BANK

"Uğur, cəsarətli olanları sevir"- Xəyalə Nağıyeva, PAŞA Bank
20 DEKABR 2018
164

"Uğur, cəsarətli olanları sevir"- Xəyalə Nağıyeva, PAŞA Bank

2018-12-20 12:40:00

PAŞA Bank İdarə Heyətinin üzvü və Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva-nın“Women Bankers Club”-a verdiyi müsahibəni təqdim edirik.

- Hal-hazırda bank sektorunda qadınların rəhbər vəzifə tutması üzrə müsbət tendensiyaların inkişaf etməsinə baxmayaraq, bu nisbətən kişilərlə müqayisədə çox azdır. Siz həmin uğurlu xanımlardansınız. Necə hesab edirsiniz, rəhbər vəzifəyə gəlib çıxmaq üçün hansı keyfiyyətlər tələb olunur?

- Məncə, məhz bankda rəhbər olmaq üçün digər sahələrdən fərqli qeyri-adi və xüsusi heç bir tələb yoxdur. Bank işi kompleks baxış tələb edən ağır işlərdəndir. Ümumiyyətlə, maliyyə sektoru çətin sahədir və burada diqqət, texniki bilik tələb olunur. Əslində qadınlar səliqəni xüsusi ilə sevirlər və bir işi görərkən onun mükəmməl olmasına daha da diqqətli olurlar. Bank işi də dəqiqliyi və səliqəni sevir. Əminəm ki ümumi statistik göstəricidə sayca geri qalma səbəbi sadəcə olaraq qızlarımıza kiçik yaşdan fərqli istiqamətlərin verilməsidir. Xanımlar daha çox humanitar sahələrə və ya həkimliyə yönləndirilir. Qısaca demək istədiyim odur ki, hər şey təhsildən başlayır. Təəssüf ki, bizdə uşaq yaşlarında valideynlər uşaqlarını istedadı olduğu yox, öz istədikləri sahəyə yönəldir. Bizim vaxtımızda adətən valideynlər övladlarını istiqamətləndirirdi. O zaman həkim, müəllim kimi peşələr qızlar üçün daha çox qəbul olunan idi. Bank sektorunda qadınların az olmasının səbəbi məhz buradan qaynaqlanır. Bank elə bir sahədir ki, təməl biliklər vacib rol oynayır. Əgər bu sahədə təhsil alanların sayı çox olsaydı həmin qadınlar mütləq bank işi üzrə irəliyə gedə bilərdi. 2013-cü ilə qədər İqtisad Universitetində xüsusi istedadlar qrupuna dərs keçirdim. Dərs dediyim ilk illərdə qrupda qızların sayı azlıq təşkil edirdi. Son illərdə isə bu rəqəmin yarı-yarıya dəyişdiyinin şahidi oldum. Mənim təhsil aldığım dövrdə İqtisad universitetində məruzə dərslərində ( o zaman “patok” deyərdik) ən yaxşı halda 4-5 qız olardıq. Amerikada təhsil aldığım zaman müşahidəm çox da kəskin fərqlənmirdi. Maliyyə dərslərinin 30-40% xanım olardı. Amma indi ölkəmizdə bu tendensiya geridə qalıb. Əminəm ki, bank sektorunda qadınların sayı gündən-günə artacaq.

- Hazırki səviyyəyə gəlib çıxmağınızda hansı xüsusiyyətiniz rol oynayıb?

- “Dünyanı dəyişmək” istəyim və inadkarlığımın böyük rolu olub. Mən həmişə qayda-qanun, intizamı sevmişəm. Ümumiyyətlə isə məsuliyyəti sevən insanam. Götürdüyüm məsuliyyətin üstündə inadla dayanmaq və mübarizə mənə xüsusi zövq verir. Məsuliyyətsiz insan heç nəyə nail ola bilməz. Cavabdehliyi dərk etmək çox vacibdir və bu insanın özündən və xarakterindən asılı olan bir şeydir. Götürdüyüm məsuliyyət həmişə mənə yeni nələrisə öyrədib. Bundan başqa insanın daima öyrənmək həvəsi olmalıdır. «Mən hər şeyi bilirəm» dediyin zaman hər şey bitər. Öyrənməyə daim açıq olmaq lazımdır. Bir az kobud səslənsə də, «hər şeyi bilirəm» deyən insanlara “uğursuz” düşüncə sahibi kimi baxıram, bir az da ürəyim ağrıyır. Axı necə hər saniyə dünyaya gələn yeni ixtiraları görməzdən gəlmək olar?

- İndiyə qədər əldə etdiyiniz nailiyyətlərin içərisində ən vacib hesab etdiyiniz hansıdır?

- Bu peşəkar və şəxsi həyatımdan asılı olaraq dəyişir. Həyat nailiyyəti olaraq təhsil aldığım dövrdə 2002-ci ildə təqaüdlə ABŞ-da təhsil almağım ən böyük uğurum olub. Bu mənim həyatımda çox böyük dönüş yaratdı. Bu təhsil savadımdan çox düşüncəmə, həyat tərzimə çox böyük təsir etdi. Bu mənim üçün fərqli təcrübə idi. Burada mümkün olmayan hər şey orada mənə əlçatan görünürdü. Orada insan öz potensialımın fərqinə varır. Bir qadın kimi orada maneələrin yox olduğunun şahidi oldum. Orada qarşıma çıxan insanların mənimlə qarşılıq gözləmədən, sevinc və qayğılarının bölüşdüyünü gördüm və bu zaman keçirdiyim hisslər həyata və ümumiyyətlə istənilən təcrübəyə yanaşmamı dəyişmiş oldu. Təcrübəni və fikirlərini doğru şəkildə bölüşməyi bacarmaq xüsusi istedad tələb edir və bölüşməklə ətrafında müsbət dəyişiklik və fərq yaratmaq olur. Həmin ərəfədə fikirləşirdim ki, buraya (Amerikaya) yenidən qayıdacam, lakin bunu üçün xüsusi səy göstərmədim, karyeram burada maraqlı inkişaf yolu keçdi. Karyeramın ən uğurlu nailiyyətinə gəlincə isə böyük 4lükdə çalışmağımı hesab edirəm. Bu şirkət 2003-2009-cu illərdə mənim üçün öz xüsusi rolunu oynadı. Orada 6 il çalışdım. Müxtəlif ölkələrdə fərqli layihələrdə oldum. Bu mənim karyeramın məktəb illəri idi; orada peşəkar kimi yetişdim, bilik və bacarıqlarımı nümayiş etdirmək üçün böyük bir fürsət qazandım. Bu təcrübəni əldə etdiyim üçün özümü şanslı hesab edirəm. “Paşa Holdinq”də fəaliyyətim  isə karyeramda dönüş nöqtəsi oldu. 2009-2013 illər dövründə rəhbərlik beynəlxalq standartlara cavab verən yerli şirkət qurmaq istəyirdi. İnamla, addım-addım 3-4 ilə yaxın bu tapşırığın üzərində çalışan komandanın üzvlərindəm biri idim. Çox fərqli Liderlik nünunəsi gördüm. Rəhbərlərimdən və proqressiv liderlərin təcrübə və dürüst yanaşmasından faydalandım. Daha sonra isə “Paşa Bankda” çalışmağa başladım. Bütün bu dövrlərdə intuisiyama güvənib risk almışam. Məncə inanmaq çox vacibdir. Yeni strateji dövrə keçid edəndə rəhbərlik risklərin idarə edilməsi üzrə çalışmağımı məsləhət bildi. Əvvəlcə bir qədər çəkindim. Çünki hər şeyi yenidən başlayırdıq. Mən və komandamdan asılı olmayan məqamlar da var hansıki, hədəfə təsir edir və edəcək. Bu riskləri də idarə etməklə nəhayət bu iddialı tapşırığın icrasını öz üzərimizə götürməyə qərar verdik. Bu gün əminliklə deyə bilərəm ki, növbəti uğurlu və iddialı qərarı vermişəm və bu xüsusi hissdir, transformasiyadır.

Nəyəsə gücüm çatmayanda açıq şəkildə bunu etiraf edirəm. Bu zaman fikirləşirəm ki, mən qarşımdakına ədalətli davrandım... 

- Qarşınızda hansı hədəfləriniz var?

