BİRJA

“Azərbaycandakı layihələrə də pul tapa bilərik” – İSTANBUL BİRJASININ RƏSMİSİ - VİDEOMÜSAHİBƏ
15 NOYABR
299

“Azərbaycandakı layihələrə də pul tapa bilərik” – İSTANBUL BİRJASININ RƏSMİSİ - VİDEOMÜSAHİBƏ

2016-11-15 09:46:00

Bir neçə gün əvvəl Borsa İstanbulun Satış və Marketinq departamentinin direktoru Adnan Serhat Görgün Bakıda səfərdə olub. İstanbul birjasının eksperti Bakı Fond Birjasının rəhbərliyi (BFB), birjanın səhmdarları, Qiymətli kağızlar bazarının ayrı-ayrı iştirakçıları ilə görüşlər keçirib. Bu görüşlərdə əməkdaşlıq, Türkiyənin qiymətli kağızlar bazarının təcrübəsinin Azərbaycanla  bölüşülməsi və s. məsələlər müzakirə edilib. Səfər zamanı, noyabrın 7-də Adnan Serhat Görgün Bakı Fond Birjası və Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil edilən «Startapların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları» mövzusunda seminarda da çıxış edib.

Fins.az-a video müsahibəsində Adnan Serhat Görgün Azərbaycada böyük maraq olan startapların  maliyyələşdirilməsi, qiymətli kağızlar bazarında gözlənilən yeniliklər, BFB ilə əməkdaşlıq, Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi və Türkiyədəki son iqtisadi durum barədə məsələlərə toxunub.

Startap üçün ideyadan da vacib məsələ komandadır

Adnan Serhat Görgünün sözlərinə görə, təcrübə göstərir ki, startaplarda investorların ilk diqqət etdiyi məsələ, layihəni reallaşdıracaq komandadır: «Yəni bu komandada layihəni iddia edilən nöqtələrə daşıya biləcək güc və bilik varmı?!»

Ekspertin sözlərinə görə, güclü komanda zəif ideyanı da müəyyən dərəcədə inkişaf etdirə bilər, amma komanda zəifdirsə ən yaxşı ideyanı da heç edə bilər: «Ona görə də yaxşı komandanın olması ideyanın unikallığından daha vacibdir». 

Hər 10 ideyadan yalnız biri diqqəti cəlb edir

Ekspert bildirir ki, investorlara təklif olunan ideyaların çox az hisəsi reallaşdırmaq üçün investorlar tərəfindən bəyənilir. İnvestorların ilkin marağı isə layihənin davamı üçün şansdır. Amma əgər bir investor layihəyə yox deyibsə ruhdan düşmək lazım deyil. Doğrudur, investorlar təcrübəlidir və layihələrin perspektivini daha yaxşı görə bilirlər. «Amma çox mümkündür ki, bir neçə investorun “yox” dediyi layihə növbəti investor tərəfindən bəyənilir və bura pul ayrılır. Ona görə də investorları da yaxşı axtarmaq lazımdır».

«Yeni ideya tapmaq çətindir» fikri düz deyil

Son vaxtlar startap layihələrinin sürətlə artması nəticəsində yeni ideyaların tükəndiyi qənaəti yaranıb. Yenilik tapmaq getdikcə çətinləşdiynidən belə biznes qurmaq da çətinləşir. Amma türkiyəli ekspert bildirir ki, ideyalar tükənmir, sadəcə daha yaxşı düşünmək lazımdır: «Hələ ötən əsrin 20-ci illərində ABŞ-ın patent ofisi çoxsaylı ixtiralardan sonra bəyan ketmişdi ki, artıq yeni ideyalar qalmadı, amma sonrakı dövr göstərdi ki, bu belə deyil».

İBM-in ilk kompüterləri kəşf ediləndə də belə fikirləşirdilər. Amma həmin vaxt da mobil telefonların, kompüter və planşetlərin həyatımıza bu qədər daxil olacağını heç kim bilmirdi. Yəni inkişafın və innovasiyaların sonu yoxdur və ideyalar da həmişə var: «Bu gün məktəbdə oxuyan şiagirdlər bizim təsəvvürümüz olmayan işlərlə məşğul olacaqlar». 

İnvestorlar nə qədər pul verirlər?

Əslində, bu çox mürəkkəb sualdır. İndiyədək mövcud olan, öz tarixi olan şirkət olanda bu asandır. Onun bazar dəyəri, indiyədək olan fəaliyyəti və nə qədər gəlir gətirdiyi məlumdur.  Startaplarda isə məsələ başqadır – onun keçmişi yoxdur. Bu barədə yeganə məlumat var – onlara nə qəər pul lazımdır. Burada hər şey danışıqlardan asılıdır.

İnvestora nə qədər pay verilməlidir?

Digər mühüm məsələ odur ki, verilən pulun müqabilində investor şirkətin hansı hisəsini alacaq. Burada da dəqiq qaydalar yoxdur, bütün bunlar danışıqlarda həll olunur. Amma təcrübəyə əsasən bəzi çərçivələri qoymaq olar. Əvvəla, startapın öz sahibi bu işi inkişaf etdirmək və buna enerji qoymağa motivasiyası olması üçün kifayət qədər paya sahib olmalıdır. Digər tərəfdən, startapçının əlində o qədər pay qalmalıdır ki, gələcəkdə yeni maliyyələşmə mənbələri axtaranda onlardan da bir hissəsini yeni investora verib pul cəlb edə bilsin. 

İnvestor üçün «Exit» nöqtəsi

Hazırda startap layihələri üçün əsas problemlərdən biri investorlar üçün «Exit», yəni «çıxış» nöqtəsinin olmamasıdır. Çünki investor layihəyə pulu yalnız pul qazanmaq üçün yatırır. Deməli, o nə vaxtsa bu layihədən çıxa bilməlidir. Çıxış olmazsa, investisiya mexanizmi işləməz, sonrakı layihələr üçün pul tapmaq çətindir. Ona görə də işi elə qurmaq lazımdır ki, əhalidəki pulları cəlb etmək mümkün olsun. Eyni zamanda iş elə planlaşdırılmalıdır ki, şirkət lazımi dəyər alaraq daha iri investora satıla bilsin. 

İnvestorlarla startapçıların «görüş yeri»

Hazırda əsas problemlərdən biri investorlarla startapçıları əlaqələndirməkdir. Borsa İstanbulda bunnula bağlı iki alət yaradılıb. Onlardan biri onlayn platformadır. Burada həm investorların, həm də startapçıların siyahısı var. Startapçılar öz ideyalarını, planlarını və tələb olunan invesisiyanı açıqlayır, sərmayəçilər isə maraqlı olduqları sahələri və yatıracaqları pulları göstərirlər. Artıq bu platforma üzərindən 12 layihə maliyyələşib. 11 milyon dollarlıq yatırım edilib

«Kraudfaundinq» platforması

İkinci bir investisiya metodu «kraudfaundinq» üsulu ilə işləyir. Burada təkcə startapçılar yox, istənilən şəxs ona nə qədər vəsait lazım olduğunu bildirir və qarşı tərəflə əlaqə yaradırlar. Startapçı, sənətçi albom buraxır, rəssam sərgi açmaq istəyir və s. “Mənim görmək istədiyim  budur, ey xalq mənə 50-100 manat ver” deyir.

Bunun qarşılığı bir neçə formada ödənilir. Məsələn, verilən pulun müqabilində pulu verən tərəf məhsulu alır (məsələn, yığılan pulun hesabına istehsal olunan məhsuldan birini, sərgiyə bilet, albom və s).

İkinci üsul - gələcəkdə bu pulu faizlə qaytararam.

Üçüncüsü, verilən pulun müqabilində şirkətdə kiçik də olsa (məsələn 0,001%) pay almaq. Dövrdüncüsü, sadəcə pul ayırdığına görə təşəkkür edirəm.  

Burada azərbaycanlılar da pul toplaya bilərlər

İstanbul Birjası rəsmisinin sözlərinə görə, bu platformadan azərbaycanlı startapçılar da istifadə edib vəsait toplaya bilərlər. Eləcə də, Azərbaycanlı investorlar da bu sistemə daxil olaraq təkcə Türkiyədə deyil, digər ölkələrdən (məsələn, İtaliya, Kipr və s.) olan startaplara da vəsait yatıra bilərlər. Belə bir platformanın gələcəkdə Bakı Fond Birjasında da qurulması planlaşdırılır. 

Bakı Fond birjası ilə yeni layihədər

Səfər zamanı İstanbul Birjasının nümayəndəsi BFB və digər qurumlarda görüşlər keçirilib. İlk növbədə əsas mövzu təcrübənin, daha dəqiqi İstanbul birjasının müsbət təcrübələrinin BFB ilə bölüşülməsi olub. Hazırda iki birja arasında bəzi layihələrin reallaşdırılması müzakirə edilir. Bu layihələr birjaya iri investorların cəlb edilməsinə, birja infrastrukturunn inkişafına imkan verəcək.

