BİRJA

Əhali SOCAR istiqrazlarını alanda rəsmiləşdirmə xərci ödəməyəcək – YENİLİK
30 SENTYABR
858

Əhali SOCAR istiqrazlarını alanda rəsmiləşdirmə xərci ödəməyəcək – YENİLİK

2016-09-30 16:56:00

Dövlət Neft Şirkətinin (SOCAR) dövriyyəyə buraxdığı istiqrazların satışı ilə bağlı bütün rəsmiləşdirmə xərcləri ləğv edilib. Bu barədə fins.az-a «SOCAR istiqraz» layihəsindən bildirilib.

Qeyd edək ki, yerli qanunvericiliyə görə, qiymətli kağızların alışı zamanı müxtəlif mərhələlərdə rəsmiləşdirmə və sair xərclər ödənilirdi.

Bura Milli Depozit Mərkəzində hesab açılması, pul köçürülməsi, bankda hesabın açılması və s. aiddir. 

Məlumat üçün bildirək ki, bu xərclərin məbləği əldə edilən qiymətli kağızların həcmindən asılı olaraq dəyişir. Belə ki, MDM-də hesabın açılması hüquqi şəxslər üçün 8 manata, fiziki şəxslər üçün isə 4 manata başa gəlirdi. İstiqrazların alqı-satqısına görə, xidmət haqqı olaraq istiqrazın həcminin 0,025% məbləğində xidmət haqqı ödənilməli idi. Bu məbləğ 3-250 manat arasında dəyişir.

İstiqrazlardan gələn gəlirin toplandığı bank hesabının açılması 10-20 manata başa gəlir.   buraya vəsaitlərin köçürülməsi üçün isə 0,3-0,5% xidmət haqqı tələb olunurdu. 

SOCAR istiqrazlarının satışında isə bu xərclər olmayacaq. İstiqrazların satışına cəlb edilmiş investisiya şirkətlərindən verilən məlumata görə, alıcıların işini maksimum asanlaşdırmaq və sadələşdirmək üçün bu xərclər SOCAR tərəfindən ödəniləcək. O cümlədən,   prosesə cəlb olunmuş 5 bankdan - «Kapital Bank», «Rabitə bank», «Xalq bank», Azərbaycan Beynəlxalq Bankının bütün filiallarında, «Azər-Türkbank»ın isə 5 saylı ASAN Xidmət mərkəzindəki filialında hesab açmaq pulsuz olacaq. Nəticədə SOCAR istiqrazı alan şəxs faktiki olaraq heç bir əlavə rəsmiləşdirmə xərci çəkmədən istiqraz ala biləcək.

Bundan başqa, istiqrazların satışı üçün yeni ticarət  platformasının qurulması nəticəsində satış prosesi üçün tələb olunan müddət indiyədək olan 4-4,5 gündən 20-30 dəqiqəyədək endirilib. Bu dəyişiklik istiqraz satışını maksimum sürətləndirməyə və müştərilərin artan tələbatını ödəməyə imkan verəcək.

İstiqrazların təkrar bazarda satışı zaman isə müəyyən komissiya haqqı tutulacaq. Burada istiqraz həcminin 0,05-0,2% qədər xidmət haqqı investisiya şirkətinə, istiqrazın addan-ada keçirilməsi prosesi üçün isə MDM-ə 0,025% ödəniləcək.  Bu xərcin yarısı alan tərəfdən, yarısı isə satan tərəfdən ödəniləcək. Bundan əlavə, BFB-da alqı-satqı komissiyası (0,05%) da ödəniləcək. Bu məbləğin də yarısını alan, digər yarısını satan tərəf ödəyəcək.

Bu prosesi notarius vasitəsilə də aparmaq olar. Amma burada xidmət haqları bir qədər yüksək olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272