BİRJA

SOCAR istiqrazları gəlir gətirməyə – BAŞLADI
17 OKTYABR
926

SOCAR istiqrazları gəlir gətirməyə – BAŞLADI

2016-10-17 20:18:00

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlar Bakı Fond Birjasında (BFB) tam şəkildə yerləşdirilib və artıq oktyabrın 17-dən etibarən həmin istiqrazlar üzrə faizlərin hesablanmasına başlanıb. Bu barədə fins.az-a Bakı Fond Birjasından (BFB) bildirilib. 

İstiqrazlara tələb ikiqat artıq olub 

Birjanın açıqlamasına görə, Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının (ISIN nömrəsi AZ2001019895) BFB-də yerləşdirilməsi 14 oktyabr 2016-cı il tarixində saat 11:26:14 həyata keçirilib. İstiqrazlar nominal qiymətlə 100 000 000 ABŞ dolları olmaqla, tam həcmdə yerləşdirilib.
Qeyd edək ki, ümumi həcmi 100 milyon dollar olan SOCAR istiqrazlarına tələb iki qat artıq olub. Belə ki, istiqrazlara ümumilikdə 203 milyon 495 min ABŞ dolları həcmində abunə sifarişi verilib. Abunə yazılışı müddəti ərzində bu vəsaitlər Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı Klirinq Hesabında toplanıb.
İstiqrazlara tələb təklifi 2 dəfədən artıq üstələdiyi üçün yerləşdirilmə zamanı istiqrazlar Emissiya Prospektində göstərilmiş qaydada bölüşdürülüb. Bölüşdürülmə zamanı fiziki şəxslərin abunə sifarişlərinə üstünlük verilib. Maliyyə Bazarlarına Nəzarət Palatası İstiqrazların yerləşdirilməsinin yekunlarını təsdiq edib.
17.10.2016 tarixində İstiqrazlar üzrə hesablaşmalar MDM tərəfindən tamamlanıb və elə bu tarixən etibarən istiqrazlar üzrə faizlərin (kupon məbləğinin) hesablanması başlanıb.

İstiqrazların təkrar bazarı da başlayır

Oktyabrın 18-dən etibarən isə SOCAR istiqrazlarının BFB-də təkrar bazarına start verilir. SOCAR İstiqrazlarının anderrayteri olmuş PSG-Kapital İnvestisiya Şirkəti həm də istiqrazların təkrar bazarda SOCAR tərəfindən təyin olunmuş Market-meykeri olmaqla, onların BFB-də təkrar bazar likvidliyini təmin edəcək. “PSG Kapital İnvestisiya Şirkəti” QSC istiqrazlar üzrə sabahdan etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcək.
SOCAR birja üzvü olan “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaq.

SOCAR İstiqrazları harada alıb-satmaq olar?

SOCAR İstiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə, eyni zamanda ASAN xidmətin 1 və 5 saylı mərkəzlərində yerləşən birja üzvü nümayəndələrinə müraciət oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272