BİRJA

Azərbaycan banklarının səhmləri ucuzlaşıb
29 APREL
565

Azərbaycan banklarının səhmləri ucuzlaşıb

2016-04-29 11:56:00

Azərbaycanın bəzi banklarının ardıcıl olaraq bir neçə il səhmdarlarına divident ödəməməsi onların səhmlərini kəskin ucuzlaşdırıb. Bu barədə fins.az-a açıqlamasında bank səhmlərinin alqı-satqısını həyata keçirən “Kapital Menecment” investisiya şirkətinin Müşahidə Şurasının üzvü Cəfər İbrahimli bildirib.

17-18 dəfə ucuzlaşan səhm

Onun sözlərinə görə, məsələn, hazırda bazarda “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) 1 səhmi cəmi 10 qəpiyə təklif olunur. Bu isə, onun nominal dəyərindən (27 qəpik) təxminən 63% azdır. Halbuki, bir neçə il bundan əvvəl ABB-də pay sahibi olmaq üçün hər səhmə 1,75 manat pul ödənilib: “Beynəlxalq Bank səhmdarlarına dividenti sonuncu dəfə 2012-ci ilin yekununa əsasən, 2014-cü ildə ödəyib. Həmin vaxt səhm sahibləri onun nominal dəyərinin 4%-i qədər gəlir əldə etmişdilər. O vaxtdan bəri divident ödənilməsi dayanıb. Keçən il bu vaxtlar səhmləri 15 qəpiyə alınıb-satılırdı. Bu il artıq 10 qəpiyə düşüb”.

ABB-nin səhmləri bahalaşa bilər

Bununla belə, Cəfər İbrahimli ümid edir ki, ABB-nin sağlamlaşdırılması hesabına onun səhmlərinin qiyməti yenidən arta bilər: “Dövlət bu bankın üzərində 3 milyard manat məbləğində problemli aktivi götürüb. Artıq bank mənfəətlə işləməlidir. Biz hazırda ABB-nin yeni maliyyə hesabatını gözləyirik. Əgər mənfəət açıqlasalar, yəgin ki, səhmlər indiki qiymətdə qalmaz”.

“Dəmirbank” da dəyərsizləşir

ABB ilə yanaşı “Dəmirbank”ın da səhmləri ucuzlaşmaqdadır. Amma hələ ki, bu bankda səhmlərin bazar dəyəri (30 qəpik) onun nominal dəyərindən (20 qəpik) çoxdur. Cəfər İbrahimli deyir ki, “Dəmirbank”ın səhmdarları bankın nizamnamə kapitalındakı paylarından xeyri sonuncu dəfə 2013-cü ilin yekununda görüb: “Həmin vaxt bank səhmdarlarına 4-5% divident ödəyib və bunun fonunda “Dəmirbank”ın 1 səhminin qiyməti 1 manat civarında olub. Sonradan divident ödəmədiyinə görə bu bankın da səhmləri ucuzlaşmağa başladı və hazında 30 qəpikdir. Əgər bank belə davam edərsə, səhmlər bir qədər də ucuzlaşacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274