BANK

Vüqar Bayramov: FED neft bazarına təzyiqi artırıb
24 DEKABR 2018
528

Vüqar Bayramov: FED neft bazarına təzyiqi artırıb

2018-12-24 17:49:00

Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının yüksəltməsi ilə bağlı qərarı neft bazarına təzyiqi daha da artırdı. Brent markalı neftin hər barelinin qiyməti 53 dollaradək azaldıqdan sonra stabillik müşahidə olunsa da bunun uzun müddətli olacağını söyləmək çətindir. Fins.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayaramov bildirib. Ekspertin sözlərinə görə, gələn ilin büdcəsində neftin qiymətinin 60 dollardan hesablandığını nəzərə aldıqda neftin ucuzlaşması fiskal baxımdan bizim üçün əlverişli deyil. Neftin mövcud qiyməti hətta 2018-ci ilin büdcəsində nəzərdə tutulan qiymətdən də azdır. Doğrudur, bu il neftin orta qiyməti kifayət qədər yüksək olduğundan bazardakı son enişlər 2018-ci il büdcəsinin gəlirlərinə təsir etmir. Bununla belə, gələn il büdcə gəlirlərinin formalaşmasında neftin dünya bazar qiyməti həlledici olaraq qalacaq. FED 0.25 faizlik artım ilə bazarda şok yaratmamağa çalışır. 

AVRO MÖHKƏMLƏNƏ BİLMİR

Vüqar Bayramovun sözlərinə görə, Avropa Birliyi büdcəsi ilə bağlı İtaliya ilə əldə edilən razılıq avroya müəyyən nəfəs versə də avrozonadakı nümayişlər köhnə qitənin vahid valyutasının möhkəmlənməsinə imkan vermir. Göründüyü kimi, qlobal bazarlar da ili qeyri-müəyyənliklər ilə başa vurmaqdadırlar. Beynəlxalq maliyyə qurumları gələn il üçün qlobal iqtisadi artım faizini aşağı saldıqları üçün gələn il dünya əmtəə və valyuta bazarlarında qeyri-müəyyənliklərin davam edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264