BANK

Banklararası əməkdaşlıq üzrə Azərbaycan-Rusiya dəyirmi masası keçirilib
12 İYUN
218

Banklararası əməkdaşlıq üzrə Azərbaycan-Rusiya dəyirmi masası keçirilib

2019-06-12 17:27:00

10 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Rusiya Federasiyasının Mərkəzi Bankının birgə təşkilatçılığı ilə banklararası əməkdaşlıq üzrə Azərbaycan-Rusiya dəyirmi masası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankı, hər iki ölkənin yerli banklarının və banklar assosiasiyasının nümayəndələri iştirak edib.

Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, görüşdə Palatanın yarandığı dövrdən bank sektorunun dayanıqlığının təmin olunması və sağlamlaşdırılması, həmçinin maliyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə geniş təqdimat keçirilərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası haqqında ətraflı məlumat verilib.

Ölkə əhalisinə dövlət dəstəyinin bariz nümunəsi kimi imzalanan və icra olunan Fərmanın böyük çərçivədə insanların maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməsi ilə yanaşı, bankların maliyyə stabilliyinin bərpa edilməsində mühüm rol oynayacağı xüsusi olaraq vurğulanıb. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və bankların sağlamlaşdırılması istiqamətində atılan bu addım Rusiya bank sektoru nümayəndələrinin geniş marağına səbəb olub.

Görüşdə hər iki ölkənin maliyyə bazarları sahəsində baş verən son trendlər, Rusiyada maliyyə sabitliyinin saxlanması üçün Rusiya Mərkəzi Bankı tərəfindən atılan addımlar da müzakirə edilib.

Görüş hər iki ölkənin bank sektorunun nümayəndələrini maraqlandıran suallar ətrafında qarşılıqlı müzakirələr çərçivəsində davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır