BANK

Prezident İlham Əliyev:"POS-terminalların sayı artmalıdır, tapşırıq verirəm ciddi addımlar atılsın”
01 AVQUST
205

Prezident İlham Əliyev:"POS-terminalların sayı artmalıdır, tapşırıq verirəm ciddi addımlar atılsın”

2019-08-01 02:58:00

Fins.az-ın məlumatına görə, iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, “Məndə olan məlumata görə bizdə nağdsız ödənişlər aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə ciddi addımlar atılmalıdır”.

 Azərbaycan Prezidenti deyib: “POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Nağdsız ödənişlərin aşağı səviyyədə olması kölgə iqtisadiyyatını qidalandırır. Nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır".  

Qeyd edək ki,Mərkəzi Bankın məlumatına görə, 30.06.2019-cu il tarixinə Azərbaycan Respublikası üzrə bankomatların sayı 2571 ədəd olmuşdur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur. Bankomatların 1373-ü Bakı şəhərində, 1198-i isə digər şəhər və rayonlarda yerləşir. Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 63396 ədəd olmuşdur ki, bunun da 25747 ədədi təmassız POS-terminallardır. 2018-ci ilin I yarımili ilə müqayisədə təmassız POS-terminalların sayı 26% (5305 ədəd) artmışdır.

I yarımil üzrə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9 milyard 532 milyon manat təşkil etmişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artım olmuşdur. Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% (1 milyard 906 milyon manat) təşkil etmişdir ki, ötən ilin analoji dövründə bu göstərici 16% idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır