BANK

Anar Əliyev :"Dəyişikliyə görə şablon formalara əsasən məlumatlar açıqlanmalıdır"
23 SENTYABR
1282

Anar Əliyev :"Dəyişikliyə görə şablon formalara əsasən məlumatlar açıqlanmalıdır"

2019-09-23 14:58:00

Son dövrlər  Azərbnaycan Respublikası maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ölkə  banklarının idarəetmə sistemində eyni zamanda kapital adekvatlığı tələbi ilə bağlı yeniliklərin edilməsi bu sahə ilə bağlı bir neçə sualları aktuallaşdırır. Fins.az bankları korporativ idarə edilməsi sisteminin tətbiqi və kapital adekvatlığı tələbinin gətirəcəyi yeniliklərlə bağlı bank eksperti Anara Əliyevin müsahibəsini təqdim edir. 

Kapital adekvatlıq tələbi 2020-ci ilin yanvarın 1-dən sistem əhəmiyyətli bankların 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 6%, məcmu kapitalın adekvatlıq əmsalı isə 12% müəyyən olunması nəzərdə tutulub. Bu tələbin yerinə yetirilməsinin banklar üçün əhəmiyyəti nədir?

Bildiyimiz kimi 1-ci dərəcəli və məcmu kapitalın adekvatlıq əmsalı müvafiq olaraq onları risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətindən alırıq. Sadə dildə desək bank öz kapitalı ilə hansı həcmdə risk edə bilər və ya risk edərsə hansı həddə saxlamağa məcbur olduğunu göstərir.

Sistem əhəmiyyətli banklarda isə bu tələbin daha sərt – sizin dediyiniz kimi 6 və 12% həddində olduğunu görürük. Adından da göründüyü kimi bank və ümumi maliyyə sistemində bu banklar xüsusi əhəmiyyət daşıması və ya müəyyən göstəriciləri ilə sistemdə xüsusi çəkiyə malik olmaları ilə fərqləndirilir.

Bəs hansı banklar sistem əhəmiyyətli bankların siyahısındadır?

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nı müəyyənləşdirən qərarı var.  Meyarlara uyğun olaraq bankların göstəricilərini təhlil etməklə bu bankları özümüzdə təxmin edə bilərik.

Amma rəsmi olaraq isə sistem əhəmiyyətli bankların siyahısı hər il yenilənir. Bu siyahını 1 mart tarixinədək banklara nəzarət funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərtib edir və məlumat sistem əhəmiyyətli banklara göndərir.

Kapital adekvatlılıq tələbi aşağı olan bankı riskli  hesab etmək olar?

Riskli bank kimi tanimasaq da öz vəsaiti ilə nisbətdə daha çox vəsait cəlb etmiş və aktiv yerləşdirmiş bank kimi tanıya bilərik. Misal üstündə açıqlasaq. Bir bank 50 manat kapitalı ilə 1000 manat depozit cəlb edir. Digəri isə 30 manatla 1000 manat depozit cəlb edir. Hansı bank daha riskli işləyir? Təbii ki az kapitalla çox vəsait cəlb etmiş bank. Vətəndaş qarşısında borcunu (depoziti) ödəmə  məqamında daha çox kapitalı olan bank daha rahat və geniş manevr etmək şansı əldə edir.

Digər banklarda isə bu əmsala tələb 5% və 10% qalmaqda davam edəcək?

Bəli. Olduğu kimi qalacaq. Əvvəlki sualda qeyd etdiyimiz meyarlara uyğun olmayan digər banklar hamısında 1-ci dərəcəli kapital adekvatlılığı 5% və məcmu kapitalın adekvatlıq əmsalı isə 10% kimi qalacaq.

 Azərbaycanda bank idarəçilik sistemi üçün qoyulmuş korporativ idarəetmə standartlarının əsas tələbi nədir? Nə dəyişəcək əsas?

Korporativ idarəetmə standartlarına əsasən banklar bir çox məlumatları bankın internet səhifəsində və kütləvi informasiya vasitələrində açıqlamalı idilər. Bu məlumatların isə standart forması yox idi. Hazırda isə dəyişikliyə əsasən şablon formalara əsasən məlumatlar açıqlanmalıdır.

Şablon formalar isə maliyyə hesabatları və  bank risklərinin idarə edilməsi barədə məlumatları ehtiva edir:

1. Maliyyə vəziyyəti haqqında hesabat

2. Mənfəət və zərər haqqında hesabat

3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

4. Kapital strukturunda dəyişikliklər haqqında hesabat

5. Bank risklərinin idarə edilməsi barədə məlumat

Daha bir dəyişiklik isə Audit Komitəsi üzvləri ilə bağlıdır. Belə ki, artıq Müşahidə Şurasının üzvləri Audit Komitəsinin üzvü ola bildiyi halda,  İdarə Heyətinin üzvləri və (və ya) bankın səhmdarları Audit Komitəsinin üzvü ola bilməzlər.  Dəyişiklikdən əvvəl isə bununla bağlı heç bir məlumat qeyd edilmirdi.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır