BANK

Avropa İnkişaf Bankı Azərbaycanda bu fonda qoşulacaq
05 SENTYABR
147

Avropa İnkişaf Bankı Azərbaycanda bu fonda qoşulacaq

2019-09-05 13:16:00

İqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşündə Azərbaycanın AYİB-in Texniki Əməkdaşlıq Fonduna qoşulması müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycan və AYİB arasında səmərəli və uzunmüddətli əməkdaşlığı diqqətə çatdıran Ş.Mustafayev Bankın ölkəmizdə infrastruktur layihələrinin reallaşdırılmasına və özəl sektorun inkişafına göstərdiyi dəstəyi, enerji, infrastruktur, nəqliyyat sahələrində müxtəlif layihələri maliyyələşdirdiyini, banklara kredit xətti açdığını, özəl şirkətlərə birbaşa kredit ayırdığını vurğulayıb. Qeyd edilib ki, Cənub Qaz Dəhlizi layihəsinin, avtomobil yollarının tikintisi layihələrinin AYİB tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi xüsusi önəm kəsb edir. Nazir, həmçinin, Azərbaycan iqtisadiyyatı və prioritetləri, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə qonağa məlumat verib və bütün bunların ölkəmizlə AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Matteo Patrone aparılan müzakirələrin qarşılıqlı əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşüb. Görüşdə 2019-cu ilin noyabrında Londonda keçiriləcək Şərq Tərəfdaşlığı üzrə İnvestisiya Forumu, kiçik və orta biznes sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Azərbaycanın AYİB-in Texniki Əməkdaşlıq Fonduna qoşulması, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə AYİB arasında əməkdaşlıq, iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır