BANK

IFC və “Bank Respublika” valyuta svopu üzrə əməliyyatlar həyata keçirəcək
02 OKTYABR
97

IFC və “Bank Respublika” valyuta svopu üzrə əməliyyatlar həyata keçirəcək

2019-10-02 15:15:00

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və “Bank Respublika” ASC Azərbaycan bankının valyuta risklərinin idarə edilməsinin yaxşılaşdırılmasına yönələn saziş imzalayıb. Bu barədə IFC-dən məlumat verilir.

Həmçinin, saziş yerli sahibkarların yerli valyutada maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmağa yönəlib.

“Sazişə əsasən, Bank Respublika və IFC valyuta svopu üzrə əməliyyatları Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının (ISDA) Təməl Müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirəcəklər. Bu, banka ABŞ dolları ilə denominasiya edilmiş vəsaitlərinin hedcinqini, bununla da aktivlərin və öhdəliklərin daha yaxşı idarə edilməsini mümkün edəcək”, - məlumatda qeyd olunur.

IFC-nin məlumatına görə, valyuta mübadiləsi üzrə sazişlər sayəsində “Bank Respublika” müştəriləri üçün uzunmüddətli maliyyə resurslarına çıxışı yaxşılaşdıracaq, yerli müəssisələrə böyüməyə və iş yerləri açmağa kömək edəcək.

“Bank Respublika” 1992-ci ildən etibarən fəaliyyət göstərir və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın ən isi səhmdarı 43,69% pay ilə Natiq Quliyev qalır. Bankın kapitalında Almaniyanın DEG qrupu 16,6:, SIDT – 4,25% paya malikdir.

Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Korporasiya Azərbaycanda 56 uzunmüddətli layihənin maliyyələşdirilməsinə $473 mln. yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 mln. vəsaitin cəlb olunmasına yardım edib. Korporasiya, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə $250 mln, ticarət dövriyyəsinin dəstəklənməsinə isə təxminən $100 mln. ayırıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır