BİRJA

REPO əməliyyatlarının üstünlükləri açıqlanıb – İŞGÜZAR FORUM
20 OKTYABR
271

REPO əməliyyatlarının üstünlükləri açıqlanıb – İŞGÜZAR FORUM

2016-10-20 17:00:00

Azərbaycanın qiymətli kağızlar bazarında repo əməliyyatları, onun müxtəlif şirkətlər üçün üstünlükləri və  bu sahədə baş verən yeniliklər oktyabrın 20-də Bakı Fond Birjasının təşkilatçılığı ilə «BFB-də likvidlik alətləri: REPO» mövzusunda işgüzar forumda müzakirə edilib. 

Fins.az-ın məlumatına görə, foruma banklar, sığorta şirkətləri, investisiya şirkətləri, real sektor təmsilçiləri, SOCAR, Azərbaycan İpoteka Fondu, nəzarət orqanları – Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət palatası və digər bazar iştirakçıları dəvət olunublar.

Tədbirdə REPO aləti vasitəsi ilə likvidliyin idarə olunması mexanizmlərinin təqdimatı və bazar institutlarının iştirakı ilə mövzu ətrafında panel müzakirələri təşkil olunub. Forumda BFB-nin İdarə Heyətinin sədri Fariz Əzizov tədbirin mahiyyəti, mövzunun aktuallığı, kapital bazarının imkanları və inkişaf perspektivləri haqqında məlumat verib.

Məruzəçilər emitent, investisiya şirkəti, investor/borcalan, fond birjası, klirinq evi mövqeyindən REPO alətinin imkanlarını və üstünlüklərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Forumda BFB idarə heyəti sədrinin müavini Vüqar Namazov “BFB-də yenilənmiş REPO alətinin təqdimatı” mövzusunda, BFB-nin Ticarət və üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili “BFB-də REPO alətinin ticarətinin təşkili” mövzusunda, Paşa Kapitalın Broker əməliyyatları və İnstitusional satışlar üzrə rəhbəri Mirsəyyad Mahmudov “Repo əməliyyatları və mövcud bazar şəraitində əhəmiyyəti” mövzusunda, SOCAR kapitalın nümayəndəsi Elxan Həsənov “Qiymətli kağızların təkrar bazar likvidliyinin emitent üçün imkanları”mövzusunda və Milli Depozit Mərkəzi, Əməliyyat Departamentinin direktoru Elçin Məmmədov “Likvidlik alətlərinin ticarət sonrası sistemləri, risklərin idarə olunması mexanizmləri” mövzusunda çıxışlar ediblər.

BFB-nin İH sədrinin müavini Vüqar Namazovun moderatorluğu ilə keçirilən tədbirin ikinci hissəsində “REPO alətinin qısamüddətli likvidliyin idarə edilməsində effektivliyi” və “Azərbaycan istiqraz bazarının dərinliyi, market meyker institutu” mövzularında interaktiv panel müzakirələri təşkil olunub. 

Panel iştirakçıları qismində Vüqar Namazov (moderator), Paşabank, Xəzinədarlıq və Aktiv  Passivlərin idarə edilməsi departamentinin direktoru Bəhruz Nağıyev, SOCAR Kapitalın nümayəndəsi Tolga Kotan və , Milli Depozit Mərkəzi, Əməliyyat Departamentinin direktoru Elçin Məmmədov qeyd olunan mövzular haqqında tədbir iştirakçılarına maraqlı açıqlamalar vermiş və iştirakçılar tərəfindən verilən sualları cavablandırmışdırlar.

Xatırladaq ki, REPO institutsional investorlara qısamüddətli likvidliyin idarə olunması məqsədi ilə, repo predmeti müqabilində vəsit cəlb etmək/yerləşdirmək imkanı verən alətdir.

Tədbir və ümumilikdə mövzular ilə əlaqəli geniş məlumatları BFB-nin internet səhifəsindən əldə etmək olar: http://bfb.az/bfb-de-likvidlik-aletleri-repo/

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272