BİRJA

Fond bazarında 6 dəfəyə yaxın azalma
10 MAY
313

Fond bazarında 6 dəfəyə yaxın azalma

2016-05-10 10:05:00

Bu ilin yanvar-aprel aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə 999,5 milyon manatlıq əməliyyat keçirilib. BFB-dən fins.az-a verilən məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 dəfə azdır. Son 1 ildə fond bazarında bağlanmış əqdlərin sayı isə 2 dəfə azalaraq 13655-ə düşüb. 

Kapital bazarında əsas pay törəmə maliyyə alətləri bazarına (Forex) məxsusdur. Bütün əməliyyatların 77,3%-i və yaxud 772,2 milyon manatlıq hissəsi valyuta və əmtəə ticarətinin payına düşüb. Ötən ilin eyni dövrünə nisbətən Forex bazarında 6,2 dəfə azalma olub. 

Dövlət qiymətli kağızlar bazarı üzrə isə 191,6 milyon manatlıq əməliyyat aparılıb. Bu da bazarın 19,2%-i qədərdir. Maliyyə Nazirliyinin buraxdığı istiqrazların hesabına dövlət qiymətli kağızlar bazarı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 12,9 dəfə artıb. 

4 ay ərzində borc alətləri bazarının həcmi isə 29,9 milyon (3% pay) manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 24 dəfə azdır. Borc alətlərinin 15 milyon manatlıq hissəsi Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazları, 14,9 milyon manatlıq hissəsi isə digər korporativ istiqrazlar olub. 

Hesabat dövründə səhm bazarının həcmi isə 5,9 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 dəfə azdır. İlkin səhm bazarı 19,9 dəfə azalaraq 5 milyon manat, təkrar səhm bazarı isə 1,9 dəfə azalaraq 0,9 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271