BİRJA

SOCAR istiqrazları satışa çıxarıldı - YENİLƏNİB
20 SENTYABR
499

SOCAR istiqrazları satışa çıxarıldı - YENİLƏNİB

2016-09-20 12:08:00

Bu gündən SOCAR istiqrazları satışdadır. SOCAR İstiqrazlarının satışı 10 oktyabradək davam edəcəkdir. Bir istiqrazın dəyəri 1000 (min) ABŞ dollarıdır. İstiqrazlar 5 il müddətlidir və illik 5% gəlir gətirəcək. 100.000 ədəd istiqraz buraxılmışdır. İstiqrazların ümumi dəyəri 100 mln. ABŞ dollarıdır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.

Qeyd edək ki, istiqrazları “ASAN xidmət”in 1 və 5 saylı xidmət mərkəzlərindən, Banklardan (“Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Rabitəbank”dan, “Xalq Bank”dan), İnvestisiya Şirkətlərindən (“AzFinance Invest”, “İnvestAz”,  “Paşa Kapital,    PSG – Kapital”) əldə etmək olar.

www.socaristiqraz.az
www.asan.gov.az
www.afi.az
www.investaz.az
www.pashabank.az
www.psgbroker.az
www.ibar.az
www.kapitalbank.az
www.rabitabank.az
www.xalqbank.az

SOCAR İSTİQRAZLARI

İstiqraz - investisiya qiymətli kağızlarıdır.  

SOCAR istiqrazı, sahibinə istiqrazı emissiya edəndən (Emitent) əvvəlcədən müəyyən edilmiş periodlarla faiz gəlirini və istiqraz müddətinin sonunda qoyduğu ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır. 

Niyə SOCAR istiqrazları? 

Etibarlıdır, Azərbaycanın ən böyük şirkəti və dövlət qurumu olan SOCAR tərəfindən buraxılmışdır.
SOCAR zəmanəti ilə yüksək gəlirlilik təklif edir.
Likviddir, asanlıqla pula çevrilə bilir. İstiqraz sahibi istədiyi zaman istiqrazları SOCAR-a geri sata bilər.
Vətəndaşlarımız üçün bütün növ vergilərdən azaddır.
SOCAR mənfəətlərinin Azərbaycan vətəndaşları ilə bölüşdürülməsini təmin edir. 

İstiqraz necə alınır? 

1) İnvestor (müştəri) şəxsiyyət vəsiqəsi ilə satış nöqtəsinə yaxınlaşır,
2) Şəxsiyyət vəsiqəsini operatora təqdim edir və şəxsi məlumatlarını bildirir,
3) Operator tərəfindən investorun şəxsi məlumatları qeyd edilir və investisiya şirkəti ilə investor arasında müqavilə bağlanılır,
4) Operator tərəfindən investora ödəniş haqqında məlumat vərəqəsi təqdim edilir,
5) İnvestor ödəniş haqqında məlumatı vərəqəsini bank kassasına təqdim edir və ödənişi həyata keçirir,
6) İnvestor bank tərəfindən ödənişin həyata keçməsi ilə bağlı verilən qəbzi operatora təqdim edir,
7) Operator tərəfindən investor üçün MDM (Milli Depozit Mərkəzi) hesabı açılır və abunə yazılışı ilə bağlı sifarişin həyata keçirilməsi tamamlanır,
8) Operator tərəfindən müqavilə çap edilərək investora təqdim edilir və investor tərəfindən imzalanır,
9) Bir gün sonra sifarişin qəbul edilməsi ilə bağlı MDM tərəfindən investora SMS göndərilir.
10) 10 oktyabrdan sonra emissiya prospektindəki alqoritmə əsasən, yerləşdirmə həyata keçirilir,
11) Əldə olunmuş istiqraz miqdarı investora bildirilir və istiqrazlar investorun MDM-dəki hesabına köçürülür, 

SOCAR istiqrazlarının buraxılışının başlıca səbəbi nədir?

Azərbaycan Respublikası vətəndaşlarının SOCAR qrupuna daxil olan şirkətlərin mənfəətlərindən birbaşa pay ala bilməsi. Eyni zamanda, yeni alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsidir. 

Müştərilərə minimal və maksimal olaraq hansı məbləğlərdə istiqrazlar təklif olunacaq?

Müştərilərə minimal 1000 ABŞ Dolları və ümumi buraxılış miqdarı 100 milyon ABŞ Dollarına qədər olan məbləğlərdə istiqrazlar təklif olunacaq. 

Niyə istiqrazlar hazırda sadəcə xarici valyuta – ABŞ Dolları ilə buraxılıb?

Hazırda bazar araşdırması onu göstərir ki, vətəndaşlarımız vəsaitlərinin əksər hissəsini ABŞ dollarında saxlayır. İqtisadiyyatdan kənar qalmış bu vəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR istiqrazları ilkin mərhələdə ABŞ dolları ilə buraxılır. SOCAR tərəfindən bazardakı tendensiyalar daim tədqiq olunur və gələcəkdə ABŞ dolları nominallı istiqrazlarla yanaşı, milli valyutada da istiqrazların buraxılışı planlaşdırılır. Bu barədə gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcəkdir. 

SOCAR istiqrazlarını əldə etmək üçün tələb olunan sənədlər hansılardır?

SOCAR istiqrazlarını şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərsiniz. 

İstiqrazı əldə etmək arzusunda olanlar istiqraz məbləğini nə zaman ödəməlidirlər? Bu məbləğ hissə-hissə ödənilə bilərmi?

İstiqrazın məbləği hesab açıldığında – sifariş anında – bir dəfəlik tam həcmdə ödənilməlidir. 

Bir istiqrazın ortaq mülkiyyətçisi ola bilərmi?

Xeyr, istiqrazın ortaq mülkiyyətçisi ola bilməz. Milli Depozit Mərkəzi (MDM) və İnvestisiya şirkətlərindəki hesab sahibi olan fiziki və hüquqi şəxslər istiqrazın tək mülkiyyətçisi sayılır.

 

***
Bu gündən etibarən ABŞ dolları ilə illik 5% gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılır.
 
Fins.az APA-ya istinadən xəbər verir ki, bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır.
Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətləri sırasında ilk layihə olaraq istiqrazların buraxılışı tək mərhələdə və 100 mln. ABŞ dolları həcmində olacaq. İlkin yerləşdirmə zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. Bundan əlavə, xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcək.
 
SOCAR istiqrazları başda Azərbaycan vətəndaşları olmaqla, bütün investorların SOCAR-ın layihələrində iştirak edib, mənfəətindən birbaşa pay əldə etməsi, həmçinin aktiv dövriyyədə olmayan, vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsi üçün nəzərdə tutulub. Qeyd edək ki, istiqrazlardan əldə olunan gəlirdən vergi tutulmayacaq.
 
İstiqraz satışından cəlb olunan vəsait maliyyələşmə portfelinin şaxələndirilməsinə yönəldiləcək. SOCAR-ın beynəlxalq maliyyə əməliyyatları əsasən xarici valyutada gerçəkləşdiyinə görə, hazırkı emissiyada istiqrazların dəyəri ABŞ dolları ilə ifadə olunur. SOCAR-ın maliyyə imkanları və əvvəlki istiqraz emissiyalarına nisbətdə bu məbləğ kiçik görünsə də, aktiv olmayan vəsaitlərin iqtisadiyyatımıza cəlb edilməsi və iqtisadi əməliyyatların canlandırılması baxımından bu olduqca mühüm olan ilk addımdır.
 
SOCAR istiqrazlarını elan olunmuş investisiya şirkətlərindən “AzFinance İnvest", "İnvestAZ", "PAŞA Kapital", "PSG-Kapital", 1 və 5 saylı ASAN xidmət mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, "Kapital Bank" və digər banklardan əldə etmək mümkün olacaq.
 
Satış üçün son tarix 10.10.2016-cı il təyin edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275