BİRJA

SOCAR istiqrazları təkrar bazarda necə satılacaq? - MÜSAHİBƏ
03 OKTYABR
407

SOCAR istiqrazları təkrar bazarda necə satılacaq? - MÜSAHİBƏ

2016-10-03 14:52:00

Azərbaycanda dollarlaşmanın 80%-ə çatdığı və Dollardakı vəsaitlərdən yüksək gəlirin götürülməsinin mümkün olmadığı bir dövrdə illik 5% gəlirliliyi olan SOCAR istiqrazları bazara təklif edildi. Halbuki, hazırda banklar dollar əmanətlərinə maksimum 2-3% gəlir ödəyirlər. Dollarda ifadə olunmuş başqa investisiya imkanları isə demək olar ki, yox dərəcəsindədir.

SOCAR istiqrazlarının alqı-satqısı Bakı Fond Birjası vasitəsilə aparılacaqdır. Azərbaycan vətəndaşlarının bu sahə barədə az məlumatlı olduğunu nəzərə alaraq, Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini Vüqar Namazov alqı-satqı prosesi barədə “Marja”ya ətraflı müsahibə vermişdir.

AZƏRBAYCANIN KAPİTAL BAZARLARINDA BİR İLK

– Vüqar müəllim, hazırda SOCAR istiqrazlarına abunə yazılışı davam edir. İstiqraz almaq istəyənlərin sifarişləri qeydə alınır və onlara yerləşdirmədən sonra istiqraza sahib ola biləcəkləri deyilir.Abunə yazılışı və yerləşdirmə nə deməkdir? SOCAR istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi necə baş verəcəkdir?

 İlk olaraq, SOCAR istiqrazlarının kütləvi təklifi, bu təklifdə geniş investor sayının iştirakı üçün yaradılmış şərait Azərbaycan qiymətli kağızlar bazarı üçün bir ilkdir deyə bilərik. Qürurverici bir haldır ki, bu gün hər bir vətəndaş üçün Azərbaycanın böyük inkişaf potensialına malik olan kapital bazarından faydalanması üçün şərait artıq formalaşmışdır.Bunun üçün zəruri olan dayanıqlı hüquqi, texniki və təşkilati mühit formalşmışdır, müxtəlif investisiya strategiyasına uyğun çoxçeşidli maliyyə alətləri mövcuddur və yaradılmaqdadır. Bizdə olan məlumatlara görə SOCAR istiqrazları üzrə abunə yazılışı Azərbaycanın hətta ən ucqar bölgələrindən belə həyata keçirilir.

Suala gəlincə bəli, investorun istiqraza sahib olması üçün yerləşdirməbaş tutmalıdır. Yerləşdirmə bir neçə formada ola bilər ki, onlardan biri də abunə yazılışıdır.

Qiymətli kağız olan SOCAR istiqrazlarına 20 Sentyabr 2016-cı il tarixindən abunə yazılışı başlanmış və 10 Oktyabr 2016-cı il tarixinədək davam edəcəkdir. Qeyd edim ki, indiyə kimi Azərbaycanda abunə yazılışı yolu ilə qiymətli kağızların satışı olmamışdır. Abunə yazılışı ilk dəfədir Azərbaycanda həyata keçirilir.  Abunə yazılşı bu ilin Yanvar ayından qüvvəyə minmiş yeni “Qiymətli kağızlar bazarı haqqında” qanuna uyğun şəkildə aparılır. Bəs abunə yazılışı nədir? Abunə yazılışı qiymətli kağızların kütləvi təklifidir. Yəni,qiymətli kağızlar geniş ictimaiyyətə, qeyri-ünvanlı şəkildə təklif olunur. Məqsəd daha çox alıcını prosesə cəlb etməkdir.Qanunvericiliyə görə, abunə yazılışınınmaksimal müddəti 3 aya qədər davam edə bilər.Bazarda emitent adalandırılan qiymətli kağızı buraxan şirkət şərtlərini elan etdikdən sonra qiymətli kağızlara abunə yazılışı başlayır. Abunə yazılışı bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ tələblərin toplanmasıdır. Tələblər investisiya şirkəti tərəfindən toplanır. İnvestisiya şirkəti alıcı olan investorun nə qədər qiymətli kağız almaq istədiyini qəbul edir, vəsaitini alıb xüsusi hesabda bloklaşdırır və onun adına abunəni yazır.