- Qarşıma qoyduğum hədəflərin böyük hissəsi cari fəaliyyətimizlə əlaqədardır. Əsasən qısa və orta müddətli hədəflərim var. Hazırda çox iddialı bir layihəyə başlamışıq. İstər idarə heyəti üzvü, istər baş risk inzibatçısı kimi əsas hədəfim bu transformasiyanı minimum risklə başa çatdırmaqdır. İndi daxili modellər hazırlayır və kreditlərə yanaşma, kredit risklərinin qiymətləndirilməsi, qeyri-maliyyə risklərinin qiymətləndirilməsi, risk infrastrukturunun yaradılması üzrə çalışırıq. Qeyd edim ki, risklərin idarə olunmasına bu qədər investisiya yatıran ilk bank məhz “PAŞA bankdır”.  Bu investisiyanın faydasını biz bir neçə il sonra görəcəyik. Məhz bu amil prosesə bir qədər həyəcan qatır. Risklərin idarə edilməsi blokunda 55-60 mütəxəsis çalışır və sıralarımız böyüyür. Biz tələbləri çox yüksəyə qaldırmışıq. Bu çox qeyri-adi təcrübədir. Ona görə də çox həyəcanlıyam və nəticələri səbirsizliklə gözləyirəm. Komandamız güclənir. Biz daha da genişlənmək, qərarvermə mexanizmlərinin arxa ofisini avtomatlaşdırmaq niyyətindəyik. Uzunmüddətli hədəf isə peşəkar sahədə baş verən Global dəyişiklikləri lokallaşdırmaq və onlara inteqrasiya müddətini qısaltmaq üzrə tədbirlərə hazır olmaqdır. Ümid edirəm gənc ve peşəkar komandam vasitəsi ilə buna nail olacayıq.

- Təcrübəli rəhbər olaraq əməkdaşlarınızda hansı peşəkar və şəxsi keyfiyyətləri daha yüksək qiymətləndirirsiniz?

- Məsuliyyət götürmək, dürüst olmaq və vicdanı hiss etmək mənim üçün çox vacib keyfiyyətdir. Mənə görə bu 3 keyfiyyət bir peşəkarda tələb olunan əsas göstəricilərdəndir. Məhşurlardan 1-i bunu belə anladır: “Özünlə tək olduqda necə davranırsansa”... Daha sonra isə texniki biliklər və təcrübə gəlir. Hətta ən güclü peşəkarda bu qeyd etdiklərim yoxdursa, onun ümumi işə faydası yoxdur. İstənilən peşəkar öz sahəsində olan yaraları sağaltmağı bacarmalı və bu məsuliyyəti öz üzərində hiss etməlidir. Önəmli olan keyfiyyətlərdən ən əsası dürüstlükdür. Hansı vəziyyət və şəraitdən asılı olmayaraq insan həmişə dürüst olmalıdır. “PAŞA Bankın” dəyərləri arasında dürüstlük qabaqcıl rol oynayır. İnsan öz səhvini dürüstcə boynuna almalı, problemi dürüst şəkildə aradan qaldırmalı və dürüstcə qiymətləndirməlidir.

- Ənənəvi sualımız, hər zaman riayət etdiyiniz və həyat devizinizə çevirdiyiniz qızıl qaydalarınız varmı?

- Rəhbər olaraq qaydalarım bir qədər fərqli ola bilər. qızıl qaydaları işdən asılı olmayaraq şəxsin özü təyin edir. ən əvvəl “insanlığa və istedada hörmət və qəbul etmək” gəlir və bunu hər an davranışında nümayiş edəcəksən; kimliyindən və mənsubiyyətindən aslı olmayaraq. Düşünürəm ki, peşəkar həyatda da bu keçərlidir. Qısa müddətdə olmasa da, uzun müddətdə bunun faydasını görürsən. Gündəlik işə gəldikdə isə həmişə əlimdə olan məlumat, fakt və biliklər əsasında ədalətli olmağa çalışıram. Qərarlarımda şəffaflığı əsas tuturam. Bu mənim qızıl qaydamdır. Qərar verərkən digərlərinə olan təsirinə görə məsuliyyət daşıdığıma inanıram. Ədalətli olmaq çox çətin olsa da mümkündür. Nəyəsə gücüm çatmayanda açıq şəkildə bunu etiraf edirəm. Bu zaman fikirləşirəm ki, mən qarşımdakına ədalətli davrandım və düzünü dedim. Bu insanın özünə də daxili rahatlıq verir. Xülasə: Qorxmamaq, hörmət göstərmək, ədalətli və dürüst şəkildə davranmaq lazımdır. Bundan öncə uğurdan danışdıq bu söylədiklərim olmadan uğur çox müvəqqəti və qısa müddətli olar, dəyər yaratmaz.

- İş, həyat balasınızı necə qoruyursunuz?

