BİRJA

SOCAR-ın istiqrazları niyə buraxıldı? – ŞƏRH
19 SENTYABR
1143

SOCAR-ın istiqrazları niyə buraxıldı? – ŞƏRH

2016-09-19 10:53:00
Əgər ölkədə devalvasiya təhlükəsi mövcudluğunu saxlayırsa, milli valyutada denominasiya edilmiş istiqraz,  investor, yəni istiqrazı alan nöqteyi-nəzərindən marağını itirir. Milli valyutada denominasiya edilmiş istiqraz üçün  digər əsas məsələ inflyasiyadır. Əgər inflyasiya X %-dirsə, deməli investor istiqrazdan ən azı X% gəlirlilik əldə etmək istəyəcək ki, onun gələcəkdə əldə edəcəyi kupon ödənişləri və istiqrazın geri çağırılması zamanı ona ödənilən əsas məbləğ  inflyasiyanın təsirindən qorunsun.
 
Belə olan halda inflyasiyadan və devalvasiya təhlükəsindən qorxan investorun (sadə mənada əhalinin) vəsaitini (“yastıq altında saxlanılan” pullarını)  dünya təcrübəsində çox geniş yayılan üsulla – xarici valyutada denominasiya edilən istiqraz emissiya etməklə iqtisadiyyata cəlb edirlər.
 
Burada məntiq çox sadədir: İnvestor devalvasiya təhlükəsindən azad edilir. Çünki, investora vəd edilən dollar ifadəsində göstərilən kupon ödənişləri və geri çağrılma dəyəri ödəniş gününə milli pul vahidi ekvivalentində  ödənilir. Həmçinin bu prosesi təşviq etmək üçün investora istiqrazdan əldə etdiyi gəlir üzrə vergi güzəti tətbiq olunur. Bəs xarici denominasiyalı istiqraz hansı risklər yaradır?
 
1) Əgər pul təklifində ciddi problemlər yaranarsa və maliyyə böhranı baş verərsə bu zaman investora zəmanət verilən ödənişlərin verilməsində çətinlik yarana bilər. Həm də nəzərə alaq ki, xarici valyutaya nəzarət dövlətin imkanlarından kənarda olduğundan beynəlxalq maliyyə qurumlarının həmçinin həmin xarici valyutanı sərbəst idarə edənlərin iflas olması zəncirvari reaksiya kimi birbaşa qeyd edilən ölkənin maliyyə sabitliyinə təsir göstərir.
 
2) Əgər istiqrazın investorlarında əcnəbilər üstünlük təşkil edərsə milli valyutanın dəyərinin aşağı düşməsiylə istiqrazı emissiya edənin (dövlətin) investor qarşısında borcu bahalaşır
SOCAR-ın xarici valyutada denominasiya edilmiş istiqrazlarının emissiya məqsədinə gəldikdə isə mahiyyət yuxarıda qeyd edilən kimidir.
 
Əlavə olaraq qeyd etmək istəyirəm ki, bu addımın atılmasının əsas səbəbi çox güman ki, MB tərəfindən artırılan uçot faiz dərəcəsinin təsir imkanlarına korreksiya verməkdir.
Bunu belə izah etmək olar: Banklara olan etibarın azalması səbəbindən insanlar manat vəsaitlərini depozitə yerləşdirməkdə maraqlı olmayacaqlar. Çünki, praktika göstərir ki, dolların möhkəmlənmə təhlükəsi varsa, əhali əlində olan vəsaiti dollara çevirib gözləmə mövqeyində durur. Ona manatla gələcək depozit gəliri o qədər maraqlı olmur çünki, hesab edir ki, depoziti alacağı anda manat dollar qarşısında gücsüz olacaq.
 
Belə olan halda ən ideal üsul SOCAR istiqrazlarıdır. Çünki, devalvasiyanın təsirini yox edir. Lakin məsələnin başqa tərəfi də var. Aydındır ki, əhali bu istiqrazı almaq üçün yeganə qanuni ödəniş vasitəsi olan manatı dolların AZN ekvivalentində ödəyir və istiqraz üzrə ödənişləri alır.
Əgər işlər qaydasında getsə dövlət istəyinə çatmış olur. Çünki, dövlət 2 əsas spekulyantı tam idarə etmiş olur : 1) Bankları 2) Əhalini.
Bankların sayı əhali ilə münasibətdə az olduğundan onların hərəkətlərini istər valyuta hərracı, istərsə də depozit hərracı vasitəsilə izləmək olur. Lakin əhalinin hərəkətləri xaotik olduğundan və subyektivizmə əsaslandığından bunun üçün xeyli eksperiment aparmaq lazım gəlir.
Dövlətin də gəldiyi qənaət zənnimcə budur ki, əgər manat kütləsini əhalidən həmçinin banklardan ala bilmək mümkün olsa spekulyasiya imkanlarını xeyli dərəcədə məhdudlaşdırmaq olacaq. Bu üsulla, depozit hərracı vasitəsilə banklardan, istiqrazlar vasitəsilə isə əhalidən manat alınacaq. Bir sözlə, sadə dillə desək, manat dövriyyədən çıxarıldığına görə dəyər qazanacaq və  manat tapılmadığından və bahalaşdığından insanlar dolları banklara qaytararaq manat  əldə etmək istəyəcəklər.
Bu mənada hesab edirəm ki, SOCAR istiqrazlarının emissiyası yaxşı düşünülmüş addımdır.
 
Müəllif: iqtisadçı ekspert Aqil Zeynallı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272