İkinci mərhələdə isə,əvvəlcədən elan olunmuş tarixdə qiymətli kağızlar abunə yazılışları arasında bölüşdürülür.Əgər sifariş təklifdən çox olarsa bu zaman qiymətli kağızlar sifarişlər arasında mütənasib olaraq bölünür. Bölüşdürmə nəticəsində kimin nə qədər qiymətli kağız aldığı məlum olur. Bundan sonra əqdlər bağlanır, alış və satış barədə məlumatlar Birjanın ticarət platformasına daxil edilir. Beləliklə yerləşdirmə də baş verir.Yerləşdirmə bir növ əqdlərin rəsmiləşdirilməsidir. Birja yerləşdirməni təsdiq etdikdən sonra məlumatlar hesablaşma evinə (Milli Depozit Mərkəzinə) göndərilir. Əgər alıcı,abunə yazdırdığı tələbindən az qiymətli kağız əldə edibsə, bu zaman xüsusi hesabda bloklaşdırılmış vəsaitinin qalığı qaytarılır. Eyni zamanda yerləşdirmənin nəticəsi təsdiqlənməsi üçün nəzarət orqanına – Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilir. Yerləşdirmə qanunauyğun, emissiya prospektinə və investorların hüquqlarına əməl edilərəkaparılmışdırsa nəzarət orqanı yerləşdirmənin yekunlarını qeydiyyata alır. Bundan sonra qiymətli kağız investorun sahibliyinə keçir və bu barədə ona SMS ilə məlumat verilir. Lazım gələrsə, investora  qiymətli kağıza sahib olduğu barədə depo hesabından çıxarış da verilə bilər.

Əslində daxildə gedən bütün bu proseslər uzun proseslər deyil. İnvestor bu prosesi his etmir. İnvestor sadəcə investisiya şirkətinə yaxınlaşır, sifariş verir və yerləşdirmə günü qiymətli kağızı aldığı barədə SMS alır.

Qeyd edim ki, alıcının abunə yazılışı zamanı xüsusi hesaba ödədiyi pul yalnız nəzarət orqanı yerləşdirmənin nəticəsini təsdiqlədikdən sonra qiymətli kağızları satan emitentin hesabına köçürülür. Buna qədər vəsait Depozit Mərkəzinin Mərkəzi Bankdakı xüsusi hesabında saxlanılır və yerləşdirmə başa çatanadək bloklaşdırılır.

VƏTƏNDAŞLARA ÜSTÜNLÜK VERİLƏCƏK

SOCAR istiqrazlarının da yerləşdirilməsi bu şəkildə həyata keçiriləcəkdir. Hazırda abunə yazılışı davam edir. İstənilən şəxsAsan Xidmətdə investisiya şirkətlərinə müraciət edərək SOCAR İstiqrazlarına  abunə yazıla bilər. 13 və 14 oktyabr tarixlərində yerləşdirilmənin həyata keçirilməsi nəzərdə tutulur. Bakı Fond Birjasında istiqrazların yerləşdirilməsindən əvvəl toplanmış abunə yazılışı sifarişlərianderrayter tərəfindən investorlar arasında bölüşdürüləcəkdir. Qeyd edim ki, emissiya prospektinə əsasən bölgü, ilk öncə fiziki şəxslərin tələbləri üzrə aparılacaqdır. Bu SOCAR-ın, istiqrazların satışında vətəndaşlara, xüsusən də kiçik həcmli investisiyalara üstünlük verməsilə bağlıdır. Emissiya prospektinə görə də istiqrazların abunə yazılışında yalnız yerli fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.