- Əslində belə bir balansım yoxdur. Əgər iki uşağınız varsa və biri “karyera” digəri “şəxsi həyat”ınızdırsa siz hansına daha çox vaxt sərf edərsiniz? Mən məsələyə bu aspektdən yanaşıram.  Övladım olandan sonra bunu daha yaxşı başa düşməyə başladım. Həyatın mərhələlərindən asılı olaraq balans zaman-zaman dəyişə bilir. Bu hər kəsdə eyni olmaya bilər. Amma sən özünü həmin anda harada daha çox lazımlı hiss edirsənsə, orada da olmalısan. Çünki iki övlad arasında fərq qoymaq çox çətindir. Amma bunların hər ikisinə eyni zamanda eyni miqdarda vaxt ayırmaq mümkün deyil.

- Hazırda bank və maliyyə sahəsində ilk addımlarını atan gənc mütəxəssislərə hansı tövsiyələriniz var?

- Tövsiyəm odur ki, gənclər yeniliklərdən xəbərdar və dəyişməyə açıq olsunlar, daim öyrənməyə çalışsınlar. İşdən qorxmamaq lazımdır. Bəzi gənclər hər şeyə qısa müddətli yanaşır. Bəziləri inamsızdır, bəziləri isə əziyyət çəkmək istəmir. Bu onların inkişafına mane olan əsas əngəllərdir. İnsan hər şeyə cəhd etməlidir. Bankın və ya təşkilatın fərqli-fərqli sahələrində özlərini sınamalarını məsləhət görərdim. Əlbəttdə bəzi sahələr ixtisaslaşma tələb edir, lakin iqdisadiyyata və real sektora yaxşı idarəçilər lazımdır, bunun üçün isə çox tərəfli təcrübə, xüsusilə karyeranın ilkin mərhələlərində, lazımdır. Bu gələcəkdə daha düzgün seçim etməyə kömək edir. Lakin, təcrübə və idarəçilik təcrübəsi 1 faktı aşkar göstərir və bunu hamı xüsusilə gənclər anlamalı və qəbul etməlidir: ən böyük uğurlar ən yüksək süqut riski və ya uduzmaq riski olan tapşırıqlar üzərindəndir. Bu isə cəsarət, özünə inam, səhvlərini qəbul edib onlardan dərs götürmə bacarığı tələb edir. Uğur cəsarətli olanları sevir. 

- Maraqlıdır, peşəkar maliyyəçi xanım  uşaq vaxtlarında kim olmaq istəyib?

- Hələ uşaq vaxtlarından çoxlu sənədlərlə işləməyi sevirdim. Hətta bu səhnələri öz təsəvvürümdə də canlandırırdım ki, hansısa sənədə qol çəkirəm. Amma uzun müddət həkim olmaq istəmişəm. Nevrologiya mənim ən sevdiyim sahə idi. Amma bir gün qərar verdim ki, sosial bir sahədə işləmək istəyirəm. O dövrdə ölkədə iqtisadi vəziyyət heç də yaxşı deyildi. Qaçqın və məcburi köçkünlərimiz daha çox idi. Mən onlara necə yardım edə biləcəyim haqqında fikirləşirdim. Həmin vaxt dərk etdim ki, ölkədə iqtisadi qanunların təməli düzgün qoyulmalıdır. Beləcə araşdırmalara başladım və bütün yollar məni iqtisadiyyata apardı. 

- Necə düşünürsünüz, bank və maliyyə sahəsinin inkişafı üçün hansı tədbirlər həyata keçirilməlidir?

- İstərdim ki, bu sahə qismən yox, tamamilə beynəlxalq standartlar əsasında fəaliyyət göstərsin. Bunun üçün bizim kifayət qədər potensialımız və resurslarımız var. məncə biz bunun üçün tələsməliyik. Bank rəhbərləri bundan çəkinməməlidir. Beynəlxalq trendlər bazardakı bəzi banklarda tərtib olunur. Bu çox yaxşı haldır. Amma rəqabət güclənməlidir. Bu özlüyündə müştərilərin bank sisteminə olan yanaşmasını da dəyişəcək ki, bu özü də inkişafa gətirib çıxaracaq. Həmçinin banklar işlədiyi müştəri seqmentinin maarifləndirmədə maraqlı olmalıdır.

- Sonda "Women Bankers Club"-a nə arzulayardınız?

- Ümid edirəm ki, bu klub tarixdə işgüzar xanımları ruhlandırmaq istiqamətində öz yerini tutacaq. Klubunuza uzun ömür arzulayıram.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256