BİRJA

Azərbaycanda qiymətli kağızlardan – 17% QAZANC İMKANI
25 APREL
638

Azərbaycanda qiymətli kağızlardan – 17% QAZANC İMKANI

2016-04-25 16:17:00

Son illər Azərbaycanın qiymətli kağızlar bazarında baş verən yeniliklər, ölkə vətəndaşlarına bu sahədən yaxşı qazanc götürmək imkanı yaradıb. Amma hələlik vətəndaşların əksəriyyəti bu imkandan xəbərsizdir. Qiymətli kağızlar barədə gəlir fürsətləri və bu sahədən yararlanmağın üsullarını fins.az-a “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi açıqlayıb. 

İstiqraz və səhmlər nədir?

Qeyd edək ki, Azərbaycanın qiymətli kağızlar bazarında ən çox dövrə edən və vətəndaşların istifadə edə biləcəyi alətlər – səhmlər və istiqrazlardır. Bəs səhm və istiqraz vasitəsilə gəlirlərimizi necə artıra bilərik? 

İstiqraz - bu kağızı emissiya edən (buraxan) tərəfin alan tərəf qarşısında borc öhdəliyini təsdiq edən qiymətli kağızdır. Yəni siz emitent (kağızı buraxan tərəf) şirkətin istiqrazını almaqla bir növ həmin şirkətə borc verirsiniz. Bunun qarşılığında isə təbii ki, siz müəyyən müddətdən sonra istiqrazın nominal dəyəri (ilkin satış qiyməti) ilə yanaşı əvvəlcədən müəyyən edilmiş həcmdə (kupon faiz dərəcəsi) əlavə gəlir də əldə etmiş olacaqsınız. Qeyd edək ki, hal-hazırda müddətindən və digər xüsusiyyətlərindən asılı olaraq müxtəlif istiqrazlar üzrə kupon faiz dərəcələri 17%-ə qədər dəyişir. İstiqrazı həm Dövlət, həm də özəl şirkətlər emissiya (buraxılış) edə bilərlər. 

Səhm- kağız alıcısının emissiya edən (buraxan) şirkətdə müəyyən payını (şərikliyini) təsdiq edən qiymətli kağızdır. Səhm alıcısına şirkətin xalis mənfəətindən gəlir əldə etmək və şirkətin idarə edilməsində ( miqdarından asılı olaraq) iştirak etmək hüququ verir. 

Qiymətli kağızları əldə edərkən diqqət edilməli məqamlar 

Əksər vətəndaşlarımız düşünür ki, qiymətli kağızlar vasitəsilə ticarət etmək üçün yüksək səviyyəli iqtisadi biliklər və böyük həcmdə vəsait tələb olunur. Lakin xüsusilə qeyd edirik ki, qiymətli kağızlar bazarında hər bir alıcı qrupu üçün münasib olan qiymətli kağızlar mövcuddur. Sizə təqdim edəcəyimiz əsas iqtisadi biliklər və müəyyən qədər kiçik məbləğli investisiyalar vasitəsilə də gəlirlərinizi artıra bilərsiniz.

Ümumilikdə isə siz qiymətli kağızlara yatırım etməmişdən öncə aşağıdakı əsas məqamlara diqqət etməlisiniz:

İstiqrazlar üzrə:

●          Emitentin (buraxan tərəfin) gəlirlə işləməsi

●          İstiqrazların əldə edilməsi üçün minimum tələb olunan vəsait (istiqrazın qiyməti+ komissiyaların cəmi)

●      İstiqrazların gündəlik, illik, və müddət sonuna olan gəlirliliyi (bu barədə müraciət etdiyiniz İnvestisiya şirkətidə sizə məlumat verə bilər)

●          Qiymətli kağızlar bazarında həmin istiqrazlara olan tələbat, onların qısa müddətdə alınıb- satılması imkanı (istiqrazların likvidlik səviyyəsi) 

Səhmlər üzrə:

●          Səhmlərin emitentinin son illərdəki iqtisadi fəaliyyəti, mənfəətlilik səviyyəsi

●          Son illərdə səhmlər üzrə verilən dividendlərin həcmi

●          Səhm üzrə qiymət dəyişikliyi (artım və ya azalma)

●          Səhmlərə qiymətli kağızlar bazarında tələbat, onların likvidlik səviyyəsi 

Qeyd edək ki, dövriyyədə olan qiymətli kağızlar barəsindəki məlumatları, həmçinin qiymətli kağızların emitentləri barəsində məlumatları maliyyə vasitəçiləri olan İnvestisiya Şirkətləri, Bakı Fond Birjası (www.bfb.az), Məlumatların Elektron Açıqlanması Sistemi (www.disclosure.az) vasitəsilə əldə etmək olar. 

Bəs qiymətli kağızları necə əldə etmək olar?

Azərbaycan qanunvericiliyinə əsasən vətəndaşlar istiqraz və səhmləri maliyyə vasitəçiləri rolunu oynayan istənilən İnvestisiya Şirkətlərinə müraciət etməklə əldə edə bilərlər. Yeni qanun və qaydalarda edilmiş dəyişikliklərə əsasən isə vətəndaş təkcə şəxsiyyət vəsiqəsilə yalnız İnvestisiya Şirkətlərinə müraciət etməklə, gün ərzində hesab aça, hesabınıza pul köçürə və qiymətli kağızlar bazarındakı imkanlardan yararlana bilərsiniz. Hal-hazırda fəaliyyət göstərən müvafiq lisenziyaya malik İnvestisiya Şirkətləri haqqında məlumatları isə buradan əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272