YATIRILAN PULU HƏR AN GERİ GÖTÜRMƏK MÜMKÜNDÜR

– İstiqraz sahiblərinin aldığı istiqrazı istənilən vaxt geri satıb pulunu ala biləcəyi vurğulanır. İstiqrazın satılması üçün alıcı da olmalıdır. İstiqraz sahibləri aldıqları istiqrazları nə vaxtdan başlayaraq sata biləcəklər? Ümumiyyətlə, Bakı Fond Birjasında SOCAR istiqrazlarının alınıb – satılması necə baş verəcəkdir?

 Yerləşdirmə bitdikdən sonra qiymətli kağızın təkrar bazarı başlayır.SOCAR istiqrazlarının təkrar bazarına hazırlıq işləri artıq görülmüşdür. İstiqrazlar 19 sentyabr tarixindən Bakı Fond Birjasının ən yüksək bazar seqmenti olan əsas bazarseqmentində listinqə qəbul olunmuşdur.İstiqrazlar üzrə təkrar bazar likvidliyini təmin edən, gündəlik olaraq alış satış öhdəliyini daşıyan market-meyker də təyin olunmuşdur. Bu o deməkdir ki, yerləşdrimə bitdikdən sonra istiqrazlar birjada təkrar bazarda SOCAR-ın geriyə alış təminatı ilə sərbəst ticarət olunacaqdır.

Hazırda Bakı Fond Birjası dünyada mövcud olanən müasir və mütərəqqi ticarət platformalarından birinə malikdir. Bu ilin fevral ayında istifadəyə verilmiş platforma Koreya Fond Birjasından alınmışdır. Bu platforma real vaxt rejimində hesablaşma evinə və nəzarət orqanının (Maliyyə Bazarlarına Nəzarət Palatası) bazara nəzarət platformasına qoşulmuşdur. Hər bir tərəf kənardan vahid platfoma üzərindən öz fəaliyyətini həyata keçirir.

Qanunvericiliyə görə, Bakı Fond Birjasında ticarət birja üzvləri vasitəsilə baş verir. Birjanın üzvləri müvafiq  icazələri olan investisiya şirkətləridir. İnvestorlar istənilən qiymətli kağızı, bu istiqraz və ya səhm ola bilər, almaq və ya satmaq üçün BFB-nin üzvü olaninvestisiya şirkətinə müraciət etməlidir. Müraciəti qəbul edən investisiya şirkəti sifarişi Bakı Fond Birjasının ticarət platformasına daxil edir və bundan sonra alqı-satqı prosesi başlayır.SOCAR istiqrazları üzrəBakı Fond Birjasında hər zaman alıcı kimi çıxış edən market –meykertəyin olunmuşdur.Lakin, bu bazarda digər alıcıların da olmasını istisna etmir.Qiymətli kağız ən yaxşı qiymətə bu alıcılardan birinə satılır.

Market meyker eyni zamanda aldığı qiymətli kağızların satışı öhdəliyini də daşıyır.