Reytinq agentliklərinin qərarları bizi qorxutmur

Son günlər Türkiyə birjalarında enmələr var, birja indeksləri də enir. Lirə isə dollar qarşısında aşağı düşür.  

Ekspert burada qorxulu bir hal görmür: Bir ay əvvəl Moody’s agentliyi Türkiyənin kredit reytinqini aşağı saldı. Bildirdi ki, 1) rəqabit qabiliyyətiniz aşağı düşdü, 2) xarici borclanmanı dəstəkləyən gücləriniz zəifləyir. Halbuki bizim xarici borclarımız dünya standartlarındakı hədləri aşmır.

Təsəvvür edin, xarici borclarımızın 80%-i qədər vəsait Mərkəzi Bankda var. Yəni bu qərarı o qədər də obyektiv saymırıq.

Kredit reytinqi əslində investorlar üçün siqnaldır, amma hətta bu qərardan sonra da xarici investorlar getmədilir, hətta artdılar. Bunun nəticəsidrr ki, S&P agentliyi bizim kredit reytinqimizi yüksəldtdi.

İri reytinq şirətləri ilə bağlı məsələ belədir - investorlar deyirlər ki, əgər 5-6 böyük reytinq şirkələrindən azı 2-si bu ölkə ilə bağlı müsbət rəy verirsə, burada işləməyinə dəyər. Yəni təhlükəsizdir. Baxın, hazırda Türkiyə üzrə Fitch-in reytinqi müsbət, JCK-in reytinqi yüksəkdir. S&P yaxşı reytinq verib, Moody’s-in reytinqi isə aşağı olsa da qarşıdakı aylarda o də reytinqi yüksəldəcək.

Baxdığınız kimi, reytinqlər pis deyil, amma yenə də əsas qərarı invevstor verir, o da nəinki ölkədən çıxmadı, əksinə artdılar.

Fond bazarı bütün olanlara davam gətirdi

Baxın nə baş verir. Türkiyə 15 iyulda çevriliş cəhdi yaşadı. Bu cümə axşamı baş verdi, amma artıq gələn həftənin əvvəlində İstanbul birjası problemsiz işinə başladı. Baxmayaraq ki, çevriliş zamanı birjaya da hücum olmuş və iki nəfər həlak olmuşdu. Digər tərəfdən, Suriya və İraqda əsgərlərimiz var. Doğrudur, onların döyüşlərdə olduğunu deyil, əsgəri mövcudluğumuz olduğunu deyə bilərik. Bir sözlə, bir ölkənin üzləşə biləcəyi çətinliklərin hamsı eyni zamanda baş verir, amma birja ayaqdadır. 15 iyulda birja bağlananda indeks 79 min pilləsində idi. Hazırda isə bu 77-78 mindir. Yəni indeks cəmi 2-3% enib.  Bu isə ölkəmizin belə böhranlara necə hazır olduğunu və möhkəmliyini göstərir.

Dolların məzənnəsin necə gözləyirsiniz?

Bu barədə proqnoz vermək asan deyil. Bura FED-in qərarlarından tutmuş, ABŞ-dakı prezident seçkilərinin nəticələrinə qədər hər şey təsir edir. Ona görə də bu barədə nəyisə proqnozlaşdırmaq çətindir. Amma  bir məsələni qeyd edim ki, indiyədək bəzi qüvvələr – FETO-çular ölkəmizi irəli getməyə imkan vermir, sanki əyləci basırdılar. İndi isə belələrini öz aramızdan təmizləməklə bir daha sürətlə inkişaf edə biləcəyik. 

Suriyalı qaçqaınlar bizə yük olmayacaq

Son aylar Suriyadan çoxsaylı qaçqınlar Türkiyədə məskunlaşıb. Bunlar Türkiyə iqtisadiyyatı üçün yükdür, yoxsa, ucuz işçi qüvvəsi? İstanbul birjası rəsmisinin sözlərinə görə, bu, hökumətin bu qaçqınları ölkə iqtisadiyatına inteqrasiya etdirmək imkanından asılı olacaq. Onlar iqtisadiyyata cəlb olunsalar iqtisadiyyata əlavə güc verəcəklər, düşərgələrdə qapanıb qaldıqları halda isə iqtisadiyyata yüksəç çevrilə bilərlər. Təkcə onu qeyd etmək kifayətdir ki, bu bir neçə ay ərzində suriyalılar Türkiyədə 5 mindən artıq müəssisə və ya xidmət obyekti qurublar. Bu da onların iqtisadi aktivliyinin yüksək olduğunu göstərir.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274