəcək və bu birjada banklar alqı-satqı edəcək. Bunun əsasında isə Azərbaycanda valyutaların məzənnəsi formalaşacaq. Amma bu da baş vermədi. Çünki bizdə valyuta alqı-satqısı ölkənin valyuta birjasında deyil, məhz “Bloomberg” platformasında həyata keçirilməyə başladı. “Bloomberg” oxşar valyuta hərraclarını digər ölkələrdə də həyata keçirir. Mərkəzi Bankın valyuta hərracları, o cümlədən yerli banklar arasında valyuta alqı-satqısı bu terminal üzərində həyata keçirilir. Ona görə də valyuta birjası ofsaytda qaldı və bu gün birjada valyutaların məzənnəsi müəyyən edilmir. Bu onu göstərir ki, Azərbaycanda valyutaların məzənnəsini bazar deyil, Mərkəzi Bank müəyyənləşdirir.

-Valyuta birjasının üstünlükləri nədən ibarətdir?

- Birjanın olmasının üstünlüyü ondan ibarətdir ki, real bazar dəyərini müəyyənləşdirməyə imkan verir. Digər tərəfdən baş verən proseslər birjada daha həssasdır. Hər hansı bir dəyişiklik birjada dərhal öz əksini tapır. Bundan əlavə birjalara çıxış, birjadan nəsə almaq mövcud sistemdən daha asandır. Bu baxımdan bütün dünyada bazar meydanı olan birjalarda valyutaların kursu müəyyən olunsa da, bizdə təəssüf ki, birjaların valyuta bazarında heç bir rolu yoxdu.

- Azərbaycan təcrübəsindən hansısa ölkələr istifadə edirmi?

- İnkişaf etmiş ölkərin hamısında məzənnə valyuta birjalarında müəyyən edilir. Məsələn, Yaponiyada, Almaniyada, ABŞ-da və Böyük Britaniyada tez-tez valyuta birjaları haqqında eşidirik. Hər bir ölkənin özünün daxili birjası var.Məsələn, Moskva Banklararası Valyuta Birjası. Bakıda əvvəl banklararası valyuta birjası var idi. Amma indiki şəraitdə Azərbaycanda valyuta birjasının fəaliyyət göstərməsi də bir qədər çətindir. Çünki manatın məzənnəsi bu gün daha çox Mərkəzi Bank tərəfindən tənzimlənir.

-Hazırda valyuta birjasını rolunu “Bloomberg” terminalı oynayır. Bu terminaldan istifadənin hansısa riskli tərəfləri varmı?

- Banklar üçün burada hansısa ciddi təhlükə görmürəm. Fərq ondan ibarətdir ki, valyuta birjasında məlumatlar daha açıq şəkildə əldə etmək mümkündür. “Bloomberg”də isə məlumatları faktiki olaraq aylıq ödənişlə abunə olan şəxslər ala bilir və prosesi izləyə bilirlər. Ümumilikdə isə insanların bu alqı-satqıya çıxışı yoxdur. Hesab edirəm ki, hər bir halda valyuta birjalarının fəaliyyətini bərpa etmək lazımdır.

- Azərbaycanda valyuta birjasını yenidən bərpa etmək mümkündürmü?

- Valyuta birjasının bu gün normal fəaliyyət göstərməsi çox çətin görünür. Biz o zamanda qeyd etmişdik ki, manatın üzən məzənnəyə keçidi üçün şərait yoxdur. Azərbaycan iqtisadiyyatında manatın üzən məzənnəyə keçidi təhlükələr yaradır. Bizim iqtisadiyyatda fiksə edilmiş məzənnə daha böyük rol oynayır. Üzən məzənnə keçid üçün diversifikasiyalı iqtisadiyyatlar lazımdır. Yəni, bir mənbədən aslı olmayan, enerji daşıyıcılarından aslı olmayan iqtisadiyyatlardan söhbət gedir. Bizdə də təəssüf ki, üzən məzənnəyə keçildi. Bununla belə təcrübə göstərdi ki, Azərbaycanda üzən məzənnə deyildiyi şəkildə manatın məzənnəsini müəyyən etmir, daha çox Mərkəzi Bankın inzibatı resurslar hesabına müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289