BANK

Hökumət Ödəniş Portalı bu işləri görüb
09 SENTYABR
111

Hökumət Ödəniş Portalı bu işləri görüb

2019-09-09 17:04:00

Hökumət Ödəniş Portalının infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri çərçivəsində uzun müddətdir ki, yerli (bələdiyyə) vergilər və ödənişlərin toplanılması imkanın yaradılması istiqamətində işlər davam etdirilir.

Mərkəzi Bankdan Fins.az-a daxil olan məlumata görə, bu istiqamətdə Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, kənd və qəsəbə bələdiyyə assosasiayaları ilə birlikdə görülən işlər başa çatdırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yaradılmış “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” HÖP infrastrukturuna inteqrasiya olunub. İlkin mərhələdə ölkədə mövcud olan 1607 bələdiyyə orqanlarından 700-dən çoxu üzrə vergi ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edilib. Yaxın dövrlərdə yerli bələdiyyə orqanları ilə "Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" tərəfindən həyata keçirilən birgə tədbirlər çərçivəsində digər bələdiyyə orqanları üzrə vergi ödəyiciləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi başa çatdırılacaq və ölkənin bütün regionlarında  ödənişlərin qəbulu təmin ediləcək.

Beləliklə, 6 sentyabr 2019-cu il tarixindən yerli (bələdiyyə) vergi və ödənişlər Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bank və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında istənilən vasitələrlə, o cümlədən nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və IOS platformalı) istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər. 

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələr tərəfindən təqdim edilən “Yerli Vergi Ödəyicisinin Kodu” (YVÖK) istifadə edilməlidir. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət etməklə əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır