BİRJA

Forex və investisiya xidmətləri ilə bağlı – RƏSMİ MÜRACİƏT  
09 SENTYABR
342

Forex və investisiya xidmətləri ilə bağlı – RƏSMİ MÜRACİƏT  

2016-09-09 12:13:00

Hal-hazırkı mövcud qanunvericiliyə əsasən investisiya xidmətləri ölkəmizdə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmçinin bu qanunun əsasında “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin göstərilməsi haqqında” Qaydalar, “Marja ticarəti haqqında” Qaydalar və bu kimi digər normativ aktlar qəbul olunub. İnvestisiya xidmətlərinin həyata keçirilməsinə isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarət edilir.

Yuxarıda qeyd etdiyimiz müvafiq Qanun və Qaydalara əsasən Forex xidməti ölkəmizdə Marja xidməti adlanır. Bu baxımdan ölkəmizdə Forex xidmətinin həyata keçirilməsi “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 40. Maddəsi və “Marja ticarəti haqqında” Qaydalarla tənzimlənir. Müvafiq qanunvericiliyin tələblərinə əsasən isə Forex (Marja) xidməti digər investisiya xidmətləri kimi ölkəmizdə yalnız müvafiq lisenziyaya malik olan İnvestisiya Şirkətləri tərəfindən həyata keçirilə bilər. Müvafiq lisenziyaya malik olmadan ölkəmizdə Forex (Marja) xidmətinin göstərilməsinə yol verilmir.

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası olaraq isə bizim əsas məqsədlərimizdən biri də ölkəmizin qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli fəaliyyətini təmin etməkdir. Bununla əlaqədar olaraq, Assosiasiya Marja xidmətinin və bu kimi digər investisiya xidmətlərinin müvafiq lisenziyaya malik olmadan ölkə vətəndaşlarımıza qanunsuz təklif edilməsinin qarşısını almaq üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlıq çərçivəsində daimi monitorinqlər aparır. Burada əsas məqsədlərdən biri də ölkə vətəndaşlarımızın xarici şirkətlər tərəfindən aldadılmasının qarşısının alınmasına mümkün qədər nail olmaqdır.

Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, bildiririk ki, investisiya fəaliyyətləri, marja ticarəti, investisiya tədqiqatları və qiymətli kağızlar bazarında bu kimi digər fəaliyyətlər üzrə məqalələr yayımlayarkən daha ətraflı və dəqiq məlumat (ekpert rəyi) almaq üçün bizimlə məsləhətləşə və sıx əməkdaşlıq edə bilərsiniz.

Müxtəlif növ investisiya xidmətlərindən yararlanmaq istəyən ölkə vətəndaşlarımıza isə tövsiyə edirik ki, bunun üçün yalnız ölkəmizdə müvafiq lisenziyaya malik olan şirkətlərə müraciət etsinlər. Məlumat üçün qeyd edək ki, hal-hazırda aşağıdakı İnvestisiya Şirkətləri mövcud qanunvericiliyə uyğun olaraq investisiya fəaliyyəti üzrə lisenziyaya malikdirlər:

  •        “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
  •        “AzFinance İnvestisiya Şirkəti” QSC
  •        “Unicapital İnvestisiya Şirkəti” ASC
  •        “Kapital Menecment İnvestisiya Şirkəti” ASC
  •        “Paşa Kapital İnvestisiya Şirkəti” QSC
  •        “PSG Kapital İnvestisiya Şirkəti” QSC

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272