BİRJA

“İnvestisiya fondları haqqında” qanun dəyişdi
21 APREL
458

“İnvestisiya fondları haqqında” qanun dəyişdi

2016-04-21 14:58:00

Prezident İlham Əliyev Milli Məclisin aprelin 5-də “İnvestisiya fondları haqqında” qanuna etdiyi dəyişiklikləri təsdiqləyib. Fins.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezident aktlarının “İnvestisiya fondları haqqında” qanundakı dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə prezidentinə təqdim etmək tapşırılıb.

Bununla yanaşı, Nazirlər Kabineti normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnvestisiya fondları haqqında” yeni qanuna uyğunlaşdırmaq, bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

“İnvestisiya fondları haqqında” qanuna edilən dəyişikliklərə əsasən, səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5%-ini və daha çox hissəsini təşkil edən əqdlər səhmdar investisiya fondu tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarı ilə bağlanılacaq. Bundan başqa, səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5%-dək hissəsini təşkil edən əqdlərin səhmdar investisiya fondunun nizamnaməsinə uyğun olaraq səhmdarların ümumi yığıncağı, müşahidə şurası və ya icra orqanı tərəfindən qəbul edilən qərarı ilə bağlanılmasına icazə verilib.

Qanuna edilən daha bir dəyişikliyə görə, səhmdar investisiya fondunun müşahidə şurasının və icra orqanının üzvləri, habelə investisiya fondunun struktur bölmələrinin (filial, departament, şöbə və s.) rəhbərləri özlərinin, bu qanunun 27.1.3-cü və 27.1.9-cu maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Mülki Məcəllənin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272