BİRİNCİ BU 6 ŞİRKƏTDƏN BİRİNƏ MÜRACİƏT ETMƏLİSİNİZ

Hazırda SOCAR istiqrazlarına abunə yazılışını 4 investisiya şirkəti həyata keçirir: AzFinance Invest, InvestAZ, PAŞA Kapital, PSG Kapital. Bu 4 şirkətdən başqa Bakı Fond Birjasının (BFB) 2 üzvü də var:Kapital Menecment və Unicapital. Yerləşdirmədən sonra SOCAR istiqrazını satmaq və ya almaq istəyən şəxs bu 6 şirkətdən istədiyinə müraciət edə bilər.BFB üzvlərinin siyahısı və onların əlaqə vasitələri BFB-nin internet saytında yerləşdirilmişdir. Eyni zamanda  PSG Kapital İnvestisiya şirkəti istiqrazların ticarəti üzrə SOCAR-ın təyin etdiyi market-meykerdir. Bu market-meyker gündəlik alış və satış qiymətini Bakı Fond Birjasının saytı və kütləvi informasiya vasitəsilə ictimaiyyətə elan edəcəkdir. Alış və satış qiyməti bir SOCAR istiqrazının nominal qiyməti olan 1000 dollardan aşağı olmayacaqdır. Buna görə investor qoyduğu pulu BFB-də ticarət müddəti ərzindəistənilən an satış edərək geri götürə biləcəkdir. Üzərinə götürdüyü öhdəliyinə görə, SOCAR birja üzvü olan market-meyker vasitəsi ilə satılan istiqrazı dərhal almağa borcludur. Əgər sahibi istiqrazları market-meykerə satmaq istəyirsə! Ona görə “əgər” deyirəm ki, bazarın düzgün təhlili və optimal satış vaxtının seçilməsi ilə aktiv təkrar bazar şəraitindəistiqraz daha yüksək qiymətə digər potensial alıcılara da satıla bilər.BFB-də mövcud olan texnologiyalar sayəsində investorlar alış və ya satış qiymətinin ticarətin baş tutması anına bazarda olan ən yaxşı qiymət olduğuna əmin ola bilər.

DAHA YAXŞI QİYMƏTƏ SATMAQ İMKANI

Bakı Fond Birjasının yeni ticarət sisteminin bir üstünlüyü budur ki, bir göz qırpımı ərzində 24 min əqd bağlanıla bilər. Bütün əməliyyatlar da ən yaxşı qiymət məntiqi ilə icra olunur. Sistem satıcının qiymətli kağızını  satmaq istədiyi qiymətdən ən yaxşı alış qiymətlərini tapır və ən yüksək olanı ilə icra edir.  Tutaq ki, mən qiymətli kağızı 5 manata satmaq istəyirəmsə və bazarda həmin kağızı 6 manata almaq istəyən mövcuddursa, satış qiyməti 6 manat olmaqlahəmin şəxsə edilir. Yəni, qiymətli kağız satıcının təqdim etdiyi qiymətdən daha yaxşı qiymətə satıla bilər. Bəzi satıcılar buna təəccüblənirlər.

Həmçinin də satıcı əvvəlcədən market-meykerin qiymətini bilir. Əgər o market meykerə də satmağa hazırdırsa, istiqraza  satış qiymətini market meykerin alış qiyməti səviyyəsində verməlidir. Lakin, yenə də bu bazarda daha yaxşı qiymətə ticarət etmək imkanını istisna etmir.

İstiqrazın satılması prosesinibelə bir nüminə ilə izah edim. Tutaq ki, istiqraz sahibi nominal dəyəri 1000 dollarolan SOCAR istiqrazını satmaq istəyir.Bunun üçün istiqraz sahibi Bakı Fond Birjasının üzvü olan 6 investisiya şirkətindən birinə müraciət edir. Əgər istiqraz sahibi dərhal pulunu istəyirsə market-meykerin alış qiymətini qoymalıdır.İnvestisiya şirkəti satış sifarişini qeydə alır və birjanın ticarət sisteminə daxil edir.Birjanın sistemi avtomatik olaraq ən yüksək qiymətə malik olanalış sifarişini axtarır. Əgər sistemdə market-meykerin alış qiymətindən daha yüksək qiymətə SOCAR istiqrazının alışı sifarişi varsa, istiqraz həmin sifariş üzrə satılır. Yox, əgər başqa alış sifarişi yoxdursa istiqraz market-meykerə satılır. Çünki istiqraz sahibi əvvəlcədən bu qiymətə satışa razı olmuşdur.Qeyd etdiyim kimi, market-meykerin alış qiyməti 1000 dollardan aşağı olmayacaqdır.

