BANK

5 mln. manat məbləğində ipoteka krediti verilib
01 OKTYABR
124

5 mln. manat məbləğində ipoteka krediti verilib

2019-10-01 15:32:00

2019-cu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən 113,4 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 27% azdır. Bu barədə  Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Avqust ayında fondun agent bankları tərəfindən cəmi 5 mln. manat məbləğində ipoteka krediti verilib.

AMB-nin məlumatına görə, 2019-ci ilin yanvar-avqust aylarında İKZF 171 mln. manat krediti təkrar maliyyələşdirib (2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 8% - İF).

Avqust ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Bütövlükdə, ilin əvvəlindən hökumət bu məqsədlə büdcədən 20 mln. manat ayırıb.

Bundan başqa, hesabat dövründə İKZF istiqrazların yerləşdirilməsindən 80 mln. manat cəlb edib.

2018-ci ildə fondun agent bankları tərəfindən 272,5 mln. manat məbləğində ipoteka krediti verilib.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır