BANK

Problemli kreditlərin həlli çox insanı müşküldən qurtardı
17 APREL
375

Problemli kreditlərin həlli çox insanı müşküldən qurtardı

2019-04-17 11:23:00

Hazırda ölkənin hər yerində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının geniş əhali kütləsini əhatə etməsi, minlərlə ailəni həlli müşkül olan problemdən qurtarması haqqında danışılır. Təsadüfi deyil ki, vətəndaş dolların manata nisbətən məzənnəsinin 0,78 manat olduğu dövrdə dollar krediti götürmüşdüsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyib borcunu bağlamışdısa, indi həmin iki məzənnə arasındakı fərq ona geri qaytarılır.

Ancaq söhbət yalnız devalvasiyalar dövründə götürülmüş dollarla kreditlərdən gedir. Devalvasiyadan öncə və sonra götürülmüş kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dollardan çox olan kreditlərə də güzəşt şamil edilmir. Artıq problemin həlli ilə bağlı atılacaq addımlar müəyyənləşdirilir. Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı şikayətləri araşdırmaq üçün Apelyasiya Komissiyası yaradıb və komissiya yaxın günlərdə fəaliyyətə başlayacaq. Komissiya Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın əhatə dairəsinə düşməyən vətəndaşların şikayətlərini araşdıracaq. Həmin şəxslərin müraciətləri onlayn rejimdə qəbul ediləcək və hər müraciətə 14 iş günü müddətində baxılıb cavab verilməsi nəzərdə tutulur.

Eyni zamanda, bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq olaraq 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, faiz dərəcələri aşağı salınsın, kapitallaşma təmin olunsun, banklar normal fəaliyyətlərini davam etdirə bilsin.

Bundan əlavə, problemli kreditlərlə bağlı məhkəmə işlərinin hamısına yenidən baxılması nəzərdə tutulur. Məlumdur ki, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülmüş, lakin son nəticədə onun həlli dövlətin imkanları uyğun gəlmədiyindən ya təxirə salınmış, ya da bəlli olmayan müddətə qədər uzadılmışdır. Azərbaycan isə o dövlətlərdəndir ki, burada bütün məsələlər --problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrası, icraya nəzarət və s. – hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də, problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır.

Məhərrəm ZÜLFÜQARLI, tarix üzrə fəlsəfə doktoru

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027