– Bəs sahibi istiqrazı market-meykerə satmaq istəmirsədaha münasib qiyməti necə qoya bilər?

– İstiqrazı satmağa başlamamışdan əvvəl market-meykerin alış və satış qiymətləri ilə tanış olmaq lazımdır.Market-meykerin alış və satış qiymətləri arasında dəhliz 5% səviyyəsində olacaqdır, çünki o üzərinə müəyyən risklər götürmüşdür. Əgər Siz istiqraza market –meykerin satış qiymətindən yuxarı qiymət qoysanız onu sata bilməyəcəksiniz. Çünki sizdən daha ucuz market-meyker satır. Ona görə qiymətiniz market-meykerin satış qiymətindən aşağı olmalıdır. SOCAR istiqrazına market-meykerin alış qiymətindən yüksək, amma satış qiymətindən aşağı qiymət qoyaraq istiqrazı digər alıcılara sata bilərsiniz. Bu halda o alıcının tapılmasını gözləməlidir. Ola bilsin ki, alıcı həmin an tapılsın. Ola da bilər ki, alıcı həmin gün deyil, növbəti günlər tapılar.

Bir daha təkrar edim ki,  investorlar ticarət müddəti ərzində istənilən zaman istiqrazları market-meykerin təqdim etdiyi qiymətlə SOCAR-a sata bilərlər. SOCAR hər zaman elan etdiyi qiymətlə istiqrazları almaq öhdəliyi daşıyır.Həmçinin daha münasib qiymətə digər bazar iştirakçılarına da sata bilər.

TƏKRAR BAZARDA GÖZLƏNİLƏN AKTİVLİK

– Belə çıxır ki, abunə yazılışı zamanı SOCAR istiqrazını alanlar 14 Oktyabrdan sonra daha yüksək qiymətə sata biləcəklər?

– SOCAR istiqrazlarının təkrar bazar qiymətlərinin nominal qiymətindən yüksək olacağı gözlənilir. Bildiyimiz kimi abunə yazılışında xarici investorların iştirakına icazə verilmir. Təkrar bazarda isə xarici investorların SOCAR istiqrazını almasına məhdudiyyət yoxdur. Bunu nəzərə alaraq, xarici investorların təkrar bazarda SOCAR istiqrazlarına maraq göstərəcəkləri istisna olunmur. Həmçinin müəyyən səbəblərə görə, abunə yazılışında iştirak edə bilməyən, lakin istiqrazın alışında maraqlı olan şəxsləristiqrazları təkrar bazardan almaq istəyəcəklər. Bazar davranışı psixologiyasını nəzərə alaraq,adətən ilk faiz ödənişindən sonra istiqrazlara təlabat daha da artır.İnsanların təkrar bazarda istiqrazını rahat şəkildə satıb pullarını almaları da təkrar bazarı canlandıracaqdır. Məlumdur, bəzi insanlar istiqraz almaqda, ümumiyyətlə qiymətli kağızlara investisiya etməkdə hələ də tərəddüd edirlər.Lakin, likvid, ədalətli qiymətlərin formalşdığı, təminatlı bazarın olması insanların investisiya vərdişələrininformalaşmasına, insanlar arasında köhnə stereotiplərin dəyişməsinə təkan verəcəkdir.Bütün bu gözləntilərə əsasən deyə bilərik ki, geniş investor kütləsi üçün nəzərdə tutulan SOCAR istiqrazlarının təkrar bazarında aktivlik gözlənilir.

QİYMƏTLƏRİ BAZAR FORMALAŞDIRIR

Adətən, istiqrazın bazar qiymətində ötən günlərin toplanmış faizləri də nəzərə alınır.Çünki, satıcı qiymətli kağızı saxladığı müddət üçün toplanmış faizləri itirməmək üçün, toplanmış faiz məbləğini qiymətin üzərinə gəlir. Məsələn, əgər istiqraz yerləşdirilmədən bir ay sonra satılırsa, istiqrazın bazar qiyməti 1000 dollar üstəgəl 1 ayın toplanmış faiz gəliri olmalıdır.

Eyni zamanda,bazar prinsiplərinə uyğun olaraq, qiymtəli kağızlarayüksək tələbin və etimadın olduğu aktiv ticarət ortamındatoplanmış faizlərdən əlavə olaraq, investor bir qədər də özünə əlavə“marja” istəyə bilər.

– Bakı Fond Birjasında ticarət günün hansı saatları ərzində aparılır?

– İnvestorlar istiqrazları təkrar bazarda ticarət sessiyası müddəti ərzində saat 10:00-dan 16:00-dək sata və ya ala bilərlər (13:00-dan 14:00-dək nahar fasiləsi istisna olmaqla). 

BU GÜN SATDIN, SABAH PULUN CİBİNDƏDİR

– İstiqrazını satan şəxs pulunu nə qədər müddət ərzində alacaq?

 Bakı Fond birjasında ticarət baş verən an bu barədə məlumat hesablaşmalar üçün Milli Depozit Mərkəzinə göndərilir. Hesablaşmalarda "t+1" rejimi tətbiq edilir. Yəni,hesablaşmalar ticarətdən sonrakı gün həyata keçirilir. Qısası istiqrazı bu gün satan investorun pulu sabah hesabına köçürülür.

– İstiqrazları təkrar bazardan almaq istəyənlər nə etməlidirlər?

– SOCAR istiqrazlarını almaq üçün dəinvestisiya şirkətlərindən birinə müraciət etmək lazımdır. İnvestisiya şirkəti sifarişi qəbul edir və Bakı Fond Birjasının ticarət sisteminə daxil edir. İnvestor istiqrazı market-meykerdən və digər satıcılardan da ala bilər. İstiqraz almaq istəyən  market-meykerin və təkrar bazarın qiymətini bilməlidir. Təkrar bazarın qiyməti həmişə market-meykerin qiymətindən daha cəlbedici olur. Market-meykerin qiymətərində ən ucuz alış və ən baha satış olur. İnvestorlar başa düşməlidirlər ki, bazarda market-meykerdən başqa investorlar da ola bilərvə onlardan istiqrazı market-meykerin satış qiymətindən aşağı qiymətə ala bilər. Bir az əvvəl qeyd etdiyim kimi, istiqrazını market-meykerə deyil, digər alıcılara daha münasib qiymətə satmaq istəyənlər olduqda,istiqraz almaq istəyənlər onlardan daha münasib qiymətə bu qiymətli kağızları ala bilərlər. Həmçinin alıcı market-meykerinqiymətilə onun satışa çıxartdığı istiqrazıları ala bilər.

– Bəs abunə yazılışında və ya təkrar bazardan istiqrazı alıb saxlayanlar gəliri necə əldə edə biləcəklər?

– İstiqrazlar müddətin sonuna qədər saxlandıqda, sahibinə illik 5% qazanc gətirir: hər 3 aydan bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü nominal qiymətdən 1,25% faiz gəliri istiqraz sahiblərinin hesablarına köçürüləcəkdir. İnvestorun qazandığı kupon faizi istiqrazlara abunə yazılışı zamanı qeyd etdiyi bank hesabına təyin olunan vaxtlarda köçürüləcəkdir.

İstiqrazların saxlanması, onlara hüquqların uçotu və BFB-də bağlanılmış əqdlər üzrə hesablaşmaların keçirilməsi Azərbaycanını mərkəzi depozitarı və hesablaşma-klirinq evi olan Milli Depozit Mərkəzi tərəfindən aparılacaqdır.

İnanıram ki, SOCAR istiqrazları Azərbaycan vətədaşlarında kapital bazarlarında investisiya vərdişləri formalaşdırmaqda mühüm dönüş edəcəkdir. Bu hadisədən sonra birja və istiqraz haqqıda daha çox ölkə vətəndaşı məlumatlı olacaqdır.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272